Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.
Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi keçirilmişdir. Türkiyə Prezidenti “Dövlət nişanı” ordenini Prezident İlham Əliyevə, Azərbaycan Prezidenti “Heydər Əliyev” ordenini Türkiyə Prezidentinə təqdim etdi.
Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Həmin gün dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.
Noyabrın 12-də Prezident İlham Əliyev və Prezident Abdullah Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşlar.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək və Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.
AzərTAc