Muxtar respublikada yüksək istehlak xüsusiyyətlərinə malik meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır, məhsuldar meyvə sortlarının bərpası ilə əlaqədar aqrotexniki tədbirlər görülür. Yaranmış ənənəyə uyğun olaraq keçirilən iməciliklər zamanı da yeni meyvə bağları salınır, relyefə və iqlim şəraitinə uyğun meyvə ağacları və sortları yetişdirilir.
Noyabrın 23-də muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıq zolaqlarında və meyvə bağlarında çalışmış, yeni tinglər əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında keçirilən iməcilikdə iştirak etmiş, yeni meyvə bağı salmışlar.
Yeni salınan meyvə bağının sahəsi 3 hektardır. Ərazi əvvəlcədən texnikanın köməkliyi ilə hamarlanmış, ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik iştirakçıları ərazidə 2 mindən artıq müxtəlif meyvə tingləri əkərək suvarmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti