Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikamıza yeni təyin olunmuş Baş konsulu Əli Rza Akıncı ilə görüşmüşdür.
Ali Məclisin Sədri Əli Rza Akıncını səmimiyyətlə salamlamış, onu Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Bu gün hər iki ölkə arasındakı tarixi zəminə əsaslanan münasibətlər, siyasi, iqtisadi və mədəni əlaqələr möhkəm strateji tərəfdaşlıq səviyyəsindədir.
Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri möhkəm təməllər üzərində qurulan münasibətlərin məmnunluq doğurduğunu qeyd etmiş, Baş konsula diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi görüşə görə minnətdarlığını bildirən Əli Rza Akıncı demişdir ki, Naxçıvanda çalışmaq onda böyük iftixar hissi doğurur. Baş konsul muxtar respublikadakı diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini, mövcud əlaqələrin daha da genişlənməsinə çalışacağını bildirmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti