Avqustun 22-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni taxıl anbarları istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 9 min ton taxılı uzun müddətə saxlayan yeni anbarların tikilməsi və toxumçuluq təsərrüfatının yaradılması müəssisəni tam sənaye kompleksinə çevirmişdir. Hazırda kompleksdə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl ehtiyatı anbarları, illik istehsal gücü 73 min ton olan un dəyirmanı, laboratoriya, quşçuluq və heyvandarlıq təsərrüfatlarının inkişafında mühüm rol oynayan qüvvəli yem istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmçinin ərazidə istehsal olunmuş məhsulları saxlamaq üçün anbarlar vardır. Yeni anbarların qurulması və toxumçuluq təsərrüfatının yaradılması sənaye müəssisəsinin fəaliyyətini daha da genişləndirəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Kompleksin nəzdində yeni toxumçuluq təsərrüfatının yaradılması muxtar respublikamızda keyfiyyətli taxıl toxumuna olan tələbatın ödənilməsində mühüm əhəmiyyətə malik olacaqdır. Təsərrüfatda məhsuldar toxumların seçilməsi, dərmanlanması üçün lazımi şərait yaradılmışdır. Bu da taxılçılıqla məşğul olan sahibkarların və torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin olunmasına imkan verəcəkdir. Hazırda payızlıq taxıl əkini üçün muxtar respublikanın toxumçuluq təsərrüfatlarında 1000 tona yaxın toxum ehtiyatı vardır. Bunun da 250 tonu “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatında saxlanılır. Müəssisə üçün 500 hektar əkin sahəsi də ayrılmışdır”.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin muxtar respublika üçün vacib müəssisələrdən biri olduğunu bildirən Ali Məclisin Sədri demişdir: “Kompleksdə lazımi is şəraiti yaradılmışdır. Ona görə də işçilər daim ixtisaslarını təkmilləşdirməli, qurulanlardan səmərəli istifadə edilməlidir. Taxılın qəbulu, saxlanılması və istehsalı daim nəzarətdə saxlanılmalı, keyfiyyət amilinə ciddi diqqət yetirilməlidir”.
Ali Məclisin Sədri yeni anbarların və toxumçuluq təsərrüfatının qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, müəssisəni işə salmışdır.
Bildirilmişdir ki, bu il kompleksin Taxıl Ehtiyatı Anbarında 3 yeni bunker quraşdırılmışdır. Yaradılan şərait anbarlarda 1 saatda 150 ton taxıl qəbul etməyə, 1125 ton taxılı isə buraxmağa imkan verir. Daxil olan taxıl xüsusiyyətinə və növünə görə ayrılır və elevatorlar vasitəsilə bunkerlərə ötürülür. Burada taxılın saxlanılması üçün bütün lazımi şərait vardır. Anbarda elektron tərəzi və qaldırıcı lift qoyulmuşdur. Ərazidə yanğın təhlükəsizliyi də nəzərə alınmış, əlavə 100 ton tutuma malik olan yeni su hovuzu tikilmişdir.
Ekoloji və gigiyenik normalara tam cavab verən müəssisədə taxılın qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yaradılan şərait muxtar respublikada istehsal olunan taxılın uzun müddət saxlanmasına, eləcə də il boyu əhalinin keyfiyyətli un məhsulları ilə təmin olunmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti