Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Baş prokuror Zakir Qaralov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verən baş prokuror Zakir Qaralov bildirdi ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının inşasına 2010-cu ilin avqustunda başlanmış və tikinti işləri uğurla başa çatdırılmışdır. Bununla yanaşı, ərazidəki digər binalarda yenidənqurma işləri aparılmış, ətrafda yaşayan insanların istirahətinin təşkili məqsədi ilə yeni park salınmış, yaşıllıq zolaqları genişləndirilmiş, fəvvarələr quraşdırılmışdır.
Dövlətimizin başçısı “Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış oldu. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədi ilə yaradılan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilmişdir. Artıq daxil olan zənglərin görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı ilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.
Prezident İlham Əliyev daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədi ilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış oldu.
Sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivi ilə görüşdü.
AzərTAc