Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn ATƏT-in müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri ölkəmizdə prezident seçkilərinə hazırlıq işlərinin aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, ATƏT-in müşahidə missiyası Azərbaycan dövlətinin dəvəti ilə ölkəmizə gəlmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada müşahidəçilərin fəaliyyətinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri ATƏT-in müşahidə missiyasına işlərində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Tana de Zulueta Naxçıvan Muxtar Respublikasında ATƏT-in müşahidə missiyasının nümayəndələri üçün yaradılan şəraitdən razılığını bildirmiş, prezident seçkiləri zamanı qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü qeyd etmişdir.
Görüşdə prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti