Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Sosial sahəyə qoyulan vəsait... insan kapitalı kimi geri qayıdır. Xəstəxana, yol çəkilişi, digər ictimai yerlərin yaradılması, məktəb tikintisi, su xətləri, qazlaşdırma – bütün bu layihələr bir daha onu göstərir ki, bizim dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Hər bir ölkədə düşünülmüş sosial siyasəti güclü iqtisadi islahatları reallaşdırmaqla həyata keçirmək mümkündür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Şahbuz rayonunda da yeni infrastruktur sahələri yaradılmış, yaşayış məntəqələri müasirləşmiş və insanların sosial rifahı yüksəlmişdir. Rayonun kəndlərinin müasirliyə, yeniliyə qovuşması ölkəmizdə iqtisadi gücün real təzahürüdür. İndi dağlar qoynunda yerləşən Kükü kəndi də təkcə rəngarəng təbiəti, zəngin turizm potensialı ilə deyil, həm də həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə diqqət çəkir.
Oktyabrın 12-də Şahbuz rayonunun Kükü kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolu yenidən qurulmuşdur
Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər kənd yaşayış məntəqələrini də əhatə etmişdir. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar da müasir səviyyədə inşa edilir. Bu il Naxçıvan-Batabat magistralı – Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunda da yenidənqurma işləri aparılmışdır.
Oktyabrın 12-də avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Kənd sakini Ramiz Cəlilov muxtar respublikada aparılan quruculuq işlərinin Şahbuz rayonunun kəndlərini də əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, yaşayış məntəqələrinin müasir görkəm alması, insanların rahatlığının təmin olunması ölkəmizdə davam etdirilən Heydər Əliyev siyasi xəttinin nəticəsidir. Bu inkişafı hər bir sakin şəxsi həyatında, yaşadığı kənddə, şəhərdə müşahidə edir. Kükü kəndinin avtomobil yolunun yenidən qurulması isə bu istiqamətdə görülən işlərin daha bir nümunəsidir.
Ali Məclisin Sədri sərhəd və dağ kəndi olan Küküdə yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Yol mədəniyyət, rahatlıq və abadlıq deməkdir. Bu gün Kükü kəndində müasir və rahat yol istifadəyə verilir. Kənd yolunun yenidən qurulması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir. 16 kilometr uzunluğundakı avtomobil yolu 4 minə yaxın əhalinin rahatlığına xidmət edəcək, gediş-gəliş xeyli yaxşılaşacaqdır”.
Ali Məclisin Sədri yolun inşasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kənd yolu əsaslı şəkildə yenidən qurulmuş, yol yatağı genişləndirilmiş, yeni asfalt örtük salınmışdır. Tikinti işləri aparılarkən mühəndis-texniki tələblərə tam əməl edilmiş, 30 selötürücü, 97 suötürücü və 9 körpü tikilmişdir.
Yol boyu yol hərəkət nişanları quraşdırılmış, kəndlərdə piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də dağ kəndlərində sərnişinlərin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Yaşayış məntəqəsində iqtisadiyyatın inkişafı baxımından da müstəsna əhəmiyyəti olan yolun yenidən qurulması əlverişli iqlim şəraitinə, təbii bitki örtüyünə və təmiz havaya malik olan Kükü kəndinin turizm imkanlarını xeyli artıracaqdır.
Kükü kənd tam orta məktəbi müasir binada fəaliyyət göstərəcəkdir
Muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır, ən ucqar yaşayış məntəqələrində belə, yeni məktəb binaları tikilərək istifadəyə verilir.
Oktyabrın 12-də Kükü kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev bildirmişdir ki, bu günlərdə Şahbuz rayonunda bayram ovqatı yaşanır. Xalqımız qələbəsini bayram edir. Rayon sakinləri də sabitliyin, tərəqqinin və müstəqilliyin təminatçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursuna sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün ucqar dağ kəndində yaradılan bu möhtəşəmlik məhz ulu öndərin quruculuq xəttinin uğurla davam etdirilməsinin bəhrəsidir. “Heydər Əliyev ili” olan 2013-cü ildə rayonun 7 yaşayış məntəqəsində quruculuq işləri aparılır. Aparılan quruculuq tədbirləri sayəsində Kükü kəndində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün də müasir iş şəraiti yaradılmışdır. Nurəddin Quliyev göstərilən dövlət qayğısının müqabilində bundan sonra daha səylə çalışacaqlarını bildirmiş, rayon sakinləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kükü kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrin inkişafına səbəb olmuşdur. Həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları və onların uğurlu icrası təhsilin inkişafına da şərait yaratmışdır. Hələ ötən əsrin 70-ci illərindən ölkəmizdə təhsilin inkişafını diqqət mərkəzində saxlayan, bu sahəni himayə edən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılı olacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, təhsil ocaqları müasir tələblər səviyyəsində yenidən qurulur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də məktəblərin təminatı, təhsil işçiləri qarşısında eyni tələblər qoyulur. Beynəlxalq statistika qurumlarının araşdırmalarına görə, Azərbaycan təhsilin inkişafında dünyada ilkin yerlərdədir. Bu, inkişaf etmiş ölkələrdəki səviyyə deməkdir. Ölkəmizin inkişafı, gələcəkdə də dünya dövlətləri içərisində öz layiqli yerini qoruyub saxlaması üçün təhsil bundan sonra da inkişaf etdirilməlidir”.
Ali Məclisin Sədri demişdir ki, muxtar respublikamızın ucqar dağ kəndi olan Küküdə müasir məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlərin bariz nümunəsidir. Məktəbdə elektron lövhəli siniflər, kompüter otağı, müasir kitabxana, yeni tədris avadanlıqları, sagirdlərin sağlam böyümələri üçün idman zalı vardır. Qeyd olunmuşdur ki, təhsil ocağının nailiyyətləri qənaətləndiricidir. Ötən tədris ilində məzunlardan 11-i ali məktəbə, biri orta ixtisas məktəbinə, biri isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 3-ü 500-700 intervalında bal toplayaraq yüksək nəticə göstərmişdir. Bu, məktəb kollektivinin əməyinin, tədrisin düzgün qurulmasının nəticəsidir. Pedaqoji kollektivin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, bir nəfər “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi”, bir nəfər isə 2012-2013-cü tədris ilində “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür.
Qazanılan uğurlara görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri demişdir: “Hər bir təhsil ocağının qarşısında duran ən mühüm vəzifə vətənpərvər və təhsilli gənclər hazırlamaqdır. Gənclərin gələcəkdə ölkəmizin idarə olunmasında, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında yaxından iştirakı təmin olunmalıdır. Kükü kənd tam orta məktəbinin kollektivi öz işini bu istiqamətdə qurmalı, təhsilli və vətənpərvər gənclər yetişdirməlidir”.
Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazımi şərait yaradıldığını bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompüter dəsti hədiyyə etmiş, təhsildə qazandıqları nailiyyətlərə görə şagirdləri təbrik etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, 198 şagird yerlik məktəb binası 2 mərtəbəlidir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Məktəbin kitabxana fondunda 2969 latın qrafikalı dərslik və 1865 bədii ədəbiyyat olmaqla, 4834 kitab vardır. Pedaqoji kollektiv şagirdlərin kitabxanaya cəlbini diqqət mərkəzində saxlayır, hər ay kitabxana günləri keçirilir. Kitabxanada mütaliə saatları da yaradılmışdır.
Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il Kükü kənd tam orta məktəbinə 13 şagird qəbul olunmuşdur. Yeni tədris metodlarının tətbiqi keçilən dərslərin daha ətraflı və asan mənimsənilməsinə, şagirdlərin məntiqi təfəkkürünün gücləndirilməsinə imkan verir.
Kompüter otağında 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Həmçinin məktəbdə elektron lövhəli siniflər yaradılmışdır. Bu da şagirdlərin informasiya texnologiyalarının imkanlarından və elektron dərsliklərdən istifadəsinə imkan verir.
Hərbi kabinədə ilkin hərbi hazırlıq fənninin tədrisi üçün lazımi şərait vardır. Kabinədə sıra, mühəndis, hərbi topoqrafiya və atəş hazırlığını əks etdirən stendlər asılmışdır.
Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunmuşdur ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir, bu fənləri tədris edən müəllimlər təkmilləşdirmə kurslarına göndərilir. Şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəməsi üçün laboratoriyalarda yaradılan şəraitdən istifadə olunacaqdır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, elm, təhsil cəmiyyətin inkişafında başlıca şərtdir. Ona görə də ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, ən ucqar dağ kəndlərində belə, müasir məktəb binaları tikilir. Bu da təhsilin keyfiyyətinin və qazanılan uğurların artmasına səbəb olmuşdur. Kükü kənd tam orta məktəbi də uğurlu nailiyyətlər qazanmışdır. Kollektiv bundan sonra da təhsil uğurlarının artırılması istiqamətində səylə çalışmalıdır.
Müəllimlər təhsilin inkişafına göstərilən qayğıya və yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, gülkarlıq və meyvə bağı salınmışdır.
Müasir iş şəraiti dövlət qurumlarının fəaliyyətini gücləndirəcəkdir
Bu il Kükü kəndində aparılan geniş quruculuq tədbirləri çərçivəsində yeni kənd mərkəzi də tikilmişdir.
Oktyabrın 12-də Kükü Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Kükü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ağababa Babayev çıxış edərək demişdir ki, muxtar respublikada aparılan quruculuq işlərindən ucqar dağ kəndi olan Küküyə də pay düşmüşdür. İnsanların rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, kənd sakinləri elektrik enerjisindən, təbii qazdan, rabitə əlaqəsindən fasiləsiz istifadə edirlər. Əhalinin əksər hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Bu il kənd sakinlərinə 18 min manat kredit verilmişdir. Bütün bunlar fərdi təsərrüfatların genişlənməsinə, bol məhsul istehsalına və sakinlərin rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur.
Ali Məclisin Sədri Kükü kəndində kompleks abadlıq-quruculuq işlərinin aparıldığını bildirərək demişdir: “Bu gün Kükü kəndində idarəetmə strukturları üçün yeni kənd mərkəzi, təhsilin səviyyəsini yüksəltmək üçün məktəb binası, insanların sağlamlığının qorunmasına xidmət edən həkim ambulatoriyası, sakinlərin gündəlik tələbatını ödəyən xidmət mərkəzi və müasir yol istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər ölkəmizdə bir kəndin timsalında görülən işlərdir. Ölkəmizin bütün yaşayış məntəqələrində bu cür tədbirlər həyata keçirilir, yeni sosial obyektlər, inzibati binalar istifadəyə verilir, insanların rahat yaşayışı təmin olunur”.
Qeyd olunmuşdur ki, Kükü kəndində də əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir. Kənddə heyvandarlığın, arıçılığın, maldarlığın və digər sahələrin inkişafı üçün güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir. Kənd telefonlaşdırılmış, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin olunmuşdur. Eyni zamanda kənd sakinlərindən 551-i dövlətdən əməkhaqqı, müavinət və təqaüd formasında vəsait alır. Həyata keçirilən bu tədbirlər kənd sakinlərinin məşğulluğunun təmin olunmasına, onların daha sıx məskunlaşmasına səbəb olmuşdur.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə yaşayış məntəqələrinin inkişafı, yaradılan yeni infrastruktur sahələri, istifadəyə verilən müasir sosial obyektlər dövlət-xalq birliyinin nəticəsidir. Bu birlik oktyabrın 9-da – ölkəmizdə keçirilən ən mühüm siyasi tədbirlərdən biri olan prezident seçkilərində bir daha özünü göstərdi. Demokratik şəkildə keçirilən seçkilərdə xalqımız ölkəmizi inkişaf və tərəqqiyə qovuşduran siyasi xəttə səs verdi”. Ali Məclisin Sədri seçkilərdə fəallıq göstərən, iştirak edən muxtar respublika sakinlərinə təşəkkürünü bildirmiş, bir daha kənd sakinlərini təbrik etmiş, onlara firavan həyat arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi və 68 yerlik zal vardır.
Kənd kitabxanasında 5629 kitab vardır. Onlardan 1390 ədədi latın, 4239 ədədi isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır.
Baytarlıq məntəqəsində lazımi şərait yaradılmış, dərman vasitələri və soyuducu qoyulmuşdur. Bildirilmişdir ki, Kükü kəndinin fərdi təsərrüfatlarında 1620 baş iribuynuzlu, 7750 baş xırdabuynuzlu, 1520 arı ailəsi və 6076 baş quş saxlanılır. Həkim-baytarlar mütəmadi olaraq heyvanlar arasında müayinələr aparır, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görülür.
Rabitə evində quraşdırılan 384 nömrəlik ATS kənddə 221 abonentə xidmət göstərəcəkdir. Burada poçt məntəqəsi də yaradılmış, gündəlik mətbuatın, eləcə də danışıq və internet kartlarının satışı təşkil olunmuşdur.
Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də iş otaqları ayrılmışdır. Yeni Azərbaycan Partiyası Kükü kənd ərazi ilk təşkilatının 137 üzvü vardır. Onlardan 38-i gənclər, 45-i isə qadınlardır.
Kənd mərkəzini istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılmışdır. Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Kükü kənd həkim ambulatoriyasının yeni binası istifadəyə verilmişdir
Səhiyyə cəmiyyət həyatının bütün sahələrini əhatə edən bir sistemdir. Bu sahənin inkişafı, yeni tibb ocaqlarının yaradılması və maddi-texniki bazalarının gücləndirilməsi, ilk növbədə, insanların sağlamlığının qorunmasına xidmət edir. Muxtar respublikamızda da səhiyyə infrastrukturu müasirləşdirilir, şəhər, rayon və kəndlərimizdə ən müasir tibb ocaqları tikilərək istifadəyə verilir.
Oktyabrın 12-də Kükü kənd həkim ambulatoriyasının yeni binasının açılışı olmuşdur.
Həkim Tamleyxa Cəbiyev bildirmişdir ki, son illər muxtar respublikamızda aparılan quruculuq tədbirləri səhiyyə obyektlərini də əhatə etmişdir. Şəhər, rayon, qəsəbə və kəndlərdə müasir xəstəxana binaları, həkim ambulatoriyaları tikilərək sakinlərin istifadəsinə verilir. Ucqar dağ kəndi olan Küküdə yeni həkim ambulatoriyasının istifadəyə verilməsi də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Dövlətimizin ən qiymətli sərvəti onun insanlarıdır. Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasını insanların sağlamlığının qorunması, onların lazımi tibbi xidmətlə təmin olunması təşkil edir. Ölkəmizin şəhərlərində, rayon və kəndlərində müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Həyata keçirilən tədbirlər muxtar respublikanın ucqar dağ kəndlərini də əhatə etmiş, səhiyyə işinin yüksək səviyyədə təşkili üçün yeni həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmişdir. Kükü kəndində həkim ambulatoriyasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır. Həkim ambulatoriyası əhali sayı nəzərə alınaraq lazımi ştatlarla təmin edilmiş, tibb ocağında müasir səhiyyə avadanlıqları quraşdırılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Ambulatoriyaların qarşısında duran əsas vəzifələr əhali arasında səhiyyə maarifi işinin aparılması, gigiyena qaydalarının izah olunması, hamilə qadınlara patronaj xidmətinin göstərilməsi və uşaqlar arasında peyvənd işinin təşkilindən ibarətdir. Kükü kənd həkim ambulatoriyasında da bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Ambulatoriya kənddə yaşayan 2 minə yaxın sakinin sağlamlığının keşiyində duracaqdır. Ona görə də kollektiv üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bilik və bacarıqlarını artırmalı, rayon Mərkəzi Xəstəxanası ambulatoriya ilə əlaqəli işləməli, tibb işçilərinin peşə hazırlığı kurslarında iştirakı təmin olunmalıdır”.
Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada tibbi xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Ambulatoriya 2 mərtəbədən, 11 otaqdan ibarətdir. Burada stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, həkim, mama və manipulyasiya otaqları vardır. Hazırda səhiyyə ocağında 11 tibb işçisi çalışır.
Həkim ambulatoriyasının həyətində də abadlıq işləri aparılmışdır.
Küküdə yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır
Oktyabrın 12-də Kükü kəndində xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Kükü kənd xidmət mərkəzində kişi bərbərxanası, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzinin həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Kükü kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin inkişaf modelini özündə əks etdirir. Bu inkişaf və tərəqqi isə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir.
Sakinlər yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verməlidirlər.
Kənd ziyalısı Yunis Quliyev sakinlərin xoş arzularını Ali Məclisin Sədrinə çatdıraraq demişdir ki, yenilik, müasirlik həm də rahat yaşayış, firavan həyat deməkdir. Bu gün Kükü kəndində buna nail olunmuş, sakinlərin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bunlar ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi, dövlətin kənd yaşayış məntəqələrinin yeniləşməsinə göstərdiyi qayğının, insanların rahatlığı istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərin davamıdır.
* * *
Başıqarlı dağların əhatəsindəki Kükü kəndi gözəl təbiəti, təmiz havası, dadlı meyvələri, geniş turizm potensialı və zəhmətkeş insanları ilə seçilir. Rayon mərkəzindən 16 kilometr aralıda yerləşməsinə baxmayaraq, bu kənddə insanlar sıx məskunlaşmış, dövlətimizin kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğıdan bəhrələnərək öz həyat şəraitlərini yaxşılaşdırmışlar. Bu, bir tərəfdən onların torpağa bağlılığından irəli gəlirsə, digər tərəfdən dövlətin yaratdığı əlverişli şəraitin nəticəsidir. Son illər aparılan quruculuq işləri kəndin simasını dəyişmiş, ucqar və sərhəd yaşayış məntəqəsi olan Kükü öz inkişafının yeni və müasir mərhələsinə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti