Tədrisin yeni dövrün tələblərinə uyğun qurulması, ilk növbədə, müasir təhsil infrastrukturunun yaradılmasından asılıdır. Son illər muxtar respublikanın yaşayış məntəqələrində yeni məktəb binaları tikilmiş, tədris forma və məzmunca yeniləşdirilmişdir. Ordubad rayonunda da təhsil ocaqlarının müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə ardıcıl tədbirlər görülmüşdür.
Oktyabrın 4-də Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Yasin Həsənov demişdir ki, yeni məktəb binasının istifadəyə verilməsi elmə, təhsilə, gələcəyimiz olan gənc nəslə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Məktəbdə informasiya texnologiyalarının tətbiqi, yeni tədris avadanlıqlarının qurulması təhsilin səviyyəsini xeyli yüksəldəcəkdir. Göstərilən hərtərəfli diqqət və qayğıya cavab olaraq məktəbin pedaqoji kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir. Yasin Həsənov görülən bu işlərin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulamış, qarşıdan gələn prezident seçkilərində də bu siyasi xətti dəstəkləyəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sabirkənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə cavab verən biliyə malik olmalı, təhsil isə daim təkmilləşdirilməlidir” fikrini xatırladaraq demişdir: “Bu gün Sabirkənddə lazımi tədris avadanlıqları ilə təmin olunmuş yeni məktəb binasının istifadəyə verilməsi ümummilli liderimizin tövsiyələrinə uyğun gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Məktəb binasında hərtərəfli şərait yaradılmışdır. Təhsil ocağında lazımi tədris avadanlıqları quraşdırılmış, elektron lövhəli siniflər, kompüter otaqları, zəngin kitabxana fondu, idman zalı şagirdlərin istifadəsinə verilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Gənclər ölkəmizin gələcəyidir. Bu mənada təhsilə göstərilən qayğı, çəkilən zəhmət ölkənin gələcəyinə xidmət edir. Dövlətimiz tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Yeni məktəb binaları tikilir, tədrisin keyfiyyəti yüksəldilir, müəllimlərin əməkhaqları artırılır, fərqlənənlərin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bütün bunlar isə müəllimlər qarşısında mühüm vəzifələr qoyur. Ölkəmizin gələcəyi olan gənclərin hazırlanması, onların Vətənə sədaqət ruhunda tərbiyə olunması hər bir müəllimin fəaliyyətinin əsasını təşkil etməlidir”.
Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, ötən tədris ilində məktəbi bitirən məzunlardan 7-si ali məktəblərə, 3-ü orta ixtisas məktəbinə, 3-ü isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Bunlar məktəbin pedaqoji kollektivinin uğurlarıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla icra olunacağına, məktəbin nailiyyətlərinin daha da artırılacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompüter dəsti hədiyyə etmiş, təhsildə qazandıqları nailiyyətlərə görə şagirdləri təbrik etmiş, onların müəllimlərinə təşəkkürünü bildirmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 378 şagird yerlik məktəb binası 4 mərtəbədən ibarətdir. Binada 21 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Təhsil ocağında 257 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 41 müəllim məşğul olur.
Məktəbdə lazımi ədəbiyyatlarla təmin olunmuş müasir kitabxana yaradılmışdır. Burada şagirdlərin və müəllimlərin kitablardan rahat istifadəsi təmin olunmuş, mütaliə saatları və “kitabxana günü” müəyyənləşdirilmişdir. Kitabxana fondunda 3160 latın qrafikalı dərslik və 2878 bədii ədəbiyyat olmaqla, 6038 kitab vardır.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2013-2014-cü tədris ilində Sabirkənd tam orta məktəbində birinci sinfə 30 şagird qəbul olunmuşdur.
Kompüter otaqlarında 38 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Kompüterlər arasında lokal informasiya mübadilə şəbəkəsi yaradılmış, hər bir kompüter müasir əməliyyat sistemi və proqram təminatı ilə təchiz edilmişdir. İnformatika dərslərində şagirdlər kompüterlərin texniki və proqram təminatını öyrənə biləcəklər. İnternetə çıxış imkanının olması isə şagirdlərin elektron kitabxanalardan sərbəst istifadəsinə, eləcə də təhsilyönümlü saytlardan əlavə məlumatlar əldə etmələrinə imkan verəcəkdir.
Dəqiq elmlərin tədrisi zamanı müasir laboratoriyaların imkanlarından istifadə olunması nəzəri biliklərin praktik vərdişlərlə möhkəmləndirilməsinə köməklik göstərir. Hazırda məktəbin kimya-biologiya və fizika laboratoriyalarında sınaq təcrübələrinin aparılması üçün müxtəlif cihaz və alətlər qoyulmuşdur. Təhsil ocağında quraşdırılan 3 elektron lövhə isə keçilən dərslərin ətraflı və aydın şəkildə qavranılmasını təmin edəcəkdir.
Ümumtəhsil məktəblərində hərbi hazırlıq fənninin yüksək səviyyədə tədris olunması gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsində, onların hərb sənətinə olan maraqlarının artırılmasında başlıca amillərdəndir. Sabirkənd məktəbinin hərbi kabinəsində də şagirdlərə mühəndis, atəş, tibbi və sıra hazırlıqlarının, hərbi topoqrafiyanın və digər hərbi biliklərin öyrədilməsi üçün lazımi şərait yaradılmışdır.
Baxış zamanı qeyd olunmuşdur ki, muxtar respublikanın ümumtəhsil məktəblərində “şahmat” fənninin tədrisinə xüsusi diqqət yetirilir. Keçilən dərslər şagirdlərin şahmata olan marağını artırmaqla yanaşı, onların əqli inkişafı və intellektual səviyyəsinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Məktəbin idman zalında yaradılan şərait, quraşdırılan idman qurğuları şagirdlərin sağlam böyüməsinə, idman və fiziki tərbiyə işinin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: “Bu gün Sabirkənddə yeni məktəb binasının istifadəyə verilməsi kənddə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, ölkəmizin gələcəyinə hesablanmışdır. Məktəbdə intellektli, savadlı, vətənpərvər gənclərin yetişdirilməsi dövlətimizin ən qiymətli sərvətidir. Gələcəkdə bu gənclər hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, ilk növbədə, ölkəmizə xidmət edəcəklər”.
Ali Məclisin Sədri Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin pedaqoji kollektivini təbrik etmiş, ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafı sahəsində görülən işləri eyni zamanda müəllim əməyinə verilən qiymət kimi dəyərləndirmişdir.
Təhsil ocağının həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.
Ali Məclisin Sədri məktəb binasına baxışdan sonra kənd sakinləri ilə görüşmüşdür. Kənd sakinləri, ziyalılar Sabirkəndin abad yaşayış məntəqəsinə çevrildiyini, insanların rifahının yüksəldiyini, problemlərinin vaxtlı-vaxtında həll olunduğunu bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Ali Məclisin Sədri Ordubad rayonunun kəndlərinin kompleks şəkildə abadlaşması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, yaradılan şəraiti, göstərilən qayğını ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurlu davamı kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti