Muxtar respublikada aparılan quruculuq işlərindən Nürgüt kəndinə də pay düşmüş, kənd məktəbi yeni bina ilə təmin olunmuşdur.
Noyabrın 12-də Nürgüt kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Nürgüt Ordubad rayonunun ucqar dağ kəndlərindəndir. Gözəl təbiətə malik olan kənddəki məktəb binası bu günün tələblərinə cavab vermirdi. Ona görə də bu il məktəbdə yenidənqurma işləri aparılmış, müasir tədris avadanlıqları quraşdırılmışdır. Məktəbdə informasiya-kommunikasiya texnologiyalarının imkanları geniş tətbiq olunmuş, kompüter sinifləri, elektron lövhəli siniflər istifadəyə verilmiş, internetə çıxış imkanı təmin olunmuşdur. Təhsil ocağında yeni laboratoriyalar yaradılmış, fənn kabinələri istifadəyə verilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Nürgüt kənd tam orta məktəbinin zəngin təhsil ənənələri vardır. Bu ənənələr bu gün də davam etdirilir. Məktəb hər il ali məktəblərə qəbulda uğurlu nəticələr göstərir. Bu da onu deməyə əsas verir ki, məktəbdə təlim-tədris prosesi günün tələbləri səviyyəsində qurulmuşdur”.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, açılışı bildirən lenti kəsmiş, Nürgüt kənd tam orta məktəbində yaradılan şərait və tədrisin keyfiyyəti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kimya-biologiya kabinəsi, hərbi kabinə, 2 elektron lövhəli sinif, kompüter otağı, müəllimlər otağı, kitabxana və açıq idman qurğuları vardır.
Məktəbin kitabxana fondunda 712 latın qrafikalı dərslik və 1352 bədii ədəbiyyat olmaqla, 2064 kitab vardır. Kitabxanada 1 ədəd kompüter də quraşdırılmışdır.
Kimya-biologiya və hərbi kabinələrdə müvafiq fənlərin tədrisi üçün lazımi şərait yaradılmış, sınaq-təcrübə cihazları qoyulmuş, məlumat stendləri asılmışdır. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, kompüter və elektron lövhəli siniflər yaradılmışdır.
Kənd əhalisinə tibb xidməti göstərən feldşer-mama məntəqəsi də məktəb binasında yerləşir. Məntəqə üçün 2 otaq ayrılmışdır.
Ali Məclisin Sədri kənd əhalisinə göstərilən tibbi xidmətlə maraqlanmış, xidmətin yüksək səviyyədə təşkili barədə tapşırıqlar vermişdir.
Nürgüt kəndində xidmət mərkəzi istifadəyə verilmişdir
Nürgüt kəndində aparılan quruculuq işləri zamanı əhalinin gündəlik məişət tələbatının ödənilməsi də diqqət mərkəzində saxlanılmış, yeni xidmət mərkəzi tikilmişdir.
Nürgüt kənd xidmət mərkəzinin açılışı olmuşdur.
Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazada muxtar respublikamızda istehsal olunan keyfiyyətli ərzaq və sənaye məhsullarının satışına daha çox üstünlük verilir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzinin yerləşdiyi binanın həyətində də abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Kənd sakinləri muxtar respublikanın ucqar yaşayış məntəqəsi olan Nürgüt kəndində həyata keçirilən kompleks quruculuq və abadlıq işlərini ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə verilən qiymətin ifadəsi kimi dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, kənddə yaradılan şərait insanların torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırmışdır. Nürgütdə bu gün hər bir kənd sakini göstərilən dövlət qayğısını öz həyatında hiss edir.
Ali Məclisin Sədri muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, sakinlərin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmişdir.
* * *
Xalqa və Vətənə sonsuz sevgi, dövlətçiliyə sədaqət davamlı inkişafı təmin edən əsas amildir. Muxtar respublikanın digər rayonları kimi, qədim tarixə və mədəniyyətə malik olan Ordubad da bu gün müasirliyin vəhdətində daha da inkişaf etmiş, tərəqqiyə qovuşmuşdur. İstər rayon mərkəzi olan Ordubad şəhəri, istərsə də zəngin təbiəti və təmiz havası ilə seçilən ucqar dağ kəndləri daha abad və yaraşıqlı bir görkəm almışdır. Ələhi, Xurs və Nürgüt kəndlərində bir gündə 8 sosial obyektin istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu, eyni zamanda dövlətçiliyimizin əsasını təşkil edən Heydər Əliyev siyasi xəttinin təntənəsidir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti