Məmməd Araz yaradıcılığının zirvəsində Azərbaycan torpağı, ana Vətən, onun tarixi və gözəllikləri dayanır. Şairin qələmindən çıxan misralar insanı bütövlüyə, kamilliyə, milli və bəşəri dəyərlərə səsləyir. Hiss və duyğu zənginliyi, düşüncə dərinliyi, mövzu genişliyi ilə seçilən Məmməd Araz yaradıcılığı, əslində, keçmişlə gələcək arasında poetik körpüdür. Hər bir əsərini böyük ilham və vətəndaşlıq hissi ilə yazan Xalq şairi Məmməd Araz poeziyamızın qüdrətli nəğməkarlarından biridir.
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Arazın anadan olmasının 80 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il sentyabrın 27-də “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən, ədibin yubileyinin muxtar respublikada qeyd olunması ilə bağlı Tədbirlər Planı təsdiq olunmuş, bir sıra tədbirlər keçirilmişdir.
Oktyabrın 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).
Sonra Məmməd Arazın 80 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, ədibin şeirləri bədii qiraət olunmuş, müxtəlif dövrlərdə yazdığı publisistik məqalələri oxunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının solistləri Məmməd Araz şeirlərinə bəstələnmiş mahnıları ifa etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti