Avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov və Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.
705 saylı hərbi hissənin komandiri Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, “Naxçıvan” Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Səxavət Abbasov, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev və Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada əhalinin və təsərrüfat subyektlərinin payız-qış mövsümünə hazırlığının vəziyyətinin daim diqqət mərkəzində saxlanıldığını qeyd etmiş, həyata keçirilən tədbirlər nəticəsində bu gün muxtar respublikanın fasiləsiz elektrik enerjisi və təbii qazla özünü təmin etdiyini bildirərək demişdir: “Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq, cari ildə 20,5 meqavat gücə malik Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. 1,4 meqavat gücündə “Arpaçay-2” və 36 meqavat gücündə Ordubad Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Qaz təchizatındakı mövcud çatışmazlıqları aradan qaldırmaq və qaz itkisini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz ortatəzyiqli və Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərlərinin tikintisi yekunlaşdırılıb, Naxçıvan-Culfa qaz kəmərinin bərpasına başlanılıb”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada yay mövsümündə bir gündə elektrik enerjisinə olan tələbat 75-85 meqavat, təbii qaza olan tələbat 700 min kubmetr, qış mövsümündə isə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı isə 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin enerjiyə və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün indidən hazırlıq işləri görülməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, Dövlət Energetika Agentliyi Naxçıvan şəhərində elektrik enerjisinin keyfiyyətlə ötürülməsini təmin etmək üçün yerüstü elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunmasını davam etdirməli, həmçinin muxtar respublikanın bütün ərazisində elektrik naqillərinin standartlara uyğun çəkilməsinə nəzarəti artırmalıdır. Qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, istismar müddəti ötmüş elektrik dirəkləri və xətlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmalıdır. Elektrik enerjisindən istifadə zamanı yaranan texniki itkinin normalara uyğun minimum həddə endirilməsi üçün müvafiq tədbirlər görülməli, elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq üçün xüsusən qış aylarında aidiyyəti orqanlarla birlikdə reydlərin keçirilməsi davam etdirilməlidir.
Dövlət Energetika Agentliyinə həmçinin tapşırılmışdır ki, istehlak olunmuş elektrik enerjisi haqlarının bütün istehlakçı qrupları tərəfindən vaxtında və tam həcmdə yığılmasına nəzarəti gücləndirsin, kadrların peşəkarlığının artırılmasına nail olsun, elektrik verilişi xətlərinin çəkilişi və təmiri ilə məşğul olan işçilərin qış mövsümünə uyğun geyim və təhlükəsizlik vasitələri ilə təchizatını yaxşılaşdırsın, sel və uçqun təhlükəsi olan ərazilərdən keçən elektrik dirəklərinin yerini dəyişdirsin və baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb muxtar respublikaya gətirilməsini, zəruri ehtiyatın yaradılmasını bundan sonra da davam etdirsin.
Müşavirədə təbii qaz yanacağı ilə təminatla əlaqədar vəzifələrdən danışan Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırmışdır ki, payız-qış mövsümünə hazırlıqla bağlı mütəmadi olaraq qaz təchizatına texniki baxışı həyata keçirsin və mövcud nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etsin. Bu qurum qaztənzimləyici qurğuların mövsümə uyğun tənzimlənməsini həyata keçirməli, sayğacdankənar istifadənin qarşısının alınması üçün müvafiq tədbirləri davam etdirməli və bu istiqamətdə görülən işlərin səmərəliliyinə nail olmalıdır. Təbii qaz nəqlinin qış mövsümünə görə təsdiq edilmiş texnoloji rejimə uyğun olaraq həyata keçirilməsi üçün hazırlıq işləri vaxtında başa çatdırılmalı, təhlükəli ərazilərdən keçən qaz xətlərinin təhlükəsizliyinin mühəndis-texniki qaydalara uyğun olaraq təmin edilməsi məqsədilə müvafiq işlər görülməli, zərurət yaranarsa, onların yeri dəyişdirilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunması diqqət mərkəzində saxlanılmalı, onların qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülməlidir. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə təmin olunmalı, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyatın yaradılması diqqət mərkəzində saxlanılmalıdır.
Qeyd olunmuşdur ki, muxtar respublikada aparılan tikinti-quruculuq tədbirləri nəticəsində əksər təhsil, səhiyyə, idman və mədəniyyət obyektləri istilik sistemi ilə təchiz olunub. Lakin hələ də bəzi təşkilatların qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək üçün Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi lazımi səviyyədə maye qaz və neft məhsulları ehtiyatının yaradılmasını və satışını davam etdirməlidir. Maliyyə Nazirliyi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə veriləcək yanacaq və qışa hazırlıqla bağlı tələb olunan digər avadanlıqların alınması üçün vəsaitin köçürülməsini təmin etməlidir.
Müşavirədə payız-qış mövsümündə muxtar respublikada fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi məsələləri də müzakirə olunmuşdur. Bildirilmişdir ki, qış aylarında muxtar respublikada əhalinin kəndlərə rahat gediş-gəlişi təmin olunmalı, Nəqliyyat Nazirliyi ayrılmış marşrut avtobus və mikroavtobusların qrafikə uyğun hərəkətini diqqət mərkəzində saxlamalıdır. Nəqliyyat və Daxili İşlər nazirlikləri marşruta çıxan nəqliyyat vasitələrinin texniki sazlığına nəzarəti gücləndirməlidirlər. Marşrut və digər nəqliyyat vasitələrinin qarlı günlərdə rahat hərəkət etmələri üçün şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən yolların təmizlənməsi üçün tədbirlər planı hazırlanmalı, mövcud texnikalar saz vəziyyətə gətirilməlidir. Avtomobil Yolları Dövlət Şirkəti tabeliyində olan maşın və mexanizmlər üçün ehtiyat hissələrinin yaradılmasını nəzarətdə saxlamalı və Şorsu qumunun tədarükünü davam etdirməlidir.
Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik-işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışını həyata keçirməlidir. Tələbata görə, yanacaq ehtiyatının yaradılması diqqət mərkəzində saxlanılmalı, mal-material ehtiyatı yaradılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmir yolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə vaqonlara və lokomotivlərə texniki baxışı həyata keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatlarının yaradılmasına diqqəti artırmalıdır.
Ali Məclisin Sədri şəhər və rayon icra hakimiyyətlərinə tapşırmışdır ki, tikintisi bu il üçün nəzərdə tutulan qazanxanaların qış mövsümünədək istifadəyə verilməsini təmin etsinlər. Yerli icra hakimiyyətləri bütün qazanxanaların fasiləsiz fəaliyyət göstərmələri üçün elektrik enerjisi, təbii qaz və su təchizatı məsələlərini bir həftə ərzində araşdırıb nöqsanları qısa müddətdə aradan qaldırmalı, ictimai yaşayış binalarının zirzəmilərindən keçən istilik və su xətlərinin istismara yararlılığını araşdırmalı, zəruri təmir işlərini qısa müddətdə başa çatdırmalı, bununla yanaşı, binaların dam örtüklərinin, giriş qapı və pəncərə şüşələrinin təmiri üçün də müvafiq tədbirlər görməlidirlər.
Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilmiş, qeyd olunmuşdur ki, Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması, eləcə də peşə kurslarının açılması üçün müvafiq tədbirlər görməlidirlər. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatını daha da gücləndirməlidir.
Ali Məclisin Sədri əhalinin payız-qış mövsümündə ərzaqla təminatı məsələlərinə toxunaraq demişdir ki, son illər muxtar respublikada yeni soyuducu anbarların istifadəyə verilməsi mövsüm ərzində istehsal olunmuş tələbatdan artıq kənd təsərrüfatı məhsullarının bu anbarlar tərəfindən alınması və beləliklə, qış aylarında da əhali tələbatının keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün geniş imkanlar yaradıb. Hazırda muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 16 soyuducu anbar fəaliyyət göstərir. İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır ki, anbarlara zəruri ərzaq məhsullarının alınması davam etdirilməli və məhsulların spesifik xüsusiyyətləri nəzərə alınmaqla anbar şəraitində saxlanılması üçün tədbirlər görülməlidir. Qış mövsümündə bazarlarda meyvə-tərəvəz məhsullarının qiymətlərinin sabit saxlanması və tələbatın yerli məhsullar hesabına ödənilməsi işində soyuducu anbarlarla yanaşı, istixanaların yaradılmasının da əhəmiyyəti böyükdür. Ona görə də İqtisadi İnkişaf Nazirliyi mövcud istixanaların səmərəli fəaliyyətinə nail olmalı və yeni istixanaların yaradılması istiqamətində tədbirləri bundan sonra da davam etdirməlidir.
Ali Məclisin Sədri demişdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatını diqqət mərkəzində saxlamalı, payız-qış mövsümünədək tələb olunan işlərin həyata keçirilməsi üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün lazım olan mal-material ehtiyatı yaratmalı, generatorların işlək vəziyyətdə olması üçün tədbirlər görməli, enerji və qaz istifadəsinə, eləcə də kommunal xidmətlərə görə ödənişlərin poçt müəssisələrində aparılmasını təmin etməli, teleradio verilişlərinin rəqəmli yayımlanmasını başa çatdırmalı, “Evədək optika” layihəsini həyata keçirməlidir”.
Yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi, müəyyən olunmuş təhlükəsizlik normaları çərçivəsində elektrik enerjisi və təbii qazdan istifadə ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Qeyd olunmuşdur ki, nazirlik istilik sistemi olmayan ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi tədbirlərinin vəziyyətini araşdırmalı, sobaların və onların qurulma qaydasının standartlara uyğunluğunu nəzarətdə saxlamalı, Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində müvafiq izahat işləri aparmalıdır. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasına, məhkumların isti geyim və ərzaqla təminatına diqqəti artırmalıdır.
Qeyd olunmuşdur ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməlidir. Ərzaq tədarük olunarkən, əsasən, yerli məhsullara üstünlük verilməlidir. Bundan başqa, sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı da vaxtında başa çatdırılmalıdır. Muxtar respublika ərazisindəki hərbi hissələrin və hüquq-mühafizə orqanlarının şəxsi heyəti daim nümunə gücündə olmalı, daxili intizam qaydaları diqqətdə saxlanmalıdır. Bu qurumların rəhbərləri qəbul olunmuş geyim formasına əməl olunmasına nəzarəti gücləndirməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməlidir. Nazirlik muxtar respublikanın bitki və heyvanat aləminin qorunması üçün vaxtında müvafiq tədbirlər görməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etsin, payız-qış mövsümü ilə bağlı zəruri yanacaq və avadanlıqların alınmasını təmin etsin. Eyni zamanda verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabrın 20-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Ali Məclisin Sədri qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti