05 Yanvar 2025, Bazar

Sentyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev demişdir ki, bu gün muxtar respublikada elmin inkişafına hərtərəfli qayğı göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə də bu qayğıdan pay düşmüş, bölmənin maddi-texniki bazası gücləndirilmiş, əməkdaş­ların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Bu gün istifadəyə verilən elektron kitabxana da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Yaradılan şərait əməkdaşların öz elmi tədqiqatlarını səmərəli aparmalarına, onların elmi fəaliyyətinin daha da gücləndirilməsinə imkan verəcəkdir. Akademik İsmayıl Hacıyev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra daha da səylə çalışacaqlarına söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin kitabxanasının elektron kitabxana statusu aldığını bildirmiş, bu münasibətlə bölmənin əməkdaşlarını təbrik edərək demişdir: “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkənin inkişaf və tərəqqisində başlıca şərtdir. Qədim zamanlardan etibarən inkişaf etmiş ölkələrdə kitabxanalara həmişə xüsusi diqqət göstərilmişdir. Ümummilli liderimiz Heydər Əliyev də kitabxanalara yüksək qiymət verərək deyirdi: “Kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün Azərbaycan sürətlə inkişaf edən, tərəqqiyə qovuşan ölkələr sırasındadır. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində də ardıcıl tədbirlər görülür. Hər il yüksək balla ali məktəblərə qəbul olunan gənclərin, eləcə də xarici ölkələrdə təhsil alan tələbələrin sayı artır. Eyni zamanda ölkəmizdə elm ilə iqtisadiyyatın fəaliyyəti birləşdirilir, informasiya-kommunikasiya texnologiyaları təsərrüfat-iqtisadi həyatın bütün sahələrinə tətbiq edilir. Çünki müasir dünyada inkişafı informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Bu gün istifadəyə verilən elektron kitabxana da Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin işçilərinin digər xarici ölkələrin elektron kitabxanaları ilə əlaqə yaratmalarına, öz tədqiqat işlərini daha səmərəli aparmalarına və mütəxəssis kimi yetişmələrinə imkan verəcəkdir”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərilir. Ali, orta ixtisas və ümumtəhsil məktəblərinə 600-ə yaxın elektron lövhənin verilməsi, elm və təhsil müəssisələrinin kompüterləşdirilməsi, elektron hökumətin qurulması, məktəblərdə hər 15 şagirdin bir kompüterlə təmin edilməsi muxtar respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlərdəndir. Bu gün muxtar respublikada elektron kitabxanaların yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır. Bu gün isə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yeni Elektron kitabxanası istifadəyə verilir.
Ali Məclisin Sədri elektron kitabxanalarda müasir texniki avadanlıqların quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də diqqət cəlb edərək demişdir: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları elektron kitabxanadan səmərəli istifadə etməli, alim və ziyalılarımızın dünya səviyyəsində tanıdılmasında, yeni elmi əsərlərin, monoqrafiya və dissertasiyaların yazılmasında kitabxananın imkanlarından lazımınca bəhrələnməlidirlər”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin bölmənin əməkdaşları tərəfindən layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Ali Məclisin Sədrinə elektron kitabxananın fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxana lazımi avadanlıqlarla təmin edilmiş, surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün 1 ədəd televizor və mobil elektron lövhə qoyulmuşdur. Surətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab vardır.
Kitabxanaya fiber-optik kabel çəkilmiş, daxili şəbəkə yaradılmış və internet səhifəsi hazırlanmışdır. Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur. Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq, istə­nilən vaxt kitabxananın xidmətlərindən sə­mərəli istifadə etmələrinə şərait yaradır. Kitabxananın www.e-kitab.ameanb.nmr.az internet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcəkdir. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanmışdır. Saytın “Kitabxana”, “Elektron kataloq”, “Bizimlə əlaqə” bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı vardır. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, “Media” bölməsində isə audio-kitablar və videofayllar yerləşdirilmişdir. “Elektron kitablar” bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər vardır. Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. “Faydalı linklər” bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür.
Elektron kitabxana ilə tanışlıqdan sonra alim və ziyalılarla görüşən Ali Məclisin Sədri demişdir: “Elmin inkişafı göstərilən dövlət qayğısı ilə yanaşı, həm də bu sahəyə qəlbən bağlı olan insanların fəaliyyətindən asılıdır. Muxtar respublikada bu işlərin həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi qısa müddət ərzində formalaşaraq mötəbər elm müəssisəsinə çevrilmişdir. Bölmə əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılır, əməkhaqları artırılır. Bütün bunlar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin kollektivi qarşısında mühüm vəzifələr qoyur. Bölmənin əməkdaşları daim öz üzərlərində işləməli, muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə olunmalı, bu sahədə elmi-tədqiqat işləri aparılmalı, Naxçıvanın dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər görülməlidir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR