Bu gün Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, quruculuq işləri geniş vüsət almışdır. Şərura da bu inkişaf və tərəqqidən pay düşmüş, son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılmışdır.
Oktyabrın 21-də Şərur rayonunun Xanlıqlar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Şərur rayonunda daha bir yol-nəqliyyat infrastruktur layihəsi uğurla başa çatdırılmışdır
Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Muxtar respublikada da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Bu tədbirlərin davamı kimi oktyabrın 21-də Xanlıqlar kənd avtomobil yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Kənd sakini İsmayıl Səfərov demişdir ki, Xanlıqlar kəndində aparılan quruculuq işləri yaşayış məntəqəsinin tarixinə əlamətdar hadisə kimi yazılmışdır. Kənd yolunun yenidən qurulması isə hər bir sakin tərəfindən sevinclə qarşılanır. Çünki yol abadlıqdır, rahatlıqdır, təmizlikdir. İsmayıl Səfərov yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri muxtar respublikamızın kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılarkən yolların da yenidən qurulmasına xüsusi diqqət göstərildiyini bildirmiş, Xanlıqlar kənd avtomobil yolunun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Yolun texniki göstəriciləri barədə Ali Məclisin Sədrinə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, ümumi uzunluğu 4 kilometrə yaxın olan yola asfalt örtük verilmiş, 1 körpü tikilmiş, 20 su keçidi salınmış və 600 metr uzunluğunda beton kanal çəkilmişdir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Yol hərəkət qaydalarına uyğun olaraq rənglənmiş, kəndin daxilində piyadaların hərəkəti üçün səkilər salınmışdır.
Xanlıqlar kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcək
Oktyabrın 21-də Xanlıqlar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Xanlıqlar kənd tam orta məktəbinin direktoru Nürəddin Niftəliyev demişdir ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində məktəb binalarının inşası mühüm yer tutur. Xanlıqlar kənd tam orta məktəbi üçün müasir binanın tikilməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir. Əsaslı şəkildə yenidən qurulan məktəb müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Nürəddin Niftəliyev yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir, ölkəmizdə yeni məktəb binaları tikilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Həyata keçirilən tədbirlər təhsilin keyfiyyətinin yüksəlməsinə, hər il ali məktəblərə qəbul olunan məzunların sayının artmasına səbəb olmuşdur”.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir” fikrini xatırladaraq demişdir: “Azərbaycan 22 ildir, müstəqil dövlət kimi yaşayır. Dövlət müstəqilliyimizin qorunması, onun yaşadılması və daha da möhkəmləndirilməsi gənclərin hərtərəfli yetişdirilməsindən asılıdır. Bu işdə ümumtəhsil məktəblərinin üzərinə mühüm vəzifələr düşür. Çünki təhsilin inkişafı ölkəmizin gələcəyinə xidmət edir. Xanlıqlar kənd tam orta məktəbinin müasir tələblər səviyyəsində qurulması, elektron lövhəli siniflərin, laboratoriyaların, kompüter otaqlarının, zəngin kitabxananın və müasir tədris avadanlıqlarının istifadəyə verilməsi qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır. Eyni zamanda müasir tədris şəraiti məktəbi bitirən məzunların dünyanın istənilən universitetində ali təhsil almasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin uğurlu olduğunu bildirərək demişdir ki, ötən tədris ilində məktəbin 4 məzunu ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Ali məktəbə qəbul olan məzunlardan biri 500-700 intervalında yüksək bal toplamışdır. Bütün bunlar isə şagird-müəllim münasibətlərinin düzgün qurulmasının, tələbkarlığın olmasının nəticəsidir. Məktəbin pedaqoji kollektivi bundan sonra da təhsil uğurlarının daha da artırılması istiqamətində səylə çalışmalıdır.
Ali Məclisin Sədri demişdir: “Bu gün istifadəyə verilən yeni məktəb binası Xanlıqlar kəndində uşaqların yaxşı təhsil almasına, kənddə təhsilin səviyyəsinin yüksəldilməsinə hesablanmışdırsa, gələcəkdə buranı bitirən məzunlar ölkəmizin inkişafında yaxından iştirak edərək dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasına xidmət edəcəklər. Ona görə də məktəbə ölkənin gələcəyinə xidmət edən bir sahə kimi baxılmalı, məktəb işinə, təhsilin səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilməlidir. Xanlıqlar kənd tam orta məktəbinin pedaqoji kollektivi də yaradılanlardan səmərəli istifadə etməli, yüksək təhsilli, bilikli, vətənpərvər və intellektli gənclər hazırlamalıdır”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında məktəbin kollektivinə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 396 şagird yerlikdir. Təhsil ocağında 22 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Məktəb kitabxanasına yeni ədəbiyyatlar və dərsliklər verilmiş, kitab fondu zənginləşdirilmişdir. Hazırda kitabxanada 4720 latın qrafikalı dərslik və 2366 bədii ədəbiyyat olmaqla, 7086 kitab vardır.
Xanlıqlar kənd tam orta məktəbində kimya, biologiya və fizika fənlərinin normal tədrisi üçün ayrıca laboratoriyalar yaradılmışdır. Bu da dərslərin yüksək səviyyədə tədris olunmasına, lazımi sınaq və təcrübələrin aparılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2013-2014-cü tədris ilində Xanlıqlar kənd tam orta məktəbində birinci sinfə 23 şagird qəbul olunmuşdur. İbtidai siniflərə məktəbin birinci mərtəbəsində, yuxarı siniflərə isə digər mərtəbələrdə ayrılmış sinif otaqlarında dərslər keçiləcək. Müasir tədrisin tələbləri nəzərə alınaraq muxtar respublikanın məktəblərində tətbiq olunan bu sistem tədrisin səmərəliliyi baxımından əhəmiyyətlidir.
Kompüter otaqlarında 38 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə hər 6 şagirdə bir kompüter düşür. Sinif otaqlarında quraşdırılan 4 elektron lövhə isə interaktiv tədrisin daha səmərəli aparılmasına şərait yaradacaqdır. Elektron lövhələrin və kompüterlərin sürətli internet xəttinə qoşulması tədris prosesi zamanı ölkəmizin digər təhsil ocaqları ilə videoəlaqə yaratmağa və keçilən dərsləri birbaşa izləməyə imkan verəcəkdir. Ali Məclisin Sədri tədris prosesində informasiya texnologiyalarının imkanlarından lazımi səviyyədə istifadə olunmasını tapşırmışdır.
Hərbi kabinədə və idman zalında yaradılan şərait isə ilkin hərbi hazırlıq, eləcə də bədən tərbiyəsi və idman dərslərinin yüksək səviyyədə keçilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbin müəllimləri ilə söhbət zamanı qeyd etmişdir ki, normal tədris şəraiti təhsilin keyfiyyətcə yaxşılaşdırılmasında əsas amildir. Pedaqoji kollektiv təhsil ocağında quraşdırılan müasir avadanlıqlardan səmərəli istifadə etməli, öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən müəllimlər yaradılan şəraitdən istifadə edərək dərslərin səmərəliliyini və keyfiyyətini artıracaqlarını bildirmişlər.
Məktəbin həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Kənd mərkəzi idarəetməni xeyli yaxşılaşdıracaqdır
Həmin gün Xanlıqlarda yeni kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Mustafayev çıxış edərək demişdir ki, aparılan abadlıq-quruculuq işləri nəticəsində Xanlıqlar kəndi müasir görkəm almışdır. Kənddə mənzillərin davamlı elektrik enerjisi, təbii qazla təmin olunması insanların rahatlığına xidmət edir. Sakinlər, əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Bu il kəndin torpaq mülkiyyətçilərinə 45 min manat kredit verilmişdir. Son illər aparılan meliorativ tədbirlər, yeni artezian quyularının istifadəyə verilməsi kəndin suvarma və içməli su problemini həll etmiş, torpaq sahələrinin əkilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına səbəb olmuşdur.
Ali Məclisin Sədri çıxış edərək demişdir: “Bu gün Xanlıqlar kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə müasir avtomobil yolu, məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Burada fəaliyyət göstərən təşkilatların işinin günün tələbləri səviyyəsində qurulması, kənddə elektrik, qaz və rabitə xətlərinin yenilənməsi göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Eyni zamanda görülən bu işlər insanların rahatlığı istiqamətində həyata keçirilən tədbirlərin davamıdır”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə hər kəsə bacarığına görə iş, işinə görə isə qiymət verilir. Bu da sakinlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, göstərilən dövlət qayğısından səmərəli istifadə etməsinə şərait yaradır. Xanlıqlar kəndinin sakinləri də bu imkanlardan lazımınca bəhrələnməli, verilən kreditlərdən səmərəli istifadə olunmalı, kiçik təsərrüfatlar yaradılmalıdır. Bütün bunlar kənddə əhalinin rifah halının daha da yüksəlməsinə imkan verəcəkdir. Sakinlər kəndin abadlaşmasında, yaşıllaşdırılmasında, torpaqların əkilməsində bundan sonra da fəal iştirak etməli, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verməlidirlər”.
Ali Məclisin Sədri idarəetmə strukturları ilə bərabər, kənd sakinlərinin də tikilənləri, qurulanları lazımi səviyyədə qoruyacaqlarına, kənddə həyata keçiriləcək tədbirlərdə fəal iştirak edəcəklərinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, mədəniyyət evi və 65 yerlik zal yerləşir.
Kənd kitabxanasında 8865 kitab vardır. Kitabxanaya baxış zamanı yaradılan şəraitin müqabilində səmərəli fəaliyyət göstərməyin vacibliyi qeyd olunmuş, oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulmasının əhəmiyyəti vurğulanmışdır.
Rabitə evində 256 nömrəlik yeni nəsil ATS quraşdırılmışdır. ATS Xanlıqlar və Stansiya Daşarx kəndlərində 140 abonentə xidmət göstərir. Həmçinin burada poçt bölməsi yaradılmış, gündəlik mətbuatın, danışıq və internet kartlarının satışı təşkil edilmişdir.
Kənd mərkəzində Xanlıqlar və Stansiya Daşarx kəndlərini əhatə edən polis sahə məntəqəsi üçün də lazımi şərait yaradılmış, baytarlıq məntəqəsinə soyuducu və dərman preparatları qoyulmuşdur.
Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün iş otağı ayrılmışdır. Ərazi ilk təşkilatının 181 üzvü vardır. Onlardan 35-i gənclər, 13-ü isə qadınlardır.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
Xanlıqlarda tibbi xidmətin səviyyəsi yüksəldilmişdir
Muxtar respublikanın səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnsanların sağlamlığının etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması aparılan quruculuq işləri zamanı da diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir.
Oktyabrın 21-də Xanlıqlar kənd həkim ambulatoriyasının açılışı olmuşdur.
Tibb bacısı Tərifə Məmmədova həkim ambulatoriyasında yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir, müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilərək istifadəyə verilir. Muxtar respublikamızda da insanların sağlamlığının qorunması həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Bu gün muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilərək istifadəyə verilir, sakinlər lazımi tibbi xidmətlə təmin olunurlar”.
Ali Məclisin Sədri demişdir: “İnsanların sağlamlığının qorunması, əhali arasında səhiyyə maarifi işinin aparılması, gigiyenik qaydalara əməl edilməsi, uşaqlara vaxtlı-vaxtında peyvəndlərin vurulması və hamilə qadınlara patronaj xidmətinin təşkili həkim ambulatoriyalarının əsas fəaliyyət istiqamətidir. Xanlıqlar kənd həkim ambulatoriyasında yaradılan şərait, müasir tibbi avadanlıqlarla təminat və səhiyyə ocağı üçün ştatların ayrılması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Bu da kənd əhalisinin lazımi tibbi xidmətlə təmin olunması deməkdir”.
Ali Məclisin Sədri ambulatoriyanın kollektivinə bu vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 2 mərtəbəli, 12 otaqlı ambulatoriya binasında stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları vardır. Ambulatoriyaya lazımi tibbi avadanlıqlar qoyulması kənd əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldəcəkdir. Hazırda səhiyyə ocağında 11 tibb işçisi çalışır.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
Xanlıqlar kəndində yeni xidmət mərkəzi tikilmişdir
Oktyabrın 21-də Xanlıqlar kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilmişdir. İki mərtəbədən ibarət olan binada ərzaq, sənaye və təsərrüfat malları mağazaları, qadın gözəllik salonu, 2 bərbərxana, dərzi sexi, ayaqqabı təmiri sexi və ət satışı yeri vardır. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.
Binada fərdi qızdırıcı quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Xidmət mərkəzinə baxışdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Sakinlər Xanlıqlar kəndinin başdan-başa yeniləşdiyini, müasirləşdiyini bildirərək demişlər ki, bu qayğı kənd əhalisi tərəfindən böyük sevinc hissi ilə qarşılanır, onların qurub-yaratmaq əzmini daha da artırır. Yaradılan şəraiti insan amilinə verilən qiymətin daha bir ifadəsi kimi dəyərləndirən sakinlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin Sədri tikilənlərin və qurulanların insanların rahatlığının təmin olunmasına xidmət etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın kəndlərinin kompleks abadlaşması, yeni sosial obyektlərin istifadəyə verilməsi ümummilli liderimizin siyasi xəttinin təntənəsidir. Bu siyasi xəttin bəhrələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss olunur. Xanlıqlar kəndinə də bu qayğıdan pay düşmüş, sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bu il Xanlıqlar kəndində bir sıra abadlıq işləri də aparılmışdır. Belə ki, kənddə 1000 metr fiber-optik kabel və 6500 metr elektrik xətti çəkilmiş, 250 kilovolt-amper gücündə yeni transformator quraşdırılmış, 1200 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilmişdir.
Kəndin içməli və suvarma su təminatı da diqqət mərkəzində saxlanılmış, 800 metr uzunluğunda arxlara müxtəlif diametrli borular salınmış, 500 metr uzunluğunda içməli su xətti təmir olunmuşdur.
Həmçinin kənddə 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə də ucaldılmışdır.
“Xanlıqlar” elektrik yarımstansiyası istifadəyə verilmişdir
Dayanıqlı elektrik enerjisi ilə təchizat iqtisadi inkişafın başlıca şərtidir. Bu mənada muxtar respublikamızın bütün yaşayış məntəqələrində abonentlərin keyfiyyətli elektrik enerjisi ilə təminatı diqqət mərkəzində saxlanılır, elektrik enerjisi təsərrüfatı yenilənir, müasir elektrik yarımstansiyaları qurulur.
Oktyabrın 21-də 35/10 kilovoltluq “Xanlıqlar” elektrik yarımstansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov demişdir ki, muxtar respublikada elektrik enerjisi təsərrüfatının yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində mövcud elektrik yarımstansiyalarının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. “Xanlıqlar” elektrik yarımstansiyası da istifadəçilərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan verəcəkdir. Yasin Səfərov göstərilən qayğıya görə energetiklər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Xanlıqlar” elektrik yarımstansiyasının istifadəyə verilməsini muxtar respublikanın energetika təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olduğunu bildirərək demişdir: “Elektrik enerjisi müasir həyatın qarşıya qoyduğu tələblərin yerinə yetirilməsində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada istifadəçilərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, yarımstansiyaların, elektrik verilişi xətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Elektrik enerjisinin keyfiyyətli ötürülməsi itkinin qarşısının alınmasına və istifadəçilərin dayanıqlı enerji təminatına imkan verir. Bu gün “Xanlıqlar” elektrik yarımstansiyasının yenidən qurulması da dayanıqlı və keyfiyyətli enerji təminatında mühüm rol oynayacaqdır. Yarımstansiya Şərur rayonunda 21 min 358 nəfərin yaşadığı 15 kəndi elektrik enerjisi ilə tam təmin edəcəkdir”.
Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, istifadəçiləri və kollektivi təbrik etmişdir.
Sonra yarımstansiyaya baxış olmuşdur.
Bildirilmişdir ki, yarımstansiyada 4000 kilovolt-amper gücündə transformator, eleqaz açarları olan 35 kilovoltluq 1 hücrə və 10 kilovoltluq 10 hücrə quraşdırılmış, ərazidə idarəetmə mərkəzi üçün bina tikilmişdir. Burada energetiklərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Yarımstansiyada elektrik enerjisi itkisinin azaldılmasına imkan verən statik kondensator batareyaları qoyulmuşdur. Yaradılan şərait rayonun elektrik şəbəkəsinin güc qəbuletmə və paylama qabiliyyətini də xeyli artırmışdır.
Yarımstansiyanın avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə qəza hallarını müşahidə etmək, onun harada baş verdiyini müəyyənləşdirmək və tezliklə aradan qaldırılmasına nail olmaq mümkündür. Bu da, ilk növbədə, şəbəkədən açılmaların və digər problemlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri elektrik enerjisinə qənaət edilməsi və israfçılığın qarşısının alınması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti