Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat vermişdir. Bildirilmişdir ki, bina əsaslı şəkildə yenidən qurulmuş, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Binadakı iş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulmuş və lazımi texniki vasitələrlə təmin edilmişdir. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunmuşdur.
Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilmişdir.
Dövlətimizin başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olmuşdur. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilmişdir.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul etmişdir.
AzərTAc