Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini regionların hərtərəfli inkişafı təşkil edir. Bu mənada muxtar respublikanın ən gənc rayonu olan Kəngərli son illər sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonun sosial-iqtisadi göstəricilərinin ilbəil artması və yaşayış məntəqələrinin inkişafı kəndlərdə yeni sosial obyektlərin tikilməsi, xidmət sahələrinin yaradılması ilə də xarakterizə olunur.
Noyabrın 18-də Kəngərli rayonunun Xok kəndində avtomobil yolunun, məktəb binasının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.
Kənd yolu yenidən qurulmuşdur
Müasir yol şəbəkələrinin salınması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Ona görə də muxtar respublikada magistral yollarla bərabər, kənd yollarının inşası və yenidən qurulmasına da xüsusi diqqət yetirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, noyabrın 18-də Xok kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.
Kənd sakini Davud Abbasov yolun yenidən qurulmasının, kəndin abadlaşmasının, ümumilikdə, sakinlərin rahat yaşayışına xidmət etdiyini qeyd etmiş, yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Məlumat verilmişdir ki, ümumi uzunluğu 7,6 kilometr olan yol iki hərəkət zolağından ibarətdir. Yenidənqurma işləri zamanı yolda 80 su keçidi tikilmiş, beton kanal çəkilmiş, yola yeni asfalt örtük verilərək rənglənmişdir. Tikinti işləri zamanı yol boyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da təmir işləri görülmüşdür.
“Heydər Əliyev ili”ndə 15-ci məktəb binası Xok kəndində istifadəyə verilmişdir
Hər bir ölkədə təhsilli və intellektli gəncliyin yetişdirilməsi həm də güclü maddi-texniki bazaya malik olan məktəb binalarının istifadəyə verilməsi hesabına mümkündür. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə məktəb binalarının tikintisi diqqət mərkəzində saxlanılmış, şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə belə, yeni təhsil ocaqları yaradılmışdır. Bu gün ulu öndərin təhsil strategiyasının uğurla davam etdirilməsi muxtar respublikamızda da yeni məktəb binalarının tikintisinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.
Noyabrın 18-də Xok kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov bildirmişdir ki, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə etmiş, rayonun kəndlərində yeni sosial obyektlər tikilmiş, yaşayış məntəqələri müasir görkəm almışdır. Hazırda rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunur, şahmat məktəbi üçün yeni bina inşa edilir, içməli su və kanalizasiya xətləri çəkilir. Eyni zamanda rayonda özəl sektorun inkişafı və yeni müəssisələrin istifadəyə verilməsi əhalinin məşğulluğu sahəsindəki problemlərin aradan qaldırılmasına şərait yaratmışdır. Həyata keçirilən bu tədbirlər təhsil sisteminin də müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuşdur. Son illər rayonda 10 məktəb binası, 2 uşaq musiqi məktəbi üçün binalar tikilmişdir. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri Xok kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə təhsilə, məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Çünki hər bir ölkənin gələcəyi olan gənclərin hazırlanması məktəblərdən başlanır. Ümummilli liderimiz Heydər Əliyev bu amili yüksək qiymətləndirərək deyirdi ki: “Təhsil, məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır”.
Ali Məclisin Sədri demişdir: “Məktəb işinin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin gələcəyinə xidmət edir. Müəllimlər bilməlidirlər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Şagirdlər isə unutmamalıdırlar ki, onlar bu gələcəyin əsas təminatçısıdırlar. Ona görə də hər bir ümumtəhsil məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı ön planda olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün lazımi şərait yaradılmış, müasir məktəb binaları tikilmiş, təhsil ocaqları lazımi tədris avadanlıqları ilə təmin olunmuşdur. Xok kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurularaq kollektivin istifadəsinə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.
“Müəllim səyi və şagird çalışqanlığı hər bir məktəbin nailiyyətlərinin əsasını təşkil edir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Xok kənd tam orta məktəbində də tədris bu istiqamətdə qurulmuş, uğurlu nailiyyətlər qazanılmışdır. Ötən tədris ilində məktəbin məzunlarından 16-sı ali məktəblərə, 5-i orta ixtisas məktəbinə, 4-ü Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, 2 məzun 500-700 intervalında yüksək bal toplamışdır.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, Kəngərli rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.
Sonra Ali Məclisin Sədri məktəb binasının açılışını etmişdir.
Məlumat verilmişdir ki, məktəb binası 1080 şagird yerlikdir. Binada 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 4 kompüter, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.
Məktəbin kitabxana fonduna 10 mindən artıq dərslik və bədii ədəbiyyat verilmişdir. Qeyd olunmuşdur ki, şagirdlərin mütaliə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif səpgili materiallarla mütaliəyə marağın artırılmasında məktəb kitabxanaları əvəzsiz vasitədir. Ona görə də kitabxanada şagirdlərin bilik və bacarıqlarına uyğun tədbirlər təşkil edilməli, onların mütaliəyə marağı artırılmalıdır.
Ali Məclisin Sədri məktəbə ilk dəfə qədəm qoyan birincilərin dərs prosesi ilə maraqlanmışdır. Diqqətə çatdırılmışdır ki, 2013-2014-cü tədris ilində Xok kənd tam orta məktəbində birinci sinfə 62 şagird qəbul olunmuşdur.
Müasir informasiya texnologiyalarını tətbiq etməklə tədrisin keyfiyyətini yüksəltmək muxtar respublikada qarşıda duran əsas vəzifələr sırasındadır. Məqsəd tədris prosesini xeyli canlandırmaq, təhsilin və biliyin səviyyəsini artırmaq, dərsləri şagirdlər üçün daha maraqlı və başadüşülən etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi məktəblərin yeni kompüter dəstləri və elektron lövhələrlə təminatı vacib məsələdir. Xok kənd tam orta məktəbində də 76 kompüter quraşdırılmış, 4 elektron lövhəli sinif yaradılmışdır.
Dəqiq elmlərin tədrisi zamanı şagirdlərə biliklər nəzəri cəhətdən öyrədilməklə yanaşı, dərslərin praktik mənimsənilməsi də diqqət yetirilən amillər sırasındadır. Bu gün muxtar respublikada istifadəyə verilən məktəb binalarında müvafiq fənlər üzrə laboratoriyalar yaradılır. Xok kənd tam orta məktəbinin kimya, biologiya və fizika laboratoriyaları da lazımi avadanlıqlarla təmin edilmişdir.
İdman zalına baxış zamanı qeyd olunmuşdur ki, bədən tərbiyəsi və idman dərslərinin düzgün tədrisi şagirdlərin fiziki cəhətdən sağlam böyüməsinə imkan verir, eləcə də onların müxtəlif idman növlərinə olan maraqlarını artırır. Ona görə də məktəbdə bu fənnin tədrisinə diqqət artırılmalı, yaradılan idman infrastrukturundan lazımınca istifadə olunmalıdır.
Məktəbdə hərbi dərslərin tədrisinə xüsusi diqqət yetirilir. Hər il məktəbin məzunları Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də ali hərbi məktəblərə qəbul olunurlar. Müasir avadanlıqlarla təchiz olunmuş hərbi kabinə bundan sonra da ilkin hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.
Məktəbin pedaqoji kollektivi ilə söhbət zamanı Ali Məclisin Sədri qeyd etmişdir ki, hər bir müəllimin fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. Çünki gənc nəslin formalaşması məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Pedaqoji kollektiv çalışmalıdır ki, gələcəyimiz olan gənclər intellektli və vətənpərvər yetişsinlər. Bu vəzifələrin icrası üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılmış, müasir məktəb binası istifadəyə verilmişdir. Müəllimlər göstərilən qayğı müqabilində daha səylə çalışacaqlarına söz vermişlər.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Xok kəndinin idarəetmə qurumları yeni binada yerləşəcək
Həmin gün Xok kəndində yeni kənd mərkəzi də istifadəyə verilmişdir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Əliyev minnətdarlığını bildirərək demişdir ki, kənddə fəaliyyət göstərən dövlət qurumları bu günədək şəraiti olmayan binada yerləşirdi. Lakin bu il kənddə yeni kənd mərkəzi tikilmiş, dövlət qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlərin istifadəyə verilməsi kəndi müasirliyə qovuşdurmuşdur. İnzibati ərazi dairəsi üzrə nümayəndə demişdir ki, Xok kəndində əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kənddə 1808 baş iribuynuzlu mal-qara, 15 min başdan artıq xırdabuynuzlu heyvan saxlanılır. 7 min hektara yaxın əkinəyararlı torpağı olan Xok kəndində hazırda payızlıq taxıl əkini həyata keçirilir. Dövlət tərəfindən verilən güzəştli kreditlər, kənd təsərrüfatının inkişafı üçün yaradılan əlverişli şərait fərdi təsərrüfatların genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan kompleks tikinti-quruculuq işləri nəticəsində Xok kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirərək demişdir: “Müasir kənd bütün sosial problemləri həll olunan, abadlaşan, yeni inzibati binalar tikilən, əhalinin məşğulluğu və yaşayış şəraiti təmin olunan yaşayış məntəqələridir. Bu gün Xok kəndində məktəbin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının fəaliyyəti təmin edilmiş, kənd yolu abadlaşdırılmışdır. Mənzillərə fasiləsiz olaraq elektrik enerjisi və təbii qaz verilir, keyfiyyətli rabitə xidməti göstərilir. Kənddə əhalinin məşğulluğu da diqqət mərkəzində saxlanılır, sakinlərə güzəştli şərtlərlə kreditlər verilir. Həmçinin Xok kəndində 945 nəfər dövlət büdcəsindən müavinət, pensiya və əməkhaqqı formasında vəsait alır”.
Ali Məclisin Sədri demişdir: “Xok kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, aparılan abadlıq işləri insanların rahatlığına xidmət etməklə yanaşı, kəndin simasını da tamamilə dəyişmişdir. Qurulanlar, yaradılanlar kənddə fəaliyyət göstərən dövlət qurumlarının, eləcə də kənd əhalisinin üzərinə mühüm vəzifələr qoyur. Yerli idarəetmə qurumları və sakinlər bundan sonra da kəndin inkişafında yaxından iştirak etməli, qurulanları qorumalı, yaşıllıqların artırılmasında, fərdi təsərrüfatların genişləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.
Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi və 83 yerlik zal yerləşir.
Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Xok kəndində mühüm tədbirlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, bank xidməti təşkil olunmuşdur. Burada 820 nömrəlik elektron avtomat telefon stansiyası quraşdırılmış, mobil operatorların xidməti təmin edilmiş, fiber-optik rabitə xətti çəkilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətləri göstərməyə imkan verəcəkdir. Hazırda kənddə bu xətt üzərində 51 internet istifadəçisi vardır.
Kənd mərkəzində baytarlıq məntəqəsinin fəaliyyəti üçün də lazımi şərait yaradılmış, dərman preparatları qoyulmuşdur. Baytarlıq məntəqəsi kənddə mal-qaranın təhlükəli xəstəliklərdən qorunmasında, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktik tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının sanitar keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.
Binada kənd kitabxanasının fəaliyyəti də təmin olunmuş, kitabxana fonduna 3 minə yaxın kitab verilmişdir.
Kəndlərdə aparılan quruculuq işləri zamanı polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, polis sahə inspektorlarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır, kənd mərkəzlərində sahə məntəqələri üçün otaqlar ayrılır. Bu da polis sahə inspektorlarının yerli idarəetmə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməsini təmin edir. Yaradılan şərait Xok kəndində də əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin, eləcə də profilaktika işinin gücləndirilməsinə imkan verəcəkdir.
Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Xok kəndində xəstəxana tipli yeni həkim ambulatoriyası fəaliyyətə başlamışdır
Muxtar respublikada səhiyyə infrastrukturunun müasirləşdirilməsi əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına, insanların lazımi tibbi xidmətlərlə təmin olunmasına imkan verir.
Noyabrın 18-də Xok kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur.
Tibb bacısı Leyli Həsənova həkim ambulatoriyasında yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi salamlamış, yeni həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: “Xok kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. Kənddə 5 mindən artıq əhali yaşayır. Kəndin böyüklüyü və əhalinin çoxluğu nəzərə alınaraq burada həkim ambulatoriyası yaradılmış və müvafiq ştatlarla təmin olunmuşdur. Bu il ambulatoriya üçün yeni bina tikilmiş, lazımi tibbi avadanlıqlar verilmişdir. Yaradılan şərait və mövcud tibbi personal kənddə səhiyyə xidmətinin nümunəvi şəkildə qurulmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Səhiyyə xidməti kəndlərdən başlamalıdır. Bunun üçün, ilk növbədə, səhiyyə ocaqlarının tikilməsi və ixtisaslı kadrlarla təminat diqqət mərkəzində saxlanılmalıdır. Son illər muxtar respublikanın kəndlərində yeni tibb ocaqları tikilərək istifadəyə verilmişdir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində müvafiq ixtisasların açılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına şərait yaratmışdır. Bu gün Xok kənd həkim ambulatoriyası da həkim və orta tibb işçiləri ilə təmin olunmuşdur. Ambulatoriyanın kollektivi göstərilən qayğıdan səmərəli istifadə etməli, əhali arasında səhiyyə maarifi işini gücləndirməli, gigiyenik qaydalara əməl edilməli, insanların sağlamlığının qorunması sahəsində ardıcıl tədbirlər görülməlidir”.
Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra həkim ambulatoriyasına baxış olmuşdur.
İki mərtəbədən ibarət olan binada 11 otaq, o cümlədən stomatoloq üçün kabinə, pediatr, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları yerləşir. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyədə ambulatoriyada 11 tibb işçisi sakinlərə xidmət göstərir. Tibb işçiləri peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına, səhiyyə maarifi işinin ardıcıl olaraq həyata keçirilməsinə diqqət yetirirlər.
Həkim ambulatoriyasının həyətində də abadlıq işləri aparılmışdır.
Kənddə yeni xidmət mərkəzi istifadəyə verilmişdir
Həmin gün Xok kəndində yeni xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri xidmət mərkəzindəki mağazalara baxmış, satılan malların keyfiyyəti və göstərilən xidmətin səviyyəsi ilə maraqlanmışdır. Bildirilmişdir ki, mağazalarda yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir, istehlakçıların gündəlik tələbatı nəzərə alınır.
Xidmət mərkəzinə baxışdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq işləri Xok kəndini də əhatə etmişdir. Yeni sosial obyektlərin istifadəyə verilməsi, yaradılan şərait, suvarma və içməli su ilə təminat kəndin inkişafına, məskunlaşmanın artmasına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, muxtar respublikamızın inkişafına öz töhfələrini verməlidirlər.
Kənd ağsaqqalı Yadulla Bağırov muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq və abadlıq işlərini ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə kənd sakinləri adından minnətdarlıq etmişdir.
* * *
Muxtar respublikanın kəndlərində aparılan kompleks tikinti-quruculuq işləri ilə yanaşı, bir sıra abadlıq tədbirləri də görülür, kəndlərin rabitə, elektrik, qaz və su xətləri yenilənir. Xok kəndində də 410 metr fiber-optik, 4800 metr elektrik, 264 metr qaz və 470 metr yeni içməli su xətti çəkilmiş, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti