Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Səfir Şusuke Vatanabe Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və respublikamızdan xoş təəssüratla ayrıldığını dedi. Şusuke Vatanabe son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğuladı. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabeyə təşəkkür etdi. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşlar.
AzərTAc