05 Yanvar 2025, Bazar

Oktyabrın 8-də yenidən tikilən Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən “Naxçıvanqaz” İstehsalat Birliyinin direktor müavini Ramin İsmayılov demişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilmişdir. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri də yenidən çəkilmişdir. Tikinti işlərinə, ümumilikdə, 37 milyon manata yaxın vəsait sərf olunmuşdur. Ramin İsmayılov muxtar respublikada istehlakçıları keyfiyyətli təbii qazla təmin etmək üçün bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək demişdir: “Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xətti ötən əsrin 80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə çəkilmişdir. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə, Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Bu xətt də 2005-ci ilə kimi istifadəsiz vəziyyətdə qalmışdır”.
Ali Məclisin Sədri demişdir: “Korroziyaya qarşı lazımi qoruma sistemi olmayan və uzun müddət istifadəsiz qalan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xətti yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən də yeni qaz kəmərinin tikilməsi zərurəti yaranmışdı. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, uzunluğu 81 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz-boru xəttinin layihəsi hazırlanaraq tikinti işlərinə başlanılmış və bir il müddətində başa çatdırılmışdır. Qaz xətti müasir tələblərə uyğun şəkildə çəkilmişdir. Xəttin üzərində 4 katod qoruma sistemi, 6 qazpaylayıcı stansiya quraşdırılmışdır ki, bu da təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verəcəkdir. Təbii qazdan itkisiz və səmərəli istifadə isə muxtar respublikanın qaz təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsinə şərait yaradacaqdır. 75 atmosfer təzyiqdə qaz xəttində 1 milyon 500 min kubmetr təbii qaz ehtiyatı yaratmaq mümkün olacaqdır. Bu da hər hansı qəza halı baş verdikdə abonentlərin 8 gün müddətində təbii qazla tam təmin olunması deməkdir”.

Ali Məclisin Sədri qaz təsərrüfatı işçilərinin qarşısında mühüm vəzifələrin durduğunu bildirərək demişdir: “Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz-boru xətti muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir. Qaz təsərrüfatı sahəsində çalışanlar boru xəttindən səmərəli istifadəni təmin etməli, istismar tələblərinə ciddi əməl olunmalıdır”.
Ali Məclisin Sədri qaz xəttinin çəkilməsində əməyi olanlara təşəkkürünü bildirmiş, qaz kəmərinin istifadəyə verilməsini bildirən qurğunu işə salmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan-Sədərək qaz kəməri 8 millimetr qalınlıqda 558,8 millimetr diametrli izolyasiyalı borularla 1 metr dərinlikdən çəkilmişdir. Qaz kəmərində katod qorumasına nəzarət etmək üçün 107 yerdə ölçmə dirəyi, qazpaylayıcı stansiya və qəza halları zamanı kəmərdən qazın tamamilə boşaldılmaması üçün 2 kran meydançası quraşdırılmışdır. Kəmərin çay və yol keçidlərindən keçən hissələrində lazımi mühəndis-texniki qaydalara əməl edilmiş, kəmər boyu xidməti avtomobil yolu çəkilmişdir.
Tikinti işləri başa çatdırıldıqdan sonra qaz kəmərinə 102 atmosfer təzyiqdə su vurularaq sınaqdan çıxarılmışdır. 75 atmosfer işçi təzyiqə hesablanmış kəmər 20 atmosfer təzyiqlə istismar olunacaqdır. İstifadəyə verildikdən sonra xətdən Şərur rayonunda 17 min 772, Kəngərli rayonunda 5 min 355, Sədərək rayonunda isə 2 min 182 abonent olmaqla, 25 mindən artıq abonent istifadə edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR