Muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sədərək gömrük-keçid məntəqəsində yeni kompleksin inşa olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinə gəlmiş, yeni inşa olunacaq kompleksin layihəsinə baxmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov məlumat vermişdir ki, ərazidə Sədərək Gömrük İdarəsi üçün yeni inzibati bina və yük terminalı inşa olunacaq, X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulacaqdır.
İnzibati binada xidmətin təşkili üçün lazımi şərait yaradılacaq, qatarlara, avtonəqliyyat vasitələrinə və sərnişinlərə gömrük nəzarəti və rəsmiləşdirilmələri vahid mərkəzdən həyata keçiriləcəkdir. Hazırda kompleksin tərkibinə daxil olan X-Ray rentgen nəzarət-yoxlama avadanlıqlarının qurulması üçün yeni bina inşa edilir. Binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metr olacaqdır.
Bildirilmişdir ki, quraşdırılan X-Ray rentgen nəzarət-yoxlama kompleksində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarəti həyata keçiriləcəkdir. Ümumi çəkisi 27 ton olan qurğunun inşası üçün zəruri avadanlıqlar Fransadan alınaraq muxtar respublikaya gətirilmişdir. Bu sistem vasitəsilə saatda 23 nəqliyyat vasitəsinə baxış keçirmək mümkündür. Yeni quraşdırılan avadanlıq yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcəkdir. Bu da qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivliyi xeyli artıracaqdır. Qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verəcəkdir.
Ali Məclisin Sədri muxtar respublikanın gömrük orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti