05 Yanvar 2025, Bazar

Muxtar respublikanın istər rayon mərkəzlərində, istərsə də şəhər, qəsəbə və kəndlərində müşahidə olunan inkişaf tempi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrəsidir. Bu inkişafdan Culfa rayonuna da pay düşüb. Hər il rayonun kəndlərində yeni məktəb binaları, kənd mərkəzləri, səhiyyə obyektləri tikilir, müasir yollar çəkilir.
Sentyabrın 20-də Culfa rayonunun Kırna kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kırna kəndinin avtomobil yolu yenidən qurulmuşdur

Müasir yol infrastrukturunun yaradılması muxtar respublikanın kəndlərində aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Bu il Kırna kəndində aparılan tikinti işləri zamanı avtomobil yolu da əsaslı şəkildə yenidən qurulmuşdur.
Sentyabrın 20-də Kırna avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış məra­simində iştirak etmişdir.

Kənd sakini Rahib Məmmədov avtomobil yolunun yenidən qurulmasının kəndin həyatında əlamətdar hadisə olduğunu bildirmiş, sakinlər adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Kəndlərdə aparılan tikinti-quruculuq işləri, yaradılan müasir infrastruktur Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda da Tədbirlər Planı hazırlanaraq icra olunur. Kırna kəndində tikilən yeni sosial obyektlər qəbul edilən dövlət proqramlarının icrası nəticəsində mümkün olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Kəndlərin inkişafında yol infrastrukturunun təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Hər bir yaşayış məntəqəsinin abadlığı onun yolundan başlanır. Müasir yolların salınması kəndlə şəhər arasındakı əlaqələrin daha səmərəli qurulmasına, kəndlərin inkişafına və insanların rahatlığına xidmət edir. Bu gün Kırna kəndinin avtomobil yolu yenidən qurularaq istifadəyə verilir. Bu, kəndin inkişafı ilə yanaşı, insanların sosial problemlərinin həllinə də öz təsirini göstərəcəkdir”.
Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yolun uzunluğu 4 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yolda piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin edilmişdir. Yenidənqurma işləri aparılarkən yola suötürücülər qoyulmuş, yol xətlənmiş və hərəkət qaydalarına uyğun işarələnmişdir. Yolun yenidən qurulması rayon mərkəzi və digər kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına imkan verəcəkdir.

Kırna kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir

Təhsilə qayğı ölkənin gələcəyinə xidmət edir. Bu gün təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması muxtar respublikamızda həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Tikilən hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı və intellektli gəncliyin yetişdirilməsi kimi ali məqsədə hesablanmışdır.
Sentyabrın 20-də əsaslı yenidənqurma işləri aparılmış Kırna kənd tam orta məktəbi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış məra­simində iştirak etmişdir.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev bildirmişdir ki, muxtar respublikada həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, müxtəlif sahələrdə aparılan məqsədyönlü islahatlar, əhalinin sosial problemlərinin həllinə, infrastruktur obyektlərinin yeniləşməsinə səbəb olmuşdur. Bu tədbirlər Culfa rayonunda da uğurla həyata keçirilir, rayon mərkəzində və kəndlərdə yeni sosial obyektlər tikilərək istifadəyə verilir. Son illərdə rayonun 20 ümumtəhsil məktəbi üçün bina inşa olunmuş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu gün istifadəyə verilən Kırna kənd tam orta məktəbinin, həkim ambu­latoriyasının, kənd və xidmət mərkəzlərinin binaları da rayonun quruculuq salnaməsində yeni bir səhifə açmışdır. Rayon əhalisi adından minnətdarlığını bildirən Şükür Babayev bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz vermişdir.
Məktəbin müəllimi Sevinc Cəfərli yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektiv adından minnətdarlıq etmişdir. Qeyd olunmuşdur ki, istifadəyə verilən məktəb binasında müasir tədris avadanlıqlarının tətbiqi təhsilin səmərəliliyini artırmaq üçün məktəb kollektivinə yeni imkanlar yaratmışdır. Bu, yeni tədris ilində müəllim və şagirdlər üçün ən böyük hədiyyədir. Bütün bunlar imkan verəcəkdir ki, şagirdlər ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq və bilikli vətəndaş kimi yetişsinlər. Sevinc Cəfərli tədrisin səviyyəsinin yüksəldilməsi sahəsində bundan sonra da uğurla çalışacaqlarını və qarşıdan gələn prezident seçkilərində dahi şəxsiyyətin siyasi xəttini dəstəkləyəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kırna kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs bir sahədir” fikrini xatırladaraq demişdir: “Hər bir ölkənin gələcəyi təhsilli və vətənpərvər gənc­lərdən asılıdır. Ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq kifayətdir. Gəncliyi yüksək təhsilli, vətənpərvər və peşəyə sahib olan ölkələrin gələcəyi də parlaq olur. Bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kırna kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi də ulu öndərin təhsil strategiyasının bəhrəsidir”.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimizin siyasi xəttinin davam etdirilməsi Azərbaycanın bütün regionlarının, hər bir şəhər və kəndinin sürətli inkişafına səbəb olmuş, insanların yaşayış səviyyəsi yüksəlmişdir. Hər bir ölkənin gələcəyi bu gün həyata keçirilən tədbirlərdən asılıdır. Bu mənada ölkə­mizdə, eləcə də muxtar respublikamızda istifadəyə verilən sosial obyektlər, elm və təhsil ocaqları Azərbaycanın gələcəyinə hesablanmış tədbirlərdir”.
Ali Məclisin Sədri demişdir: “Məktəb işi yalnız pedaqoji kollektivin üzərinə düşən vəzifə deyil. Tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin gücləndirilməsi eyni zamanda dövlətin və cəmiyyətin məktəblə birgə fəaliyyəti nəticəsində mümkün olur. Ailə-məktəb birliyi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Vətənpərvər və təhsilli gənc­lərin yetişdirilməsində müəllimlərlə yanaşı, valideynlər də yaxından iştirak etməlidirlər. Bu işlərin həyata keçirilməsi üçün Kırna kənd tam orta məktəbində hər cür şərait yaradılmışdır. Təhsil ocağı informasiya texnologiyaları ilə təmin edilmiş, laboratoriyalar qurulmuş, müasir kitabxana, kompüter sinifləri kollektivin istifadəsinə verilmişdir. Ona görə də yaradılan bu şəraitdən səmərəli istifadə edilməli, hərtərəfli biliyə və geniş dünyagörüşə malik gənclər yetişdirilməlidir”.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir: “Tədrisin düzgün təşkili Kırna kənd tam orta məktəbində kəmiyyətlə yanaşı, keyfiyyətin artmasına da səbəb olmuşdur. Ötən tədris ilində məktəbin məzunlarından 11-i ali məktəblərə, 2-si orta ixtisas məktəblərinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur”.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, məktəbdə yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə, nailiyyətlərin daha da artırılacağına, bilikli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri Culfa rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompüter dəsti hədiyyə etmiş, onları təhsildə qazandıqları nailiyyətlərə görə təbrik etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binası 306 şagird yerlikdir. Binada 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı yaradılmışdır.
Məktəbin kitabxana fondunda 5198 latın qrafikalı dərslik və 3155 bədii ədəbiyyat vardır. Kitablar elektron kataloqa köçürülmüşdür.
Bu il ilk dəfə məktəbə qədəm qoyan şagirdlərin təhsil aldığı sinfə baxış zamanı bildirilmişdir ki, 2013-2014-cü tədris ilində Kırna kənd tam orta məktəbində birinci sinfə 13 şagird qəbul olunmuşdur. Tədris prosesində ibtidai təhsilin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılır. Bu sahədə müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Hər bir müəllim çalışır ki, şagirdlər keçilən dərsləri yaxşı mənimsəsinlər. Məhz bunun nəticəsidir ki, məktəbin ibtidai sinif müəllimi Dilrübə Məmmədzadə ötən tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Ali Məclisin Sədri məktəb binasındakı ayrı-ayrı fənn kabinələri ilə də tanış olmuşdur.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində inter­aktiv texnologiyaların imkanlarından geniş istifadə olunur. Kırna kənd tam orta məktəbinin binasında yaradılan şərait də informasiya texnologiyalarından səmərəli istifadə etməyə imkan verir. Hazırda təhsil ocağında 23 kom­püter vardır. Kompüterlərin 1-i kitabxanada, 22-si isə kompüter otaqlarında quraşdırılmış və internetə qoşulmuşdur.
Kırna kənd tam orta məktəbində elektron lövhələrdən geniş istifadə olunur. Fizika laboratoriyasında və 2 sinif otağında elektron lövhələr quraşdırılmışdır. Funksional imkanlara malik olan elektron lövhələr dərslərin tam interaktiv rejimdə keçilməsinə və tədrisin əyaniliyinin təmin edilməsinə imkan verir.
Kimya və biologiya laboratoriyalarının əyani tədris vəsaitləri ilə təmin olunması da şagirdlərin həm nəzəri, həm də təcrübi biliklərinin artırılmasına imkan verir. Bu fənləri tədris edən müəllimlərin təkmilləşdirmə kurslarına göndərilməsi isə keçilən dərslərin keyfiyyətini xeyli artırmışdır.
Hərbi kabinəyə baxış zamanı bildirilmişdir ki, məktəblərdə hərbi hazır­lıq dərslərinin yüksək səviyyədə tədris olunması vacib şərtdir. Kırna kənd tam orta məktəbində “çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisinə ciddi diqqət yetirilir. Keçilən dərslər zamanı gənclərin nəzəri və praktik hərbi biliklərə yiyələnməsi onlarda vətənpərvərlik hisslərini yüksəldir. Bu il rayonun ümumtəhsil məktəbləri üzrə 1 şagird Sərhəd Qoşunları Akademiyasına, 2 nəfər Polis Akademiyasına, 3 nəfər isə Ali Hərbi Məktəbə qəbul olunmuşdur.
İdman zalında yaradılan şərait də bədən tərbiyəsi və idman dərslərinin səmərəli keçilməsinə imkan verəcəkdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri muxtar respublikanın kəndlərində yeni məktəb binalarının istifadəyə verilməsini dövlətin təhsilə göstərilən qayğısı kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Təhsilli, vətənpərvər, hər hansı bir peşəyə sahib olan gənclər yetişdirmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Pedaqoji kollektiv şagirdləri Vətənimizə, xalqımıza və dövlətimizə sədaqət ruhunda tərbiyə etməli, ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq gənclər yetişdirməlidir.
Müəllimlər təhsilin inkişafına göstərilən qayğıya görə minnətdarlıq etmiş və bildirmişlər ki, yaradılan şəraitdən səmərəli istifadə edəcəklər.
Məktəbin həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, açıq idman qurğuları quraşdırılmışdır.

Dövlət qurumları müasir binada fəaliyyət göstərəcək

Sentyabrın 20-də Kırna Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası Kırna kənd ərazi ilk təşkilatının sədri Xalid Məmmədov çıxış edərək demişdir ki, kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Göstərilən bu cür yüksək dövlət qayğısı kənd sakinlərinə böyük sevinc bəxş etmişdir. Kənddə əhalinin rahat yaşayışı və rifah halının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən kənd mərkəzində idarəetmə strukturları və xidmət təşkilatlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Xalid Məmmədov yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kırna Kənd Mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Kırna kəndində aparılan quruculuq işləri kəndi abad yaşayış məntəqəsinə çevirmişdir. Abad yaşayış məntəqəsi isə insanların rahat yaşamasına, onların problemlərinin vaxtlı-vaxtında həll olunmasına, gündəlik tələbatlarının ödənilməsinə imkan verir. Bu gün Kırna kəndində istifadəyə verilən yol, məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri də sakinlərə xidmət göstərəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizin ən qiymətli sərvəti olan insanlara hərtərəfli qayğı göstərilir. Kəndlərin inkişafı, müasir infrastrukturun yaradılması məhz insan amilinə verilən qiymətin nəticəsidir. Ona görə də idarəetmə strukturları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, insanların problemlərinin həllində yaxından iştirak etməli, kəndin torpaqlarından səmərəli istifadə olunmalı, məşğulluğun təmin olunması diqqət mərkəzində saxlanılmalıdır”.
“Ərzaq və enerji təhlükəsizliyi təmin olunmadan, sabitlik yaradılmadan ölkələrin müstəqil fəaliyyət göstərməsi və inkişafı mümkün deyil”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün Azərbaycan müstəqil dövlətdir. Ölkəmizdə ərzaq və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq dövlət proqramları qəbul olunaraq icra edilir, sabitlik qorunub saxlanılır. Kırna kəndində yaradılan şərait də sakinlərin ölkəmizdə qəbul olunan dövlət proqramlarının icrasında, xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etmələrinə imkan verəcəkdir. Ona görə də sakinlər torpaqlardan səmərəli istifadə etməli, əkinçilik və heyvandarlıq inkişaf etdirilməli, qurulanlar, yaradılanlar qorunmalı, əhalinin məskunlaşması diqqət mərkəzində saxlanılmalıdır.

Ali Məclisin Sədri idarəetmə strukturlarının yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmiş, onlara işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, binanın birinci mərtəbəsində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, eləcə də kitabxana yerləşir. Baytarlıq məntəqəsində lazımi şərait yaradılmışdır. Kırna və Qızılca kəndlərini əhatə edən məntəqə vaxtlı-vaxtında dərman vasitələri ilə təmin olunur. Baytarlıq xidmətinin düzgün təşkili və aparılan profilaktik tədbirlər kəndlərdə heyvandarlığın inkişafına, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına səbəb olmuşdur.
Kənd kitabxanasında 12 min 163 kitab vardır. Rabitə evində 384 nömrəlik ATS quraşdırılmışdır. ATS 204 abonentə xidmət göstərir. Burada poçt xidmətinin də günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılmış, gündəlik mətbuatın, danışıq və internet kartlarının satışı təşkil olunmuşdur.
Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi, arxiv və 55 yerlik iclas zalı yerləşir. Yeni Azərbaycan Partiyası Kırna kənd ərazi ilk təşkilatının 188 üzvü vardır. Onlardan 74-ü gənclər, 86-sı isə qadınlardır. Ərazi ilk təşkilatı kəndin ictimai-siyasi həyatında fəal iştirak edir.

Kırna kənd həkim ambulatoriyasının yeni binası istifadəyə verilmişdir

Həmin gün Kırna kəndində yeni həkim ambulatoriyasının da açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kırna kənd həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə insanların sağlamlığının qorunması, onlara lazımi tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən həkim ambulatoriyası da Kırna kəndinin əhalisinə xidmət göstərəcəkdir. Yaradılan şərait kollektivin səmərəli fəaliyyət göstərməsinə, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, insanların sağlamlığının etibarlı şəkildə qorunmasına imkan verəcəkdir. Tibb işçiləri gigiyenik qaydalara əməl edilməsi məqsədilə maarifləndirmə işləri aparmalı, azyaşlı uşaqlar peyvəndə cəlb olunmalı, hamilə qadınlara patronaj xidməti vaxtlı-vaxtında təşkil olunmalıdır”.
Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini bildirmiş, kollektivə fəaliyyətində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Ambulatoriya 2 mərtəbədən ibarətdir. Binada stomatoloq kabinəsi, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları istifadəyə verilmişdir. Lazımi dərman preparatları ilə də təmin olunan ambulatoriya sakinlərə göstərilən tibbi xidməti daha da yaxşılaşdırmağa imkan verəcəkdir.
Tibb bacısı Könül Muradova səhiyyənin inkişafına, insanların sağlamlığının qorunmasına göstərilən hərtərəfli dövlət qayğısı­na görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri rayon Mərkəzi Xəstəxanası ilə həkim ambulatoriyalarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini bildirmiş, yaradılanlardan səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.

Xidmət mərkəzində 6 nəfər işlə təmin olunmuşdur

Sentyabrın 20-də Kırna kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Mərkəzdə yerli istehsal məhsullarının satışı üstünlük təşkil edir. Bu da sakinlərin tələbatının daha keyfiyyətli ödənilməsinə imkan verir.
Ali Məclisin Sədri xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş­müşdür.
Sakinlər bildirmişlər ki, yolu abad olan, kompleks tikinti-quruculuq işləri aparılan yaşayış məntəqəsində yaşamağı, fəaliyyət göstərməyi hər bir sakin fərəh hissi ilə qarşılayır. Bu gün Kırna kənd sakinlərinin rahatlığı təmin edilmişdir. Hər bir kırnalı da yaradılanlardan, qurulanlardan səmərəli istifadə edəcək, daim öz fəaliyyətində ulu öndərin siyasi xəttinə sədaqət nümayiş etdirəcəkdir.
Ali Məclisin Sədri demişdir ki, bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi Azərbaycanı inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu inkişafdan Kırna kəndinə də pay düşmüşdür. Ötən illərdə kənddə su dəyirmanı istifadəyə verilmiş, quşçuluq təsərrüfatı yaradılmışdır. Bu gün isə yeni sosial obyektlərin istifadəyə verilməsi ilə kəndin siması tamamilə dəyişilmişdir. Kənddə insanların rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi də dövlətin daim diqqət mərkəzindədir. Sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, əkinçiliyin, heyvandarlığın, eləcə də xırda təsərrüfatların inkişafı üçün lazımi şərait yaradılır. Hər bir sakin qurulanlardan, yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafında yaxından iştirak etməlidir.

*    *    *

Kırna kəndində aparılan abadlıq işləri zamanı 3 min metrə yaxın yeraltı və yerüstü rabitə xətti, 2380 metr elektrik və 300 metr uzunluğunda qaz xətləri çəkilmişdir. Həmçinin kəndi içməli su ilə təmin edən 3200 metr uzunluğunda kaptaj və içməli su xətləri təmir olunmuş, 950 metr uzunluğunda yeni su xətti çəkilmişdir.

Kırna kənd məscidində yenidənqurma işləri aparılacaqdır

Muxtar respublikada məscid binalarının tikilməsi və yenidən qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Görülən bu işlər muxtar respublikada islami dəyərlərə, onun yüksək məziyyətlərinə və bütövlükdə, mənəvi dəyərlərimizə göstərilən diqqətin məntiqi nəticəsidir.
Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kırna kənd məscidinin binasına baxmışdır.
Bildirilmişdir ki, yenidənqurma işləri zamanı binada müasir işıqlandırma sistemi quraşdırılacaq, binanın dam örtüyü və fasadı dəyişdiriləcəkdir.
Ali Məclisin Sədri məscid binasının layihələndirilərək yenidən qurulması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR