Naxçıvan şəhərinin “Atabəylər”, “Əlincə”, Babək və 6-cı məhəllələrini, eləcə də Hacıniyyət kəndini əhatə edən avtomobil yolu yenidən qurulmuş, yol kənarlarında geniş abadlıq işləri aparılmışdır.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunun əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, yolun ümumi uzunluğu 3,2 kilometrdir. Avtomobil yolunun Heydər Əliyev prospektindən Naxçıvan dairəvi avtomobil yoluna qədər olan hissəsinin eni genişləndirilərək 25,2 metrə çatdırılmışdır. Yenidənqurma işləri çərçivəsində yol yatağında bərkitmə işləri aparılmış, ərazidəki rabitə və elektrik xətləri yeraltı sistemə keçirilmiş, keyfiyyətli asfalt örtük salınmışdır. Altı hərəkət zolağından ibarət olan yolun kənarlarında 6,4 kilometr uzunluğunda səkilər salınmış, yağıntı sularının axıdılması üçün beton suaxıdıcılar çəkilmiş, yolun hər iki tərəfində işıqlandırma sistemləri qurulmuşdur. Yenidənqurma işləri zamanı yolun üzərində yerləşən yeraltı piyada keçidi də əsaslı təmir olunmuşdur.
Bildirilmişdir ki, yolun Babək məhəlləsindən keçən 1300 metrlik hissəsi də yenidən qurulmuş, ətrafı abadlaşdırılmışdır. Yolun hərəkət hissəsinin eni 19, yol yatağının eni isə 26 metrə çatdırılmış, avtomobillərin 4 zolaqlı hərəkəti təmin edilmişdir. Yol ətraflarında 5,2 kilometr bardür düzülmüş, 2,6 kilometr beton suaxıdıcı tikilmiş, 95 metr uzunluğunda hasar çəkilmiş, ictimai yaşayış binalarının həyətləri abadlaşdırılmışdır.
Yolun istifadəyə verilməsi ilə “Atabəylər”, “Əlincə”, Babək və 6-cı məhəllələrdən, eləcə də Naxçıvan dəmir yolu vağzalından şəhərin müxtəlif istiqamətlərinə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunmuşdur.
Ali Məclisin Sədri Naxçıvan şəhərində yolların genişləndirilərək yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsini tapşırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti