Muxtar respublikada çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sahilbərkitmə işləri mühüm əhəmiyyət kəsb edir. 2003-cü ildən başlayaraq Araz çayında sahilbərkitmə işləri aparılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmiş, Araz çayının Sədərək rayonu ərazisində sahilbərkitmə işləri aparılmışdır.
Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sahilbərkitmə işlərinin gedişi ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında bağlanmış “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” layihəsi çərçivəsində Araz çayı sahili boyunca daşla sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Layihəyə uyğun olaraq, bu ilin mart ayından etibarən Sədərək rayonu ərazisində sahilbərkitmə işlərinə başlanılmışdır. Bu günə qədər 6471 metr məsafədə daşla sahilbərkitmə işləri aparılmış, 2090 metr məsafədə isə yeni torpaq bənd tikilmişdir. Haliyədə 720 metr məsafədə daşla sahilbərkitmə işləri davam etdirilir. Sahilbərkitmə işlərinin aparılması Sədərək rayonunda yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına, torpaqların yuyulmasının və şoranlaşmasının qarşısının alınmasına səbəb olmuşdur.
Ali Məclisin Sədri muxtar respublikada meliorativ tədbirlərin əhatə dairəsinin genişləndirilməsi və sahilbərkitmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti