Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda da uğurla davam etdirilir. Əsgər və zabitlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki park və sursat anbarı inşa olunmuşdur.
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissəyə gəlmiş, texniki parkda və sursat anbarında yaradılan şəraitlə tanış olmuşdur.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev aparılan quruculuq işləri barədə Ali Məclisin Sədrinə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ötən ildən başlayaraq hərbi hissədə yeni sursat anbarı və texniki park inşa olunmuşdur. Texniki parkda hərbi texnika və avtomobillərin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Parkda texniki nəzarət məntəqəsi üçün ikimərtəbəli bina inşa olunmuşdur. Binanın birinci mərtəbəsində təlimat sinfi, texniki nəzarət və istirahət otağı, eləcə də digər xidməti otaqlar vardır. İkinci mərtəbədə isə qarovul xidmətinin təşkili üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri hərbi hissənin şəxsi heyətinə təlimdə uğurlar arzulamış, hərbi şəhərcikdə yeni əsgəri-məişət kompleksinin, əsgər və zabit ailələri üçün yataqxana binalarının tikilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti