Avqustun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Hər bir müstəqil ölkə öz fəaliyyətini müvafiq dövlət qurumları vasitəsilə həyata keçirir. Bu gün Azərbaycan da müstəqil dövlətdir. Ölkəmizdə dövlət qurumlarının fəaliyyəti təmin olunmuş, müxtəlif sahələr üzrə qanunvericilik bazası yaradılmışdır. Bu cür dövlət qurumlarından biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. 2012-ci ildə yaradılan xidmətin təşkili üçün qanunlar qəbul edilmiş, qurumun qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eləcə də onun Ordubad Rayon Şöbəsi öz fəaliyyətini ölkəmizdə bu sahə üzrə qəbul olunmuş qanunlar əsasında qurur. Bu qanunlara əsasən, kollektiv qarşısında mühüm vəzifələr qoyulmuşdur. Belə ki, əməkdaşların qarşısında vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi kimi vəzifələr durur”.
Ali Məclisin Sədri demişdir: “Kollektiv qarşısında müəyyənləşdirilən vəzifələr içərisində ən vacibi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsidir. Ona görə də əməkdaşlar gənclər arasında hərbi vətənpərvərlik işinin təşkilini diqqət mərkəzində saxlamalıdırlar. Xidmət öz fəaliyyətini yalnız həqiqi hərbi xidmətə çağırışaqədərki gənclərin qeydiyyata alınması və xidmətə yola salınması istiqamətində qurmamalı, onlar arasında hərbi vətənpərvərlik işinin təşkili sahəsində də ardıcıl tədbirlər görülməlidir. Xidmətin Ordubad Rayon Şöbəsində bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait yaradılmış, müasir bina əməkdaşların istifadəsinə verilmişdir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin leytenantı Orxan Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsini də əhatə etmişdir. Bu gün kollektivin istifadəsinə verilən inzibati bina əsaslı şəkildə yenidən qurulmuş, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Orxan Əliyev yaradılan şəraitdən səmərəli istifadə edərək əhaliyə nümunəvi xidmət göstərəcəklərinə söz vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yenidənqurma işləri zamanı elektrik xətləri və istilik sistemi yenilənmiş, interyer müasir şəkildə qurulmuş, birinci və ikinci mərtəbələrdə 18 iş otağı kollektivin istifadəsinə verilmişdir. Həmçinin binada arxiv, qəbul və kompüter otaqları, eləcə də 45 yerlik akt zalı vardır.
Zirzəmidə yeməkxana, qazanxana, anbar, server otağı, nəzarət qrupu üçün 2 iş otağı və hərbi həkim komissiyası üçün 8 otaq yerləşir. Hərbi həkim komissiyası üçün nəzərdə tutulan otaqlarda çağırışçı gənclərin müayinəsi üçün lazımi şərait yaradılmışdır.
Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri əməkdaşların mütəmadi olaraq öz üzərlərində işləmələrinin, bu sahədə qəbul olunmuş qanunvericilik bazasının ətraflı öyrənilməsinin vacibliyini bildirmiş, orta ümumtəhsil məktəblərində hərbi dərslərin keçilməsinə diqqət yetirilməsi, gənclərin hərbi sahəyə maraqlarının artırılması üçün maarifləndirmə tədbirlərinin görülməsi barədə tapşırıqlar vermişdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti