Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul etmişdir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul etmişdir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu məmnunluqla qeyd etdi. Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulandı, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc