Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə “ASAN imza”nın sertifikatı və “ASAN imza”nın daşıyıcısı olan Sim kartın yerləşdiyi mobil telefon təqdim edildi.
Məlumat verildi ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir. Digərlərində olduğu kimi, bu mərkəzdə də uşaqlar üçün ayrıca oyun guşəsi yaradılmışdır.
“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.
Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
AzərTAc