05 Yanvar 2025, Bazar

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərq­lənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bütün sahələr uğurla inkişaf edir. Bu inkişafın əldə olunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Müxtəlif sahələrdə çalışan insanların əməyinin qiymətləndirilməsi sabitlik və sosial-iqtisadi inkişafın təmin olunduğu ölkələrdə mümkündür. Azərbaycanda yüksək sosial-iqtisadi inkişaf, davamlı sabitlik və ölkəsinə sədaqətlə xidmət edən vətəndaşlar vardır. Bütün bunların təməlində isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt və bu xəttə sədaqət dayanır”.
Ali Məclisin Sədri demişdir: “Azərbaycanda həyata keçirilən siyasi xətt dövlət-xalq, xalq-dövlət birliyinə əsaslanır. Bu birlik isə inkişafın əsas hərəkətverici qüvvəsidir. Bu gün təltif olunanlar da öz sahələrində uğurlu fəaliyyət göstərən, ölkəmizin ümumi inkişafında fərqlənən insanlardır. Onların çəkdikləri zəhmət və səmərəli fəaliyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Çünki hər kəsə bacarığına görə iş, işinə görə isə qiymət vermək lazımdır. Bu isə vətəndaşların öz işlərinə daha məsuliyyətlə yanaşmasına, işdə rəqabətin yaranmasına, sabitliyin, sosial-iqtisadi inkişafın qorunub saxlanılmasına xidmət edir”.
“Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycanın dünəninin, bu gününün və sabahının yoludur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu yol Azərbaycanı hərtərəfli inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Təltif olunanlar bundan sonra da öz fəaliyyətlərində ulu öndərin siyasi xəttinə sədaqət göstərməli, ölkəmizin inkişafında səy və bacarıqlarını əsirgəməməlidirlər. Çünki bu siyasi xəttin bundan sonra da davam etdirilməsi Azərbaycanda daha böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.
Ali Məclisin Sədri təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə bir daha təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Ali Məclisin Sədri medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

Təltif olunanlardan Səkinə Axundova, Əlövsət Baxşıyev, Mətanət Əliyeva, Abbas Qasımov, Fatma Quliyeva, Ənvər Şıxəliyev, Ruxsarə Vəliyeva, Məryəm Zeynalova, Məryəm Vəlibəyova, Yaqub Məmmədov, Məhərrəm Qasımov, Elmira Rzayeva və Şahbaz Şıxəliyev əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışacaqlarını, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq qalacaqlarını, dahi şəxsiyyətin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirmişlər.
Sonra Ali Məclisin Sədri 2012-2013-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 1 nömrəli və Ordubad şəhəri 3 nömrəli tam orta məktəblərinə, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatları təqdim etmişdir.
Ordubad şəhəri 3 nömrəli tam orta məktəbin direktoru Əliağa Rzayev, “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan Dilruba Məmmədzadə və Yunis Quliyev əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafına göstərilən qayğı, şəhər, rayon, qəsəbə və kəndlərdə müasir məktəb binalarının tikilməsi tədrisin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Bu gün təhsildə uğur qazanan ümumtəhsil məktəblərinin və müəllimlərin əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi isə təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir. Onlar bundan sonra da səylə çalışacaqlarını, yüksək intellektli, savadlı və ümummilli liderimizin ideyalarına sadiq vətənpərvər gənclər yetişdirəcəklərini qeyd etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR