05 Yanvar 2025, Bazar

Ulu öndər Heydər Əliyevin siyasi xətti ölkə­mizə tərəqqi, xalqımıza firavanlıq və yüksək rifah bəxş etmişdir. Dahi şəxsiyyət tərəfindən müəyyənləşdirilən sürətli sosial-iqtisadi inkişaf strategiyası bu gün muxtar respublikamızın hər yerində olduğu kimi, Sədərək rayonunda da uğurla davam etdirilir. Hər il rayonda yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər tikilərək istifadəyə verilir.
Oktyabrın 8-də Sədərək rayonunun Heydərabad qəsəbə uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirmişdir ki, Sədərək rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlər rayonun simasını başdan-başa dəyişmiş, yeni inzibati binalar və sosial obyektlər inşa edilmiş, yollar salınmış, əhalinin rifah halı yüksəldilmişdir. Bu il də rayonda tikinti-quruculuq işləri davam etdirilir. Hazırda Sədərək kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılır, yaşayış məntəqələrinə içməli su və kanalizasiya xətləri çəkilir. Rayonda məktəbəqədər tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi də diqqət mərkəzindədir. Bu gün Heydərabad qəsəbə uşaq bağçasının istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Həbib İbrahimov rayonun inkişafına göstərilən qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri Heydərabad qəsəbə uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”  fikrini xatırladaraq demişdir: “Hər bir ölkənin gələcəyini təmin etmək üçün, ilk növbədə, uşaqların hərtərəfli böyüməsinə ciddi diqqət yetirmək lazımdır. Bu mənada uşaqların məktəbəqədər tərbiyəsinin düzgün təşkili, onların hərtərəfli təhsil alması vacib məsələlərdəndir. Bu gün Heydərabad qəsəbəsində istifadəyə verilən uşaq bağçasında da gələcəyimiz olan uşaqlar tərbiyə olunacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Məktəbəqədər təhsil uşaqların intellektual inkişafında, məktəbə hazırlanmasında, bacarıq və vərdişlərin formalaşdırılmasında mühüm rol oynayır. Ona görə də ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, məktəbəqədər təhsil müəssisələrində lazımi şərait yaradılır, uşaq bağçaları dövlətimiz tərəfindən ərzaq və lazımi avadanlıqlarla təmin olunur. Heydərabad qəsəbə uşaq bağçası da müasir avadanlıqlarla təmin edilmiş, uşaqların sağlam böyüməsi üçün hərtərəfli şərait yaradılmışdır. Yaradılan şərait intellektli və bacarıqlı gəncliyin yetişməsinə imkan verəcəkdir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur”.

“Bu işlərin görülməsi üçün ölkədə iqtisadi inkişaf və sabitlik təmin edilməli, dövlət siyasəti sosialyönümlü olmalıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğı sosial sahədə həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Gələcəyimizi təmin etmək üçün uşaqlar vətənpərvər və sağlam böyüdülməlidirlər. Bununla yanaşı, təlim-tərbiyənin səmərəliliyinin artırılması, uşaqların hərtərəfli hazırlanması üçün müəllim və tərbiyəçilər valideynlərlə birlikdə səy və bacarıqlarını əsirgəməməlidirlər.
Ali Məclisin Sədri yeni uşaq bağçasında ölkəmiz üçün sağlam gəncliyin yetişdiriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada tikinti işləri yüksək keyfiyyətlə aparılmış, müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır. Binada yataq otaqları, yeməkxana, tədbirlər və oyun zalları, valideynlər otağı, metodist otağı, mətbəx, ərzaq anbarı, camaşırxana və fərdi qazanxana vardır.
144 yerlik bağçada 8 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 15 tərbiyəçi-müəllim məşğul olur. Müəllim və tərbiyəçilər uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirirlər.
Pianino və mebel avadanlıqları ilə təchiz olunmuş tədbirlər və şənliklər zalında uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Uşaqlar Vətənimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, mahnı oxumuşlar.
Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.
Uşaq bağçası ilə tanışlıqdan sonra Heydər­abad qəsəbə sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir: “Heydərabad qəsəbəsi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ilk yaşayış məntəqəsidir. Son illər Heydərabad qəsəbəsində yaradılan müasir infrastruktur yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına və məskunlaşmanın artmasına imkan vermişdir. Bu gün istifadəyə verilən uşaq bağçası da qəsəbənin sosial həyatında mühüm hadisə olmaqla yanaşı, əhalinin rahat­lığına xidmət edəcəkdir”. Ali Məclisin Sədri Sədərək rayonunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, sakinlərə firavan həyat arzulamışdır.
Rayon sakinləri Sədərəkdə müşahidə olunan kompleks inkişafı ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurlu davamı kimi səciyyələndirmişlər. Qeyd olunmuşdur ki, bu gün ölkəmizdə sabitlik, sürətli sosial-iqtisadi inkişaf vardır. Bu da bütün yaşayış məntəqələri kimi, Sədərək rayonunun inkişafına da təkan vermişdir. Hər bir sədərəkli göstərilən dövlət qayğısını iftixar hissi ilə qarşılayır. Qarşıdan gələn prezident seçkilərində də rayon əhalisi ölkəmizə inkişaf və tərəqqi bəxş edən Heydər Əliyev siyasi xəttini dəstəkləyəcəkdir.
Binanın həyətində də geniş abadlıq iş­ləri aparılmış, uşaq-əyləncə meydançası yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR