Ordubad şəhərindəki yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır.
Avqustun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binalarına baxmışdır.
Binanın sakini Nərgiz Həsənəliyeva Ordubad şəhərinin günü-gündən inkişaf etdiyini, aparılan quruculuq və abadlıq işlərindən, yaradılan yüksək şəraitdən hər bir sakinə pay düşdüyünü qeyd etmiş, göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri yaşayış binalarının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişaf və tərəqqi müşahidə olunur. İnsanların sosial-məişət şəraitinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Ordubad şəhərində yaşayış binalarının yenidən qurulması, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması insan amilinə göstərilən qayğının daha bir ifadəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Sonra Ali Məclisin Sədri binalarda yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, 5 mərtəbəli yaşayış binalarının hər birində 50 mənzil vardır. Təmir işləri aparılarkən binaların dam örtüyü və giriş qapıları dəyişdirilmiş, elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, müasir istilik sistemi quraşdırılmışdır. Binaların həyətlərində də abadlıq işləri aparılmış, işıqlandırma sistemləri quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Ali Məclisin Sədri ərazidəki 4 mərtəbəli yaşayış binasında həyata keçirilən təmir işlərinin gedişi ilə də maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti