Son illər aparılan tikinti-quruculuq işləri Qıvraq qəsəbəsindəki hərbi hissənin görkəmini tamamilə dəyişmiş, xidmətin təşkili üçün lazımi şərait yaradılmışdır. Hazırda hərbi hissədə Təlim-Tədris Mərkəzi üçün yeni bina inşa olunur.
Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yerləşdiyi əraziyə gəlmiş, tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaqdır. Burada interaktiv atəş otağı, təlim sinifləri və trenajor zalları istifadəyə veriləcək, mərkəz müasir texnika və avadanlıqlarla təchiz olunacaqdır. Hazırda binada tikinti işləri davam etdirilir. Mərkəzdə hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktik vərdişlərinin möhkəmləndirilməsi üçün lazımi şərait yaradılacaqdır.
Ali Məclisin Sədri binada inşaat işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti