Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikaya gətirilmiş yeni kommunal təyinatlı avtomobillərə və yol-tikinti texnikalarına baxmışdır.
Bildirilmişdir ki, Naxçıvan şəhərində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə 4 ədəd “JOHNSTON” markalı yersüpürən və 2 ədəd məişət tullantılarını daşıyan maşın alınaraq muxtar respublikamıza gətirilmişdir.
Yüksək texniki göstəricilərə və iş əmsalına malik olan “JOHNSTON” markalı yersüpürən maşının bunkerinin həcmi 1,8 kubdur. Məişət tullantıları daşıyan maşının bunkerinin həcmi isə 27 kubdur. Sürücü kabinəsindən asanlıqla idarə olunan avadanlıq məişət tullantılarını doğrayıb presləməyə imkan verir. Silindr formaya malik bunkerin qapağı bağlanır ki, bu da tullantının ətrafa dağılmasının qarşısını alır.
Qeyd olunmuşdur ki, Naxçıvan şəhərində aparılan yol-tikinti işlərinin keyfiyyətini yüksəltmək məqsədilə bu il 4 ədəd yükləyici, 1 ədəd “WOGELE SUPER” markalı asfaltyayan, 3 ədəd “BOMAG” markalı vərdənə, 1 ədəd “CAT” markalı avtoqreyder və 3 ədəd “MERCEDES” markalı yük maşını alınmışdır. Yeni alınan texnikalar dünyanın qabaqcıl ölkələrində ən çox istifadə olunan yol-tikinti texnikalarıdır. Yolların tikintisi və təmiri zamanı istismar olunan bu texnikalar yüksək iş funksiyasına malikdir.
Yeni kommunal təyinatlı maşınlardan və yol-tikinti texnikalarından Naxçıvan şəhərində istifadə olunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti