05 Yanvar 2025, Bazar

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirmişdir ki, muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında taxıl istehsalının artırılması mühüm yer tutur. Taxıl bitkilərində məhsuldarlığa təsir edən ən güclü amillərdən biri məhsuldar toxum sortlarının yaradılmasıdır. Bu istiqamətdə muxtar respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunur.

Həyata keçirilən düzgün aqrar siyasətin, göstərilən dövlət qayğısının nəticəsində muxtar respublikada taxılçılığın inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını bildirən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada torpaqların özəlləşdirilməsi, taxıl əkini üçün güzəştlərin tətbiqi əkin sahələrinin genişləndirilməsinə, məhsul istehsalının artırılmasına səbəb olmuşdur. Eyni zamanda torpaq mülkiyyətçilərinin lazımi kənd təsərrüfatı texnikaları və gübrələrlə təmin olunması bu sahəyə olan marağı artırmışdır. Mütərəqqi əkin üsullarının tətbiqi, göstərilən düzgün aqrotexniki qulluq bol məhsul istehsalında əsas şərtdir. Ona görə də keyfiyyətli və bol məhsul istehsalına əkin sahələrinin genişləndirilməsi hesabına deyil, məhsuldarlığın artırılması yolu ilə nail olmaq lazımdır. Bunun üçün muxtar respublikada hərtərəfli şərait vardır. Hazırda muxtar respublikada 9 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada torpaq mülkiyyətçiləri yerli iqlimə uyğunlaşdırılmış məhsuldar toxum sortları ilə təmin edilməli, suvarma suyu və kənd təsərrüfatı texnikaları ilə təminat bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır. Torpaqlardan səmərəli istifadə olunmalı, məhsul istehsalını artırmaq üçün şumlama işləri vaxtında aparılmalı, əkin zamanı yemləmə gübrələrindən istifadə edilməlidir. Bu tədbirlərin həyata keçirilməsi üçün mütəmadi olaraq fermerlər və əhali arasında maarifləndirmə işləri aparılmalıdır”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində aid təşkilatlara müvafiq tapşırıqlar vermiş, muxtar respublikanın toxumçuluq təsərrüfatlarında yetişdirilən buğda sortlarına baxmışdır.
Məlumat verilmişdir ki, bu ilin payızında muxtar respublikanın taxıl əkini sahələrində “Bezostaya -1”, “Qobustan”, “Qiymətli 2/17”, “Əzəmətli-95”, “Dağ-daş”, “Ceyhan-99”, “Moskviç”, “Guadilop” buğda sortlarının əkilməsi nəzərdə tutulmuşdur. Bu toxum sortlarının əkin dövriyyəsinə daxil edilməsi orta məhsuldarlığın artmasına səbəb olmuşdur. Hazırda muxtar respublikada kifayət qədər toxumluq buğda ehtiyatı yaradılmışdır.
Bildirilmişdir ki, əkin sahələrində aqrotexniki tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, taxıl sahələrində alaq otlarına və gəmiricilərə qarşı mübarizə məqsədilə lazımi qədər herbisid və sink-fosfid preparatı tədarük olunmuşdur. Eyni zamanda kənd təsərrüfatı ilə məşğul olan sahibkarların və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi, məlumat kitabçalarının nəşr olunaraq paylanması və təcrübə mübadiləsinin aparılması da diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR