05 Yanvar 2025, Bazar

Başa çatmaqda olan 2012-ci il muxtar respublikamızın həyatında uğurlu quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir. İqtisadi yüksəliş, qəbul olunan Dövlət proqramlarının uğurlu icrası, regionların sürətli inkişafına göstərilən hərtərəfli qayğı cari ildə əldə olunan böyük uğurların əsas hərəkətverici qüvvəsinə çevrilmiş, əhalinin sosial-rifah halı yüksəlmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, dekabrın 27-də Şərur rayonunun Qorçulu kəndində yeni sosial obyektlərin açılışı olmuşdur.

 Qorçulu kənd avtomobil yolu yenidən qurulmuşdur

Şərur rayonunda yol-nəqliyyat infra­strukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qorçulu kəndinin avtomobil yolu da yenidən qurulmuşdur.

Dekabrın 27-də avtomobil yolunun açılışı olmuşdur.
Kənd sakini Adil Məmmədov demişdir ki, bu gün muxtar respublikada rayon mərkəzlərinin və kəndlərin yolları tamamilə abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Şərur rayonunda da geniş vüsət almışdır. Yol çəkilişi insanlara rahatlıq verməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir. Adil Məmmədov yeni yolun istifadəyə verilməsi münasibətilə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik etmiş, yolun açılışını bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, yolun uzunluğu 3,6 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yolda piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin edilmişdir. Yenidən­qurma işləri aparılarkən yola 4 su keçidi qoyulmuş, yol cizgilənərək hərəkət qaydalarına uyğun işarələnmiş, ətrafda 280 metr uzunluğunda hasar çəkilmişdir.

Təhsil quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunda da uğurla davam etdirilir 

Şərur rayonunda təhsil infrastrukturunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, müasir tədris vasitələri ilə təmin edilmiş məktəb binalarının tikintisi uğurla davam etdirilir. Bu il rayonda, ümumilikdə, 1548 şagird yerlik 4 məktəb binası tikilərək istifadəyə verilmişdir. Dekabrın 27-də bu məktəb binalarının sırasına biri də əlavə olunmuş, Qorçulu kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ali Məclisin Sədri məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmiz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində sürətlə inkişaf edərək regionda lider dövlətə çevrilmişdir. Ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğı, gələcəyimiz olan gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə qəbul olunan Dövlət proqramları uğurla icra olunur. Qorçulu kəndində istifadəyə verilən yeni məktəb binası, həyata keçirilən quruculuq işləri də ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsinin bəhrələridir”.

Ali Məclisin Sədri demişdir: “Qorçulu kənd tam orta məktəbinin binası müasir tələblər səviyyəsində qurulmuşdur. Təhsil ocağında elektron lövhəli siniflər, kimya-biologiya və fizika laboratoriyaları, kom­pyuter sinfi, kitabxana və idman zalı vardır. Yaradılan şərait imkan verəcəkdir ki, məktəbin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin. Müəllimlər keçirilən dərslərdə müasir tədris metodlarından geniş istifadə etməli, intellektli və vətənpərvər gənclər yetişdirilməlidir”.
“Məktəblərdə müəllimlərin səyi, bacarığı və şagirdlərin çalışqanlığı qazanılan nailiyyətlərin əsasını təşkil edir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Qorçulu kənd tam orta məktəbi muxtar respublikada öz nailiyyətləri ilə seçilən ümumtəhsil müəssisələrindəndir.

Ötən tədris ilində məktəbdə uğurlu nailiyyətlər qazanılmış, məzunlardan 5-i ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunmuş, tələbə adını qazanan məzunlardan 1-i 500-700 intervalında bal toplamışdır.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Məktəbin müəllimi Hicran Zeynalova demişdir ki, kənd məktəbində yaradılan müasir tədris şəraiti müəllimlərin məsuliyyətini daha da artırır. Müasir şərait, yeni tədris vasitələri daha yüksək nəticələrin qazanılmasında əsas amildir. Məktəbin pedaqoji kollektivi göstərilən bu dövlət qayğısının müqabilində daha səylə çalışacaq, şagirdlər təhsilli və vətənpərvər ruhda böyüdüləcəklər.
“Hər bir müəllim, hər bir şagird muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı ilə fəxr edir, qürur hissi keçirir”, – deyən Hicran Zeynalova yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, təhsil ocağında yaradılan şəraitlə tanış olmuşdur.
198 şagird yerlik məktəbdə müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin təhsil aldığı sinfə baxmışdır. Bildirilmişdir ki, ümumtəhsil məktəblərində şagirdlərə ibtidai biliklərin yüksək səviyyədə öyrədilməsi, ibtidai tədrisin forma və məzmunca yeniləşdirilməsi vacib məsələdir. Şagirdlərdə zehni fəaliyyətin inkişaf etdirilməsində, onların gələcək biliklərinin əsasının qoyulmasında ibtidai təhsilin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət daşıyır.

Məktəbdə 3 elektron lövhə quraşdırılmış, kompyuter otağındakı 15 kompyuter internetə qoşulmuşdur. Həyata keçirilən tədbirlər interaktiv tədris metodlarından səmərəli istifadə etməyə imkan verir.
Məktəbin kitabxana fondu zənginləşdirilmiş, müəllim və şagirdlərin istifadəsinə 5769 kitab verilmişdir.

Baxış zamanı qeyd olunmuşdur ki, dərslərin yüksək səviyyədə mənimsənilməsində valideynlərin də üzərinə mühüm vəzifələr düşür. Biliklərə dərindən yiyələnmək yalnız məktəblərdə tədris olunan dərslərlə məhdudlaşmamalı, bu iş məktəbdən sonra ailədə də davam etdirilməlidir. Bunu isə yüksək səviyyədə qurulmuş məktəb-ailə münasibətlərinin köməyi ilə həyata keçirmək olar. Orta təhsil sistemində məktəb-ailə münasibətlərinin yüksək səviyyədə qurulması həm şagirdlərin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə, həm də onların öz bilik və bacarıqlarını artırmasına imkan verir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri son illər muxtar respublikamızda təhsil sahəsində qazanılan nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət, cəmiyyət və məktəb birliyinin dayandığını bildirmiş, bundan sonra da muxtar respublikanın məktəblərində təhsilli, vətənpərvər gənclərin yetişdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Müəllimlər yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.
İkimərtəbəli məktəb binasının həyətində abadlıq işləri aparılmış, işıqlandırma sistemləri qurulmuş, yaşıllıqlar salınmışdır.

Bir il ərzində muxtar respublikada inşa olunan 14-cü kənd mərkəzi Qorçuluda istifadəyə verilmişdir

Muxtar respublika kəndlərinin ictimai və mədəni həyatında mühüm rol oynayan müxtəlif təşkilatların müasir standartlara cavab verən kənd mərkəzlərində yerləşdirilməsi bir tərəfdən idarəetmənin səmərəli təşkilinə şərait yaradırsa, digər tərəfdən kənd sakinlərinin yaranmış problemlərini qısa zaman ərzində həll etmələrinə imkan verir.

Dekabrın 27-də daha bir kənd mərkəzinin – Qorçulu Kənd Mərkəzinin açılışı olmuşdur.
Açılış tədbirində kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl İbrahimov çıxış edərək bildirmişdir ki, bu gün Qorçulu kəndi abad yaşayış məntəqələrindən birinə çevrilmişdir. Aparılan quruculuq işləri nəticəsində kəndin siması tamamilə dəyişmiş, sakinlərin rahatlığına xidmət edən müasir infrastruktur yaradılmış, məşğulluq səviyyəsi yüksəldilmişdir. Qeyd olunmuşdur ki, Qorçulu kəndində əhalinin əksər hissəsi kənd təsərrüfatı ilə məşğul olur. 2009-cu ildə “Qorçulu” nasos stansiyasının istifadəyə verilməsi ilə 100 hektardan artıq torpaq sahəsində suvarma tədbirləri yaxşılaşdırılmışdır. Həmçinin bu il dövlət tərəfindən kənd sakinlərinə 18 min manat kredit verilmişdir. Verilən kreditlər və yaradılan şərait nəticəsində əkilən torpaqların sahəsi genişləndirilmiş, bol məhsul götürülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Qorçulu kəndində həyata keçirilən tədbirlər, aparılan kompleks quruculuq işləri ölkəmizin inkişafının konkret bir kəndin timsalında nümunəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, tikinti-quruculuq işləri aparılır, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Son illər Qorçulu kəndində də insanların rahat yaşayışı üçün lazımi tədbirlər görülmüş, inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, nasos stansiyası istifadəyə verilmiş, sakinlərin sosial-rifah halı yüksəldilmişdir. Bu gün isə kənddə müasir məktəb binası, əsaslı şəkildə yenidən qurulan avtomobil yolu, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Bundan başqa, hər il dövlətimiz tərəfindən kənd sakinlərinə güzəştli şərtlərlə kreditlər verilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi göstərilir, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə 40 manat yardım verilir, tələb olunan gübrənin dəyərinin 50 faizi dövlət tərəfindən ödənilir. Bu da kənd əhalisinin məşğulluğunun təmin olunmasına, fərdi təsərrüfatların genişləndirilməsinə, torpaq sahələrinin əkilməsinə və bol məhsul istehsalına səbəb olmuşdur”.

Ali Məclisin Sədri demişdir: “Kəndin abadlaşması, inkişafı bundan sonra da davam etdirilməlidir. Kənd sakinləri yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qorumalıdırlar. Göstərilən dövlət qayğısının müqabilində əkilən torpaqların sahəsi genişləndirilməli, Qorçulu kəndinin sakinləri ölkəmizin inkişafına öz töhfələrini verməlidir”.
Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kənd əhalisinə uğurlar arzulamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.
İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi və 60 yerlik zal yerləşir.
Zəngin fondu ilə seçilən kitabxanada 4139 kitab vardır. Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də nümunəvi şərait yaradılmış, ayrıca xidməti otaqlar istifadəyə verilmişdir.
Mərkəzdə dövlət qurumlarının fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmış, rabitə evində Qorçulu və Muğanlı kəndlərində 130 abonentə xidmət göstərən 176 nömrəlik elektron ATS quraşdırılmış, yeni poçt bölməsi istifadəyə verilmişdir. Binada Qorçulu və Muğanlı kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri üçün yaradılan şərait də xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir.

Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün də 3 iş otağı yaradılmış, lazımi dərman preparatları və peyvənd çantaları qoyulmuşdur.

Bildirilmişdir ki, yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Ali Məclisin Sədri sakinlərə nümunəvi tibbi xidmətin göstərilməsinin, səhiyyə maarifi işinin təşkilinin əhəmiyyətini qeyd etmiş, uşaqlar arasında peyvəndlərin aparılmasının və hamilə qadınlara vaxtlı-vaxtında patronaj xidmətin göstərilməsinin vacibliyini bildirmişdir.

Binanın həyətində abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmiş, kəndin mərkəzində şəhid Zeynalabdin Zeynalovun büstü qoyulmuşdur.

Qorçulu kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Həmin gün Qorçulu kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Mərkəzdə ərzaq və təsərrüfat malları mağazası, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcəkdir.
Bildirilmişdir ki, son illər kənd sakinlərinin gündəlik istehlak mallarını sərfəli qiymətlərlə, əlavə nəqliyyat xərci çəkmədən əldə etməsi, müxtəlif xidmət sahələrinin təşkili üçün muxtar respublikanın kəndlərində xidmət mərkəzləri yaradılır. Qorçulu kəndindəki xidmət mərkəzində 5 nəfər işlə təmin olunmuşdur.

Kənd sakinləri ilə görüş

Muxtar respublikada kəndlərin kompleks abadlaşması – yeni yolların çəkilişi, müasir sosial obyektlərin tikintisi, ilk növbədə, bu yaşayış məntəqələrində yaşayan əhalinin rahatlığına xidmət edir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca həyata keçirilən sosial-iqtisadi layihələrin miqyası da genişlənərək bütün yaşayış məntəqələrini əhatə edir. Göstərilən qayğı, yaradılan şərait isə hər bir sakin tərəfindən təqdir olunur, ölkəmizin inkişafının regionların timsalında konkret ifadəsi kimi dəyərləndirilir. 

Ali Məclisin Sədri ilə görüşən Qorçulu kənd sakinləri bildirmişlər ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu quruculuq və inkişaf xəttindən Şərur rayonuna da xeyli pay düşüb. Rayonun kəndlərinin abadlaşması, sakinlərin problemlərinin ardıcıl şəkildə həll olunması dövlətimizin insanlara göstərdiyi hərtərəfli qayğının nəticəsidir. Sakinlərin xoş arzularını Ali Məclisin Sədrinə çatdıran kənd ağsaqqalı Müzəffər Zeynalov demişdir ki, Qorçulu kəndində sosial probemlərin həll olunması, yaradılan müasir infrastruktur sakinlərin rifah halını yüksəltməklə yanaşı, onların torpağa bağlılığını da artırmışdır. Yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildirən sakinlər bundan sonra da kəndin inkişafında fəal iştirak edəcəklərini, tikilənləri, qurulanları qoruyacaqlarını bildirmişlər.

Ali Məclisin Sədri Qorçuluda kompleks quruculuq işlərinin aparılmasını, sakinlərin sosial problemlərinin həll olunmasını ölkəmizdə kənd yaşayış məntəqəərinin inkişafına göstərilən qayğının daha bir nümunəsi kimi dəyərləndirmiş, yeni sosial obyektlərin istifadəyə verilməsini ölkəmizdə sosial-iqtisadi inkişafın daha bir nümunəsi olduğunu bildirmişdir.

 

 

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR