05 Yanvar 2025, Bazar

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Hüseyn Cavid küçəsinin aparılan abadlıq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, “İstiqlal” küçəsi ilə Əziz Əliyev küçəsini birləşdirən avtomobil yolunun açılışında iştirak etmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirmişdir ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür, şəhərin küçə və məhəllələri abadlaşdırılır. Görülən bu işlər Naxçvan şəhərinin simasının dəyişməsinə, insanların rahatlığının təmin olunmasına səbəb olmuşdur.
Sakin Vəli Abbasov aparılan quruculuq işlərinə görə sakinlər adından minnətdarlığını bildirərək demişdir ki, bu işlər şəhər sakinləri tərəfindən yüksək razılıq hissi ilə qarşılanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Naxçıvan şəhərində aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsi kimi Hüseyn Cavid küçəsi də abadlaşdırılmış, avtomobil yolu əsaslı yenidən qurulmuşdur. Bu işlər ölkəmizin hərtərəfli inkişafının, həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin tərkib hissəsidir. Dövlət başçısı tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı Azərbaycanın hər bir bölgəsinin abadlaşmasına səbəb olmuşdur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da inkişaf edir, onun paytaxtı Naxçıvan şəhəri abadlaşaraq yenidən qurulur, sakinlərin rahatlığı təmin edilir”.
Ali Məclisin Sədri demişdir ki, Naxçıvan şəhərinin inkişafına, onun abadlaşmasına xüsusi diqqət və qayğı göstərilir. Bu il Hüseyn Cavid küçəsində geniş abadlıq işlərinin aparılması, avtomobil yolunun yenidən qurulması, yolun ətrafındakı evlərin təmir olunması da paytaxt şəhərimizin abadlaşması istiqamətində görülən işlərin davamıdır. Muxtar respublikada əhalinin rahatlığına xidmət edən bu cür tədbirlərin həyata keçiril­məsi, davamlı inkişaf insanların sosial-rifah halını yüksəltmişdir. Sosial-rifah halının yüksəldilməsi, əhalinin gəlirlərinin artması isə nəqliyyat vasitələrinə olan tələbatın çoxalmasına səbəb olmuşdur. Ona görə də Naxçıvan şəhərinin küçə və məhəllələrinin, avtomobil yollarının təmir olunması və genişləndirilməsi zərurətə çevrilmişdir.
“Gələcəkdə də paytaxt şəhərimizin abadlaşması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir”, – deyən Ali Məclisin Sədri sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara firavan həyat arzulamış, yolun açılışını bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədrinə Hüseyn Cavid küçəsində aparılan abadlıq işləri və yolun texniki göstəriciləri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, aparılan abadlıq işləri zamanı yol yatağının eni genişləndirilərək 15,7, hərəkət hissəsinin eni isə 12,7 metrə çatdırılmış, yolun kənarlarındakı fərdi evlərdə yenidənqurma və əsaslı təmir işləri aparılmış, həyətlərin qapıları dəyişdirilmişdir. İki hərəkət zolağından ibarət olan yolun kənarlarında 880 metr hasar və yağış sularının axıdılması üçün 420 metr beton suaxıdıcılar çəkilmiş, 1700 metr bardür düzülmüş, səkilər salınmış, işıqlandırma sistemləri quraşdırılmışdır. Bu avtomobil yolu Hüseyn Cavid küçəsindən keçməklə “İstiqlal” küçəsini Əziz Əliyev və Atatürk küçələri ilə birləşdirir. Yenidənqurma işləri çərçivəsində yol yatağında bərkitmə işləri aparılmış, keyfiyyətli asfalt örtük verilmiş, yol hərəkət qaydalarına uyğun cizgilənərək işarələnmiş, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
 mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR