05 Yanvar 2025, Bazar

Muxtar respublikada elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması istiqamətində ardıcıl tədbirlər görülür, elektroenergetika sistemi ən müasir standartlara uyğun şəkildə yenidən qurulur.
Avqustun 21-də Ordubad şəhərindəki “Ordubad” elektrik yarımstansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov “Ordubad” yarımstansiyasının yenidən qurulmasını Ordubad şəhərinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi dəyərləndirmiş, göstərilən diqqət və qayğıya görə energetiklər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Muxtar respublikamızda vacib sahə olan energetikanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər muxtar respublikanın sosial-iqtisadi inkişafında, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda elektrik enerjisinin verilişinə, yarımstansiyaların qurulmasına ötən əsrin 60-cı illərindən başlanılmışdır. O dövrdən istismar olunan elektrik verilişi xətlərinin və yarımstansiyaların bu gün yenidən qurulması zərurətə çevrilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan verir. Bu gün energetikanın inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə çalışanlar üçün normal iş şəraiti yaradılır, sosial rifah halları yaxşılaşdırılır. Artıq Naxçıvan enerji alan bir regiondan enerji ixrac edən muxtar respublikaya çevrilmişdir. Bu da ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir”.
Muxtar respublikamızda energetiklər sinfinin formalaşdığını bildirən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada energetika sahəsində ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, nəzəri və praktik biliklərə malik olan mütəxəssislər hazırlanır. Artıq muxtar respublika energetikləri elektrik stansiyalarının tikintisini və istismarını, yarımstansiyaların qurulmasını, yüksəkgərginlikli elektrik verilişi xətlərinin çəkilməsini uğurla həyata keçirirlər. İxtisaslı energetiklərin hazırlanması sahəsindəki işlərin davam etdirilməsi üçün muxtar respublikanın orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılmışdır. Təhsil müəssisələrinin məzunları artıq energetika sahəsində çalışırlar. “Ordubad” elektrik yarımstansiyası da muxtar respublika energetikləri tərəfindən qurulmuşdur. Əvvəllər mexaniki şəkildə idarə olunan yarımstansiyada bu gün avtomatik idarəetmə sistemi qurulmuş, əl əməyi yüngülləşdirilmiş, işçilərin təhlükəsizliyi təmin olunmuşdur”.
Ali Məclisin Sədri enerji təminatı sahəsindəki işlərin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir: “Muxtar respublikada əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması, dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni elektrik stansiyaları tikilir, müasir yarımstansiyalar yaradılır, bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunur. Hazırda Arpaçay Su Elektrik Stansiyası sınaq rejimində işləyir. Həmçinin “Ordubad” və “Arpaçay-2” Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Gələcəkdə muxtar respublikanın dağ çaylarının mövcud hidroenerji potensialından istifadə edilərək yeni su elektrik stansiyalarının tikintisi də həyata keçiriləcəkdir”.
Ali Məclisin Sədri stansiyanın qurulmasında və muxtar respublikada elektroenergetika sisteminin inkişafında əməyi olan energetiklərə təşəkkürünü bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırmış, açılışı bildirən rəmzi lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 1959-cu ildə qurulan “Ordubad” yarımstansiyasının avadanlıqlarının istismar müddəti başa çatdığından mövcud stansiyanın yaxınlığında gücü 41 meqavoltamper olan 110/35/10 kilovoltluq yeni yarımstansiya tikilmişdir. 9 mindən artıq əhali abonentinin dayanıqlı enerji təminatını həyata keçirəcək yarım­stansiya üzrə yay aylarında elektrik enerjisinə olan tələbat 10-12, qış aylarında isə 4-5 meqavatdır.
Tikinti işləri aparılarkən stansiyada 1 ədəd 25 meqavoltamper və 1 ədəd 16 meqavoltamper gücündə transformatorlar, 5 ədəd 110 kilovoltluq eleqaz açarı quraşdırılmış, 10 ədəd məsafədən idarə olunan 110 kilovoltluq ayırıcı, 6 ədəd gərginlik və 9 ədəd cərəyan transformatoru qoyulmuşdur. Eleqaz açarları olan 35 və 10 kilovoltluq hücrələrin avtomatik idarəetmə qurğularının yerləşdirilməsi üçün ərazidə bina tikilmiş, 35 və 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı hücrələr quraşdırılmışdır. Burada sabit cərəyan dövrələrini qidalandırmaq üçün akkumulyator batareyaları və 2 ədəd sərfiyyat transformatoru da qoyulmuşdur.
Gələcəkdə Ordubad Su Elektrik Stansiyasından elektrik enerjisini qəbul etmək üçün yarımstansiyada 110 kilovoltluq avadanlıqlar da vardır. Quraşdırılan müasir avadanlıqlar elektrik enerjisinin keyfiyyətli ötürülməsinə və itkinin qarşısını almağa, eləcə də enerjiyə qənaət etməyə imkan verəcəkdir. Həmçinin yaradılan müasir təhlükəsizlik sistemi burada çalışanların iş şəraitini xeyli yaxşılaşdıracaqdır.
Yarımstansiyada istilik sistemi quraşdırılmış, növbətçi heyət üçün normal iş şəraiti yaradılmış, ərazi abadlaşdırılmışdır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunmasının, enerjiyə qənaət edilməsinin, israfçılığın qarşısını almaq üçün əhali arasında maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd etmiş, ixtisaslı mütəxəssislərin hazırlanmasına və kadr təminatına bundan sonra da xüsusi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR