Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşmüşdür.
İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanmışlar ki, onlardan da 6-sı qızıldır. “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, – deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirdi.
Sonra Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan Mamayev, Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdilər.
Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc