05 Yanvar 2025, Bazar

Oktyabrın 5-də 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmiş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni əsgər yataqxanasının açılışı olmuşdur.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümünü hərbi hissənin yeni əsgər yataqxanasının istifadəyə verilməsi ilə qeyd edildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını, hərbi hissənin bütün şəxsi heyətini təbrik edərək demişdir: “Dövlətin dövlət olması üçün onun güclü ordusu olmalıdır. Ordusu olmayan ölkə tam müstəqil ola və milli dövlətini qura bilməz. Ordu hər bir dövlətin özünütəsdiq imkanıdır. Xalqımızın özünütəsdiq imkanının reallaşdırılması yolunda ilk addımlar ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu öndərimiz Sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi barədə düşünərək Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmış, Azərbaycandan kənarda hərbi kadrların yetişməsinə, bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəblərdə azərbaycanlıların sayının artı­rılmasına nail olmuşdu”.

Ali Məclisin Sədri demişdir: “Ulu öndəri­mizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, Milli Ordu quruculuğu da ötən əsrin 90-cı illərində Naxçıvandan başlanmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra –  1991-ci il sen­tyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratmışdı. 1992-ci il sentyabrın    15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk Milli Ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş, bununla da, Azərbaycan nizami ordusunun yaradılmasına başlanmışdı”.
“20 il bundan əvvəl – 1993-cü il oktyabrın 3-də ulu öndərimizin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmizdə digər sahələr kimi, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində də davamlı tədbirlər görülmüş, ordu quruculuğu prosesi vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlanmışdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Azərbaycan Ordusunun, eyni zamanda 705 saylı hərbi hissənin bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması ulu öndərimizin gərgin dövlətçilik fəaliyyətinin nəticəsidir. Ümummilli liderimizin qayğısı ilə 705 saylı motoatıcı briqada 1995-ci ildə motoatıcı diviziyaya çevrilmiş, 1998-ci ildə isə 705 saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdı. Azərbaycan Ordusunun yaradıcısı, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən, canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Qeyd olunmuşdur ki, Azərbaycan Ordusunu təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində ümummilli lider Heydər Əliyevin başladığı iş bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordunun döyüş qabiliyyəti daha da yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin də maddi-texniki təminatı müasir tələblər nəzərə alınaraq möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Ötən 10 ildə muxtar respublikamızda 162 hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılmışdır.
Ordumuzun formalaşmasında əməyi olan qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə, Türkiyə dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyinə öz hörmət və ehtiramını bildirən Ali Məclisin Sədri hərbi qulluqçulara müraciət edərək demişdir: “Hərbi xidmət Vətəni, xalqı, torpağı qorumaq peşəsidir. Hərbi qulluqçunun bir toxunulmaz vəzifəsi var: o da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməkdir. Bu vəzifənin yerinə yetirilməsi isə özünü hərbi xidmətə həsr edənlərin vətənpərvərlik hissindən asılıdır. Əsgər və zabitlərimiz, ilk növbədə, vətənpərvərlik hissini hər şeydən üstün tutmalı, dövlətə sədaqətlə xidmət etməlidirlər. Naxçıvan Muxtar Respublikası fəal strateji mövqedə yerləşir. Bu, sizin – düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizin qarşısına mühüm vəzifələr qoyur. Siz daim nümunə göstərməli, hər an istənilən tapşırığın icrasına hazır olmalısınız. İnanırıq ki, bundan sonra da döyüş hazırlığınızı yüksəldəcək, müasir hərb sənətinə yiyələnərək torpaqlarımızın etibarlı müdafiəsini təmin edəcək, sizə həvalə olunmuş texnikanı öyrənərək, texnika və əmlakı qoruyaraq şərəfli Azərbaycan əsgəri və zabiti adını öz xidmətinizlə doğruldacaqsınız”.
Ali Məclisin Sədri bu yolda hərbi qulluqçu­lara uğurlar arzulamışdır.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev çıxış edərək demişdir ki, ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Son 10 ildə Azərbaycanın hərbi xərcləri bir neçə dəfə artırılmış, müdafiə sənayesi inkişaf etdirilmiş, Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilmişdir. Qeyd olunmuşdur ki, bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikamızda da uğurla davam etdirilir, hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri, tabor və bölük mərkəzləri tikilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Göstərilən yüksək dövlət qayğısı nəticəsində muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılmışdır. Kərəm Mustafayev yeni əsgər yataqxanasının istifadəyə verilməsini ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirmiş, şəxsi heyət adından minnətdarlığını bildirmişdir.
Sonra Ali Məclisin Sədri zabitlərdən 1 nəfərə “Vətən uğrunda”, 1 nəfərə “İgidliyə görə”, 3 nəfərə isə “Hərbi xidmətlərə görə” medallarını təqdim etmiş, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.
Baş leytenant Rəfael Salmanov, əsgərlər Şirzad Alırzayev və Sənan İmanov şəxsi heyət adından yaradılan yüksək xidmət şəraitinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Onlar bundan sonra da Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, hərbi biliklərə dərindən yiyələnəcəklərinə və ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq qalacaqlarına söz vermişlər.
Ali Məclisin Sədri yataqxana binasının açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, əsaslı şəkildə yenidən qurulan əsgər yataqxanası 5 mərtəbədən ibarətdir. Əsgər yataqxanasının hər mərtəbəsində məişət guşələri, təlim sinfi, silah, ideoloji otaq və ayrı-ayrı xidməti otaqlar vardır.
Təlim siniflərində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazır­lıq, eləcə də hərbi topoqrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədiləcəkdir. Şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazır­lığının yüksəldilməsində ideoloji otaqların mühüm rolu vardır. Binadakı ideoloji otaqlarda əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılmış, tele­vizorlar qoyulmuşdur. Otaqlarda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, stendlər, qəzet və jurnal materialları vardır. Burada əsgərlərə dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanları yaradılmışdır.
Yataqxanada əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılmış, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunmuşdur. Divarlara “Dövri mətbuat”, “İdman guşəsi” başlıqlı stendlər, eləcə də xalqımızın yetirdiyi tarixi şəxsiyyətlərin, generalların, muxtar respublikamızın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri vurulmuşdur.
Binada fərdi qazanxana quraşdırılmış, istilik sistemləri və daimi su xətti çəkilmiş, sanitar qovşaqları yaradılmışdır. Həyətdə də geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri hərbi hissənin əsgəri-məişət kompleksinə gəlmiş, şəxsi heyətlə birlikdə nahar  etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR