05 Yanvar 2025, Bazar

Ələhi, Xurs və Nürgüt kəndləri abad yaşayış məntəqələrinin sırasına qoşulmuşdur

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində inkişaf və tərəqqi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.
Ulu öndərin siyasi xəttinin uğurlu icrası muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eləcə də Azərbaycanın incisi olan Ordubad rayonunun inkişafına səbəb olmuşdur. Son illər rayonda yeni infra­struktur layihələri yerinə yetirilmiş, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Ordubad şəhərində və kəndlərdə müasir inzibati binaların və sosial obyektlərin tikilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.
Noyabrın 12-də Ordubad rayonunun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ələhidə yeni məktəb binası istifadəyə verilmişdir

Noyabrın 12-də Ordubad rayonunun Ələhi kənd ümumi orta məktəbinin yeni binasının açılışı münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Məktəbin direktoru Rəhman Məmişov çıxış edərək bildirmişdir ki, Ələhi kənd məktəbinin yeni binasının istifadəyə verilməsi kəndin tarixində mühüm hadisədir. Məktəbdə müasir informasiya-kommunikasiya texnologiyalarının və yeni tədris avadanlıqlarının quraşdırılması təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan şəraitin müqabilində məktəbin pedaqoji kollektivi yüksək intellektual səviyyəyə malik, vətənpərvər gənclər yetişdirmək yolunda öz səy və bacarığını əsirgəməyəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ələhi kəndində aparılan quruculuq işlərinə görə sakinləri təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Hər birimizə təhsil, bilik verən, yüksək intellektual səviyyəyə çatdıran məktəblərdir” fikrini xatırladaraq demişdir: “Bu gün ölkəmizdə məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Şəhər və rayon mərkəzlərində, ucqar dağ kəndlərində yeni məktəb binaları tikilir, tədrisin səviyyəsi yüksəldilir. Bu gün dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, çətin dağlıq ərazidə yerləşən Ələhi kəndində müasir məktəb binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu eyni zamanda ölkəmizdə insan amilinə verilən qiymətin bariz nümunəsidir”.
Ali Məclisin Sədri demişdir: “Təhsil sahəsində həyata keçirilən tədbirlər, ümumilikdə, ölkəmizdə gənc nəslin hərtərəfli yetişməsinə hesablanmışdır. Bu gün Ələhi kənd məktəbində təhsil alan hər bir gənc gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərəcəkdir. Ona görə də gənclərin təhsilinə xüsusi diqqət yetirilməli, onlar bilikli, intellektli, müasir informasiya texnologiyalarından istifadə etməyi bacaran, vətənpərvər şəxsiyyət kimi formalaşdırılmalıdırlar. Məktəb binasında yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Belə ki, təhsil ocağında müasir tədris avadanlıqlarının qurulması, kitabxananın yaradılması şagirdlərin dərsləri daha yaxşı mənimsəməsinə şərait yaradacaqdır. Pedaqoji kollektiv də öz üzərində daim işləməli, bilik və bacarığını artırmalıdır”.
Ali Məclisin Sədri məktəbin istifadəyə verilməsi münasibətilə bir daha kollektivi təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb 88 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet yerləşir.
Məktəbin kitabxana fondunda 1878 kitab vardır. Kompüter otağında quraşdırılmış və internetə qoşulmuş kompüterlər şagirdlərin informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmələrinə imkan verəcəkdir.
Muxtar respublikamızda şagirdlərin biliklərə daha dərindən yiyələnmələri, dərslərin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılır, təhsil müəssisələri yeni tədris vasitələri – elektron lövhələrlə təmin olunur. Yeni istifadəyə verilən Ələhi kənd məktəbində də 2 elektron lövhəli sinif yaradılmışdır. Məktəbin kimya-biologiya kabinəsində quraşdırılan əyani tədris vasitələri isə bu fənlərin tədrisini xeyli yaxşılaşdıracaqdır.
Məktəb binasında yeni idman zalı da yaradılmış, həyətdə açıq idman qurğuları qoyulmuşdur.
Müəllimlərlə səmimi söhbət zamanı qeyd olunmuşdur ki, şagirdlərdə elmə olan marağın düzgün istiqamətləndirilməsi üçün pedaqoji kollektiv səylə çalışmalı, yaradılan şəraitdən səmərəli istifadə olunmalı, hər bir gənc təhsilli, vətənpərvər ruhda böyüdülməlidir. Müəllimlər hər cür şəraitə malik olan məktəbdə işləməyi üzərlərinə düşən böyük məsuliyyət kimi dəyərləndirmiş, intellektli və vətənpərvər gənclər yetişdirmək üçün səylə çalışacaqlarına söz vermişlər.
Məktəbin həyətində də geniş abadlıq işləri aparılmışdır.

Ələhi kəndində yeni kənd mərkəzi tikilmişdir

Noyabrın 12-də Ələhi kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Ələhi kənd mərkəzinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün Ələhi kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi insanların rahatlığının təmin olunmasına, məskunlaşmanın artmasına, sakinlərin problemlərinin vaxtlı-vaxtında həll edilməsinə imkan verəcəkdir. Son illər kəndin inkişafına hərtərəfli qayğı göstərilmiş, mənzillər tamamilə qazlaşdırılmış, elektrik enerjisinin verilişi təmin olunmuş, kənd yolu abadlaşdırılmış, əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Kənd mərkəzində feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi və idarəetmə qurumları üçün lazımi iş şəraiti yaradılmışdır. İstifadəyə verilən xidmət mərkəzi sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyəcəkdir. Bütün bunlar dövlətimizin kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur. Məqsəd ucqar dağ kəndlərində məskunlaşmanı təmin etmək, fərdi təsərrüfatları genişləndirmək, insanların rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Dövlət qurumları və müvafiq icra strukturları kənd yaşayış məntəqələrində səhiyyə, rabitə və təhsil sahəsində işlərin günün tələbləri səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Bu gün Ələhi kəndində görülən işlər bu ucqar dağ kəndi ilə şəhər arasındakı fərqin azalmasına səbəb olmuşdur. Ona görə də sakinlər tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşması istiqamətində bundan sonra da çalışmalıdır”.
Ali Məclisin Sədri Ələhi kəndinin inkişafına bundan sonra da qayğı göstəriləcəyini bildirmiş, sakinlərə uzun ömür və cansağlığı arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. Bildirilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 52 yerlik iclas zalı vardır.
Rabitə evində 160 nömrəlik yeni ATS quraşdırılmış, kənddə bütün evlər telefonlaşdırılmışdır. Burada poçt bölməsinin fəaliyyəti də təmin olunmuşdur.
Polis sahə məntəqəsi Ələhi, Xurs və Nürgüt kəndlərini əhatə edir. Binada məntəqə üçün ayrıca iş otağı ayrılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, sahə müvəkkilləri mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparmalı, hüquq və vəzifələrin izahı istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər.
Kənd kitabxanasının fondunda 3191 kitab vardır. Kitabxananın fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Ələhi və Bist kəndlərinə xidmət göstərən baytarlıq məntəqəsi dərman preparatları ilə təmin olunmuşdur.
Feldşer-mama məntəqəsi kənd mərkəzinin birinci mərtəbəsində yerləşir. Məntəqə üçün 4 otaq ayrılmış, peyvənd və ilkin tibbi yardım çantaları qoyulmuşdur.
Binanın həyətində də abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Ələhi kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Həmin gün Ələhi kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.
Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri, o cümlədən Ordubad rayonu bu gün inkişafın yeni mərhələsini yaşayır. Rayonun ucqar dağ kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, əhalinin məşğulluğunun təmin olunması, rifahının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.
Sakinlər qurulanların, yaradılanların hər bir Ələhi kənd sakini tərəfindən rəğbətlə qarşılandığını bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

*     *     *

Bu il Ələhi kəndində bir sıra abadlıq işləri də aparılmış, 200 metr fiber-optik, 150 metr yeraltı, 200 metr uzunluğunda isə yerüstü kabel çəkilmiş, 1260 metr elektrik xətti yenilənmiş, yeni tikililərə 235 metr uzunluğunda qaz xətti çəkilmiş, kəndin içməli və suvarma su təminatı yaxşılaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR