Taxıl məhsulları istehsalının genişləndirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan muxtar respublikada əsas strateji sahə olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Hər il taxıl əkini sahələri genişləndirilir, mütərəqqi üsullardan istifadə olunaraq bol məhsul istehsal edilir.
Bir neçə gündür ki, muxtar respublikamızda payızlıq taxıl əkininə başlanmışdır.
Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatına gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, bu günə qədər muxtar respublikada payızlıq taxıl əkini üçün 8 min 600 hektar sahədə şum aparılmış, 400 hektar sahədə səpin işləri başa çatdırılmışdır. Əkin şırım üsulu ilə aparılır. Bu da məhsuldarlığın artırılmasında, torpaqların şoranlaşmasının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Toxumçuluq təsərrüfatının taxıl əkini sahəsi 400 hektardır. Ərazidə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilmiş, şoranlaşmanın və eroziyanın qarşısı alınmışdır. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı “Quality” toxum sortundan istifadə olunur. Əkinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları cəlb olunmuşdur.
Bildirilmişdir ki, əkin zamanı əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Çünki sağlam cücərtilərin alınmasına həm də keyfiyyətli səpin aparmaqla nail olmaq mümkündür. Hazırda muxtar respublikanın taxıl sahələrində səpin və becərmə işləri aqrotexniki qaydalarda aparılır. Bu da məhsuldarlığın yüksəldilməsinə və bol məhsul istehsalına imkan verir.
Ali Məclisin Sədri muxtar respublikada taxıl əkininin şırım üsulu ilə aparılmasının əhəmiyyətli olduğunu bildirmiş, payızlıq taxıl əkininin optimal müddətdə başa çatdırılması, torpaq mülkiyyətçiləri arasında mütərəqqi əkin və becərmə üsullarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlərin aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti