Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının yeni inzibati binası istifadəyə verilmişdir
Xalq-lider birliyinin təzahürü olaraq yaradılan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvədir. Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan partiya bu gün öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə söykənir. Bunun nəticəsidir ki, ötən müddətdə Yeni Azərbaycan Partiyası böyük yol keçmiş, ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilmişdir. Partiyanın yubiley tədbirləri ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da geniş qeyd edilir.
Noyabrın 21-də – Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü partiyanın Şahbuz Rayon Təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi ilə qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada iş otaqları, 50 yerlik iclas zalı, kitabxana və arxiv vardır. İş otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.
Kitabxanada ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinə və Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoluna həsr olunmuş kitablar, elmi ədəbiyyatlar, eləcə də gündəlik mətbuat yerləşdirilmişdir.
Binada fərdi qazanxana yaradılmış, istilik sistemləri çəkilmişdir. Həmçinin həyətdə geniş abadlıq işləri aparılmış, işıqlandırma sistemi qurulmuş, yaşıllaşdırma tədbirləri görülmüşdür.
Binaya baxışdan sonra iclas zalında Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir” fikrini xatırladaraq demişdir: “Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə AXC-Müsavat cütlüyünün hakimiyyəti Azərbaycanın müstəqilliyini təhlükə altında qoymuş, baş verən siyasi proseslər qarşıdurmaya və vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Ümummilli liderimiz Heydər Əliyev belə bir dövrdə Naxçıvan Parlamentinə və Azərbaycan Parlamentinə üzv, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməklə yenidən aktiv siyasi fəaliyyətə başlamışdır. Ulu öndərin rəhbərliyi ilə muxtar respublikada sabitlik və inkişaf təmin edilmiş, torpaqlar düşmən təcavüzündən qorunmuşdur. Ümummilli liderin ölkədə baş verən siyasi prosesləri düzgün qiymətləndirməsi, eləcə də dövlətçiliyin qorunması istiqamətində muxtar respublikada gördüyü işlər Naxçıvanı diqqət mərkəzinə çevirmişdir”.
Ali Məclisin Sədri demişdir: “Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranmışdır. 1992-ci il oktyabr ayının 16-da Azərbaycanın tanınmış 91 ziyalısı “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizi gözləyir” adlı müraciət etdi. Müraciətdə dahi şəxsiyyətdən Azərbaycanı fəlakətdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahiş olunurdu. Ulu öndər Heydər Əliyev müraciətə cavabında bildirirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Ulu öndərimizin bu cavabından sonra noyabrın 21-də Naxçıvan Dövlət Dram Teatrının binasında ölkəmizin müxtəlif bölgələrindən gələn 550-dən artıq ziyalının iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bundan sonra Yeni Azərbaycan Partiyası qısa müddətdə formalaşdı və ölkəmizin digər bölgələrində, muxtar respublikada Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının yaradılmasına başlanıldı. Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı da 1993-cü il martın 13-də ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında yaradılmışdır.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə Yeni Azərbaycan Partiyasına sabitliyin və inkişafın təminatçısı, müstəqilliyimizin qarantı olan siyasi qüvvə kimi baxılır. Çünki partiya ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış, dahi şəxsiyyətin rəhbərliyi ilə təşkilatlanma yolu keçmişdir. Müxalifət partiyası kimi fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına salan uğursuz siyasətə qarşı mübarizə aparmışdır. Ulu öndərimiz xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrilmişdir. Ötən dövrlər ərzində Yeni Azərbaycan Partiyasının sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənmişdir. Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində görülən işlər xalqımızın Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırmışdır. Belə ki, partiyanın birinci qurultayının keçirildiyi dövrə – 20 dekabr 1999-cu ilə qədər Naxçıvan Muxtar Respublikası üzrə Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 20 min 748 nəfər idisə, hazırda partiyanın muxtar respublika üzrə üzvlərinin sayı 50 min 119 nəfərdir. Üzvlərin 21 min 696-sı gənclər, 29 min 235-i isə ziyalılardır. Ümumiyyətlə, ölkəmizdə, eləcə də muxtar respublikamızda Yeni Azərbaycan Partiyası üzvlərinin əksəriyyətini gənclər və ziyalıların təşkil etməsi ümummilli liderimizin də dediyi kimi, Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası etmişdir. Bu gün bütün sahələrdə olduğu kimi, partiya işində də ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi partiyadan ümumxalq partiyasına çevrilmişdir”.
Ali Məclisin Sədri bir daha Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını, Yeni Azərbaycan Partiyasının üzvlərini və təəssübkeşlərini təbrik etmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxış edərək demişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələ təşkil edir. Bu gün partiya ümummilli liderimizin ideyalarının daşıyıcısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdəki aparıcı rolunu daha da möhkəmləndirir. Qeyd olunmuşdur ki, ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 21 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər Heydər Əliyev yoluna sarsılmaz sədaqətin göstəricisinə çevrilmişdir.
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov çıxış edərək demişdir ki, Yeni Azərbaycan Partiyası ölkə vətəndaşlarının siyasi istinad mənbəyidir. Partiyanın Şahbuz Rayon Təşkilatının sırası hər il genişlənir. 3351 üzvü olan Şahbuz Rayon Təşkilatı özündə 54 ilk partiya təşkilatını birləşdirir. Üzvlərin 1489 nəfəri gənclər, 1228 nəfəri qadınlar, 1723 nəfəri isə ziyalılardır. Yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə minnətdarlığını bildirən Rizvan Məmmədov muxtar respublikamızın inkişafı və tərəqqisi yolunda bundan sonra da səylə çalışacaqlarını qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti