05 Yanvar 2025, Bazar

Culfa rayonunun Teyvaz kəndində kompleks quruculuq işləri aparılmışdır

Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, şəhər və kəndlərin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi bir məqsədə – əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Kəndlərdə müasir infra­strukturun yaradılması – yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyalarının tikilməsi, abad yolların salınması isə yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Bu inkişaf və tərəqqi Culfa rayonunun kəndlərini də əhatə etmişdir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur

Təhsilin inkişafı dövlətin və xalqın etibarlı gələcəyinin təminatıdır. Müasir tədris infra­strukturu isə bu inkişafı şərtləndirən amildir. Bu mənada muxtar respublikamızda məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Əsgər Abbasov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil sahəsində aparılan quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün rayonun ucqar dağ kəndi olan Teyvazda yeni məktəb binası istifadəyə verilir. Məktəb binasında yaradılan şərait kollektivi daha yaxşı işləməyə ruhlandırır, təhsilin keyfiyyətini yüksəltməyə, qarşıya qoyulan vəzifələrin daha məsuliyyətli yerinə yetirilməsinə sövq edir. Əsgər Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin Sədri Teyvaz kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı göstərilir. Çünki təhsil hər bir dövlətin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”.
Ali Məclisin Sədri demişdir: “Bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq kifayətdir. Bu gün Azərbaycanda gənc­lərə göstərilən qayğı, yaradılan şərait ölkəmizin gələcəyinə xidmət edir. İntellektli, savadlı və vətənpərvər gənclik isə məktəblərdə hazırlanır. Məktəblər təkcə təhsil verən müəssisələr deyil. Onlar həm də ölkənin gələcəyinə xidmət edən bir sahədir. Ona görə də məktəblərdə yaxşı təhsil verməklə yanaşı, şagirdlərin əsl vətəndaş kimi formalaşdırılması da diqqət mərkəzində saxlanılmalıdır. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin yaxşı təhsil almasına, eləcə də onların vətənpərvər və milli ruhda böyüməsinə çalışmalıdırlar”.
“Təhsil vacib sahədir. Hər bir insanın həyatında təhsilin mühüm yeri vardır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, təhsilli vətəndaşlar hazırlamaq, ilk növbədə, ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələrdir. Çünki elmin və biliyin inkişafı orta təhsildən başlayır. Bu gün muxtar respublikamızın təhsil sistemi müasir tədris metodları nəzərə alınmaqla inkişaf etdirilir. Teyvaz kəndi muxtar respublikanın ucqar dağ kəndlərindəndir. Lakin burada yaradılan tədris şəraiti şəhər və rayon mərkəzlərindən fərqlənmir. Məktəb binasında lazımi avadanlıqlar quraşdırılmış, internetə qoşulmuş kompüterlər, kitabxana, elektron lövhəli siniflər müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Bu da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri demişdir: “Teyvaz kənd tam orta məktəbi uğurlu təhsil ənənələrinə malikdir. Ötən tədris ilində də məktəbin məzunları ali məktəbə, Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas məktəbinə qəbul olunmuşdur. Bu da təhsil ocağında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsidir. Kollektiv məktəbin nailiyyətlərini bundan sonra daha da artırmalı, vətənpərvər, intellektli və savadlı gənclərin yetişdirilməsi istiqamətində səylə çalışmalıdır”.
Ali Məclisin Sədri kollektivə bu vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.
Məktəbin kitabxana fondunda 3800-ə yaxın kitab vardır. Baxış zamanı bildirilmişdir ki, şagirdlərin dünyagörüşünün və intellektual səviyyəsinin inkişafında məktəb kitabxanalarının mühüm rolu vardır. Muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi sahəsində ardıcıl işlər görülür, tədris prosesində bədii və elmi ədəbiyyatlardan geniş istifadə olunur. Ona görə də kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək vərdişlərinin formalaşmasında yaxından iştirak etməlidirlər.
Məktəbin kompüter otağında 8 kompüter dəsti quraşdırılmışdır. Elektron lövhəli siniflərdə yaradılan şərait də şagirdlərin müasir biliklərə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. Baxış zamanı elektron lövhələr vasitəsilə praktik olaraq müxtəlif fənlərə aid dərslər nümayiş etdirilmişdir.
Ümumtəhsil məktəblərində ilkin hərbi hazır­lıq fənninin tədrisi şagirdlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, bir vətəndaş kimi Vətənin müdafiəsinə hazır­lanmasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu fənn vasitəsilə şagirdlərə hərb tariximiz haqqında ətraflı məlumat verilir, taktiki, sıra və atəş hazırlığı, eləcə də hərbi topoqrafiya üzrə bilik, bacarıq və vərdişlər öyrədilir. Hərbi kabinədə yaradılan şərait də Teyvaz kənd tam orta məktəbində ilkin hərbi hazırlıq fənninin günün tələbləri səviyyəsində tədrisinə imkan verəcəkdir.
Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında quraşdırılan müasir avadanlıqlar bu fənlər üzrə biliklərin nəzəri və praktik mənimsənilməsinə şərait yaradacaqdır.
Təhsil müəssisəsində bədən tərbiyəsi və idman fənninin tədrisi üçün lazımi maddi-texniki baza yaradılmış, idman zalı istifadəyə verilmişdir. Bildirilmişdir ki, məktəbdə şagirdlərin müxtəlif idman növlərinə olan maraqları nəzərə alınır, onlarda idmanla məşğulolma vərdişləri formalaşdırılır. Ali Məclisin Sədri bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsinin diqqət mərkəzində saxlanılmasını tapşırmışdır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri məktəb binasının tikintisinin Teyvaz kəndinin həyatında mühüm hadisə olduğunu bildirmiş, yaradılan şəraitdən səmərəli istifadə olunmasının, intellektli və vətənpərvər gənclərin yetişdirilməsinin əhəmiyyətini qeyd etmişdir. Müəllimlər göstərilən qayğıya yüksək təhsil uğurları ilə cavab verəcəklərini bildirmişlər.
Məktəbin həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, açıq idman qurğuları quraşdırılmışdır.

Teyvazda yeni kənd mərkəzi tikilmişdir

Oktyabrın 31-də Teyvaz Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Taleh Cəfərov çıxış edərək demişdir ki, Teyvaz kəndi muxtar respublikanın müasirləşən, abadlaşan kəndləri sırasına daxil olmuşdur. Göstərilən qayğı kənd sakinlərinin məşğulluğunun təmin olunmasına, onların rifah halının yüksəldilməsinə və fərdi təsərrüfatların genişləndirilməsinə səbəb olmuşdur. Bu gün Teyvaz kəndində heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Bununla yanaşı, torpaq sahələri əkilir, yeni meyvə bağları salınır. Taleh Cəfərov yaradılan şəraitdən bəhrələnərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.
Ali Məclisin Sədri Teyvaz kəndində yeni sosial obyektlərin istifadəyə verilməsini, abadlıq, quruculuq işlərinin aparılmasını kəndin gələcək inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Hər bir kənd yaşayış məntəqəsində yolun abadlaşdırılması, idarəetmə strukturlarının və xidmət təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılması, insanların problemlərinin həlli həmin kəndin gələcək inkişafına hesablanmış tədbirlərdir. Teyvaz kəndində də bu işlər uğurla yerinə yetirilmiş, kənd müasir görkəm almışdır. Vaxtilə kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, idarəetmə strukturlarının fəaliyyəti təmin edilmişdir. Kənd tamamilə qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuş, mənzillərə içməli su xətləri çəkilmişdir. Bu gün isə yeni məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Eyni zamanda kəndə fiber-optik kabel çəkilmiş, rabitə xidmətinin səviyyəsi xeyli yüksəldilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, İP tele­viziya, genişzolaqlı internet və digər elektron xidmətləri göstərməyə imkan verəcəkdir”.
“Muxtar respublikanın kəndlərində əhalinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Teyvaz kəndinin sakinlərinə dövlətimiz tərəfindən güzəştli şərtlərlə kreditlər verilir, əkinçiliyin, maldarlığın və arıçılığın inkişafı üçün lazımi şərait yaradılır. Bu gün kənd əhalisinin 96 nəfəri dövlət büdcəsindən pensiya, təqaüd və müavinət formasında vəsait alır. Bütün bunlar insanların daha sıx məskunlaşmasına, onların yüksək həyat standartları səviyyəsində yaşamasına xidmət edir.
Ali Məclisin Sədri demişdir: “Hər bir kəndin inkişafı, ümumilikdə, dövlətin inkişafı deməkdir. Bu gün Teyvaz kəndində qurulanlar, yaradılanlar bir kəndin timsalında ölkəmizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdir. Ona görə də sakinlər yaradılan şərait və göstərilən dövlət qayğısı müqabilində daha səylə çalışmalı, fərdi təsərrüfatlarını genişləndirməli, muxtar respublika iqtisadiyyatının inkişafına və ərzaq təminatına öz töhfələrini verməlidirlər”.
Ali Məclisin Sədri yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə bir daha sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, binada rabitə evi, Teyvaz və Milax kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və mədəniyyət evi yerləşir. Kənd kitabxanasında 8700-dən çox kitab vardır. Onlardan 955 ədədi latın əlifbası ilə çap olunmuşdur.
Baytarlıq məntəqəsində dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuş, baytarlara nümunəvi iş şəraiti yaradılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, Teyvaz kəndində əhalinin əsas məşğuliyyət sahəsinin heyvandarlıq və arıçılıq olması baytarlıq xidmətinin nümunəvi təşkilini zəruri edir. Dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılması kənddə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır.
Rabitə evində 128 nömrəlik yeni ATS quraşdırılmış, poçt xidməti təşkil olunmuşdur.
Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün lazımi şərait yaradılmışdır. Kənd mərkəzinin binasında mədəniyyət evinin işçiləri üçün də otaqlar ayrılmış, 52 yerlik zal istifadəyə verilmişdir. Bu da kənddə müxtəlif tədbirlərin keçirilməsinə imkan verəcəkdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Teyvaz kəndində tibbi xidmətin səviyyəsi yüksəldilmişdir

Həmin gün Teyvaz kəndində feldşer-mama məntəqəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov feldşer-mama məntəqəsinin istifadəyə verilməsini sakinlərin sağlamlıqlarının qorunması baxımından əhəmiyyətli olduğunu bildirərək demişdir ki, tibb işçiləri insanlara yüksək xidmət göstərməli, təmizliyə, gigiyenik qaydalara ciddi diqqət yetirməlidirlər. Culfa Rayon Mərkəzi Xəstəxanası da feldşer-mama məntəqəsinin nümunəvi fəaliyyət göstərməsi üçün hərtərəfli köməklik göstərməlidir.
Tibb bacısı Çinarə Hüseynova kənd sakinlərinin sağlamlığının qorunmasına göstərilən hərtərəfli dövlət qayğısına görə səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri feldşer-mama məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Burada hər cür şərait yaradılmış, peyvəndləri saxlamaq üçün məntəqəyə soyuducu, təcili yardım və peyvənd çantaları, lazımi dərman vasitələri verilmişdir. Məntəqədə 3 tibb işçisi çalışır. Yaradılan şərait əhaliyə göstərilən ilkin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir.

Xidmət mərkəzi sakinlərin gündəlik məişət tələbatını ödəyəcək

Həmin gün Teyvaz kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Mərkəzdə ərzaq və sənaye malları mağazası, ət satışı yeri, qadın gözəllik salonu və bərbərxana yerləşir. Yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına olan tələbatın kəndin özündə ödənməsinə imkan verəcəkdir. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.
Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün ölkəmizdə sabitlik və sürətli sosial-iqtisadi inkişaf vardır. Ona görə ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti davam etdirilir. Teyvaz kəndində sakinlərin məşğulluğunun və rahat yaşayışının təmin olunması sahəsində görülən işlər də bu siyasi xəttin bəhrəsi, eləcə də Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Kənd sakinləri göstərilən dövlət qayğısından lazımınca bəhrələnməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
Muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd edən sakinlər Teyvaz kəndində əhalinin rahatlığı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu gün Teyvaz kəndi abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə qurulanlar, yaradılanlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizdə bu siyasi xəttin növbəti dəfə dəstəklənməsi isə xalqımızın xoşbəxt gələcəyindən xəbər verir.

Teyvaz kənd məscidi təmir olunmuşdur

Muxtar respublikada dini dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində bu il Teyvaz kənd məscidi əsaslı təmir olunmuşdur.
Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid binasına baxmış, burada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, binanın fasadında və interyerində təmir işləri aparılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. Məscidin həyətində də abadlıq işləri görülmüş, içməli su və qaz xətti çəkilmişdir.
Ali Məclisin Sədri dini-mənəvi dəyərlərin qorunub-yaşadılmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd etmiş, muxtar respublikamızda yeni məscid binalarının tikilərək və təmir olunaraq əhalinin istifadəsinə verilməsinin islami dəyərlərimizin yaşadılmasına xidmət etdiyini bildirmişdir.

*    *    *

Teyvaz kəndində yeni sosial obyektlərin tikilməsi ilə bərabər, kənddə abadlıq işləri də aparılmış, 220 metr uzunluğunda yeni kaptaj tikilmiş, 1300 metr uzunluğunda içməli su xətti, 750 metr elektrik xətti və 3200 metr uzunluğunda fiber-optik kabel çəkilmiş, yeni elektrik transformatoru qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR