Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” prinsipinə əsaslanan təhsil islahatları Ordubad rayonunda da tədrisin məzmun və keyfiyyətinin getdikcə yüksəlməsi ilə nəticələnmişdir. Rayonun kəndlərində məktəb binalarının tikintisi, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müntəzəm olaraq davam etdirilir.
Noyabrın 12-də Xurs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Mahir Məmmədov bildirmişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Uzun illərdir ki, köhnə binada fəaliyyət göstərən məktəb bu gündən elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunmuş binada fəaliyyətini davam etdirəcəkdir. Mahir Məmmədov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərin sayını artırmaq üçün səylə çalışacaqlarını bildirmişdir.
Ali Məclisin Sədri Xurs kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Təhsil ölkənin gələcəyinə xidmət edən bir sahədir. Bu gün muxtar respublikanın ucqar kənd yaşayış məntəqəsi olan Xursda yeni məktəb binasının istifadəyə verilməsi də dövlətin təhsilə göstərdiyi qayğının nəticəsidir”.
Ali Məclisin Sədri demişdir: “Məktəblərdə gənclər təhsilli böyüdülməklə yanaşı, onların əsl vətənpərvər ruhda tərbiyə olunması da diqqət mərkəzində saxlanılmalıdır. Xurs kənd tam orta məktəbində bu işlərin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmış, məktəb binası müasir təhsilin qarşıya qoyduğu tələblər səviyyəsində qurulmuşdur. Görülən işlər müəllim və şagirdlərin hərtərəfli böyüməsinə, öz bilik və bacarıqlarını artırmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə müəllimlərə təşəkkür etmiş, layiqli vətəndaşların və intellektli gənclərin yetişdirilməsi sahəsində onlara uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, kitabxana və idman zalı vardır.
Xurs kənd tam orta məktəbində informatika dərslərinin yüksək səviyyədə tədris olunması üçün ayrıca kompüter otağı yaradılmışdır.
Məktəb kitabxanalarının yeni nəşr olunmuş ədəbiyyatlarla və dərsliklərlə təminatı istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Xurs məktəbinin kitabxanasına da 881 latın qrafikalı dərslik və 1352 bədii ədəbiyyat olmaqla, 2233 kitab verilmişdir.
Hərbi kabinədə yaradılan şərait şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi dərslərin yüksək səviyyədə tədris edilməsinə şərait yaradacaqdır.
Son illər dünya tədris sistemində geniş tətbiq olunan elektron lövhələrdən muxtar respublikamızdakı məktəblərdə də quraşdırılır. Artıq muxtar respublikamızda şəhər və kənd məktəbləri də daxil olmaqla, 500-dən artıq elektron lövhə quraşdırılmışdır. Xurs kənd tam orta məktəbində də elektron lövhəli siniflər yaradılmışdır.
İdman zalında bədən tərbiyəsi dərsinin yüksək səviyyədə tədris olunması üçün hər cür şərait vardır. Həyətdə açıq idman qurğuları qoyulmuşdur.
Ali Məclisin Sədri müəllimlərlə səmimi söhbət zamanı təhsilin inkişafı istiqamətində ölkəmizdə uğurlu islahatların həyata keçirildiyini qeyd etmiş, Xurs kənd tam orta məktəbinin müəllim və şagirdlərinin istifadəsinə verilən müasir binanın və yaradılan yüksək tədris şəraitinin bu sahəyə göstərilən dövlət qayğısının davamı olduğunu bildirmişdir. Müəllimlər yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.
Məktəbdə fərdi qazanxana yaradılmış, müasir istilik sistemi quraşdırılmış, binanın həyətində abadlıq işləri aparılmışdır.
Yeni kənd mərkəzi idarəetməni xeyli yaxşılaşdıracaqdır
Xurs kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur.
Noyabrın 12-də kənd mərkəzinin açılışı olmuşdur.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibov çıxış edərək demişdir ki, istifadəyə verilən kənd mərkəzində idarəetmə strukturları və xidmət təşkilatlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Kənddə istifadəyə verilən müasir sosial obyektlər, yaradılan yüksək iş şəraiti muxtar respublikanın inkişaf göstəricisidir. Göstərilən bu cür yüksək dövlət qayğısı kənd sakinlərinə böyük sevinc bəxş etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xurs kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi və kəndin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir. Kənd yaşayış məntəqələrində əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.
“Bu gün ölkəmizdə sabitlik və sürətli sosial-iqtisadi inkişaf vardır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, yaradılmış şərait insanların yaşayış səviyyəsinin yaxşılaşmasına və kəndlərin müasir görkəm almasına səbəb olmuşdur. Xurs kəndində aparılan kompleks quruculuq işləri müstəqil Azərbaycan dövlətinin inkişaf göstəricisidir. Bütün bunlar həm də iqtisadi inkişafın və mövcud sabitliyin bəhrəsidir.
Ali Məclisin Sədri demişdir: “12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günüdür. Konstitusiya hər bir ölkənin əsas dövlətçilik atributlarından biridir. Əsas Qanunumuzda göstərildiyi kimi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları təmin olunmuşdur”.
Ali Məclisin Sədri Konstitusiya Günü və yeni obyektlərin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi 3 mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində kitabxana, polis sahə məntəqəsi, rabitə evi və feldşer-mama məntəqəsi yerləşir.
Yeni tikilən kənd mərkəzlərində kitabxanalar üçün nümunəvi şəraitin yaradılması, ilk növbədə, sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə hesablanmışdır. Mərkəzdə yerləşən kitabxanaya 1028 ədədi latın, 2494 ədədi isə kiril əlifbası ilə çap olunmuş 3522 kitab verilmişdir.
Polis sahə məntəqəsi üçün ayrılan iş otağında nümunəvi xidmət şəraiti yaradılmışdır. Binada baytarların fəaliyyəti üçün də lazımi şərait vardır. Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuş, baytarlıq xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Kənd mərkəzində yerləşən rabitə evi Xurs və Nürgüt kəndlərinə xidmət göstərir. Burada quraşdırılan elektron ATS 160 nömrəlikdir. Rabitə evində yerləşən poçt bölməsində məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək, kənd əhalisinə bank xidməti göstəriləcəkdir.
Feldşer-mama məntəqəsi kənddə səhiyyə xidmətinin təşkilinə imkan verəcəkdir. Məntəqə lazımi dərman vasitələri, soyuducu, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunmuşdur.
Binanın ikinci və üçüncü mərtəbələrində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, iclas zalı istifadəyə verilmişdir.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Xurs kənd xidmət mərkəzində lazımi şərait yaradılıb
Xurs kəndində də yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Xidmət mərkəzində ərzaq malları mağazası, ət satışı yeri, qadın gözəllik salonu və bərbərxana istifadəyə verilmişdir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Kənd ağsaqqalları muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd etmiş, kənd yaşayış məntəqələrində əhalinin rahatlığı üçün yaradılan bu cür şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Xidmət mərkəzinin binasında fərdi qızdırıcı quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gül kolları və ağaclar əkilmişdir.
* * *
Xurs kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə bərabər, abadlıq işləri də aparılmış, 230 metr fiber-optik, 1100 metr elektrik xətti, 210 metr qaz və 470 metr su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti