Avqustun 20-də 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tələbə adını qazanaraq həyatlarında yeni bir mərhələyə başlayan abituriyentləri, onların timsalında ali məktəblərə qəbul olan muxtar respublika ümumtəhsil məktəblərinin bütün məzunlarını, valideynləri və müəllimləri təbrik edərək demişdir: “Gənclərin formalaşması, lazımi bilik alması, müasir dünyanı dərk etməsi baxımından tələbəlik dövrü mühüm əhəmiyyət daşıyır. Ümummilli liderimiz Heydər Əliyev gənc kadrların yetişdirilməsi sahəsində ali təhsilin oynadığı rolu nəzərə alaraq deyirdi ki: “Ali məktəblərə daxil olan gənclər Azərbaycanın elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin bir dəstəsidir. Bu gənclərin qeydinə qalmaq, onlara qayğıkeş münasibət göstərmək, başlıcası isə, yaxşı təhsil vermək, ali məktəblərdə mənəvi mühiti möhkəmlətmək, gənclərimizi gələcəkdə müstəqil həyatda sərbəst və layiqincə çalışmağa hazırlamaq müqəddəs vəzifədir”.
“Ulu öndərimizin təhsillə bağlı müəyyənləşdirdiyi vəzifələr bu gün müstəqil Azərbaycanda layiqincə yerinə yetirilir. Çünki hər bir dövlətin, cəmiyyətin inkişafında təhsil mühüm əhəmiyyətə malikdir. Təhsil olmasa, savadlı, hərtərəfli inkişaf etmiş gəncliyi yetişdirmək mümkün olmaz”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Azərbaycanda təhsilin inkişafı, bu sahədə güclü maddi-texniki bazanın yaradılması ümummilli liderimizin ali dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin hələ ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dünyanın yeni reallıqları nəzərə alınmaqla davam və inkişaf etdirilir. Təhsilə qoyulan sərmayənin ölkənin intellektual gələcəyinə xidmət etdiyini bildirən hörmətli Prezidentimiz demişdir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.
Qeyd olunmuşdur ki, ölkəmizdə təhsil sahəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər görülür. Təkcə son 10 ildə muxtar respublikada 51 min 828 şagird yerlik 130 orta məktəb binası, 21 musiqi məktəbi, 17 məktəbəqədər, 6 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada təhsil müəssisələrinin yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması dünya təhsil və informasiya məkanına inteqrasiyaya geniş imkanlar açmışdır. Son illər ümumtəhsil məktəblərinə 3183 kompüter dəsti verilmiş, hər 15 şagird bir kompüterlə təmin olunmuşdur. Təhsil müəssisələrindəki kompüterlərin 83 faizi internetə qoşulmuş, 500 elektron lövhə quraşdırılmışdır. Bütün bunlar isə təhsildə ilbəil keyfiyyət əmsalının artması ilə nəticələnmişdir. Ali məktəblərə qəbulun təhlilindən görürük ki, yüksək bal toplayanların sayı hər il artır. 2012-ci ildə tələbə adını qazananların 267-si 500-dən yuxarı bal toplamışdırsa, 2013-cü ildə 312 abituriyent 500-700 intervalında yüksək nəticə göstərmişdir.
Ali Məclisin Sədri gənclərə müraciət edərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək istəyən hər bir gənc yüksək dünyagörüşə, təhsilə və peşəyə malik olmalı, öz biliyini daim təkmilləşdirməlidir. Çünki gənclərin aldığı təhsil, qazandığı bilik və peşə Azərbaycan xalqının və dövlətinin gələcəyidir. Bu mənada biz hər bir gəncə böyük ümidlə baxırıq və inanırıq ki, sizlər müstəqil Azərbaycanda millətimizə və dövlətimizə sədaqətlə xidmət edəcəksiniz. Seçdiyiniz ixtisas üzrə yaxşı bilik almaq, peşə öyrənmək, ölkə və xalq üçün faydalı olmaq qarşınızda əsas fəaliyyət istiqaməti kimi dayanmalıdır. Ali təhsil almaqla və peşə öyrənməklə yanaşı, xalqımızın adət-ənənələrinə, milli dəyərlərinə, eləcə də ümumbəşəri dəyərlərə dərindən yiyələnməlisiniz. Bizim təhsilimizin məqsədi həm də yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər yetişdirməkdir. Unutmayın ki, Azərbaycanın gələcəyi sizə etibar olunacaqdır. Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz”.
Filosofların “əsl bilik yalnız təcrübə və əmək nəticəsində faydalı ola bilər” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Nəzəri fəaliyyət o vaxt real məzmun kəsb edir ki, onun nəticələri təcrübə ilə möhkəmlənsin. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda ali təhsilin təcrübə sahələrinə yaxınlaşması, tələbələrin praktik vərdişlərini artırmaları üçün hər cür şərait yaradılmışdır. Çalışın ki, yaradılanlardan lazımınca bəhrələnə biləsiniz. Alınan bilikləri təcrübədə doğrultmaq, əmək sərf edərək əsl mütəxəssis kimi yetişmək sizin əsas borcunuzdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır”.
Ali Məclisin Sədri ali məktəblərə qəbul olan bütün tələbə-gənclərə ulu öndər Heydər Əliyevin nümunəsində Azərbaycanımızı sevməyi, Azərbaycan naminə çalışmağı və fədakarlıq göstərməyi arzulamışdır.
Valideynlər adından çıxış edən Pərnisə Əliyeva qeyd etmişdir ki, muxtar respublikamızda təhsilə hərtərəfli qayğı göstərilir. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər sağlam milli ruhda böyüyürlər. Müasir standartlara cavab verən, pulsuz dərslik, kompüter və elektron lövhələrlə təmin olunan məktəblər şagirdlərin rahat və keyfiyyətli təhsil almasına imkan verir. Artıq muxtar respublikamızda yüksək bal toplayanların sayı ilbəil artmaqdadır. Mənim övladım da 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olmuşdur. Hər il yüksək bal toplayaraq tələbə adını qazananlarla görüşlərin keçirilməsi, onlara qayğı göstərilməsi valideynləri daha çox sevindirir. Pərnisə Əliyeva gənc nəslin inkişafına göstərilən qayğıya görə valideynlər adından minnətdarlığını bildirmişdir.
Heydər Əliyev adına tam orta məktəbin məzunu, üçüncü ixtisas qrupu üzrə keçirilən imtahanlarda 687 bal toplayan Fatma İsmayılova çıxışında bildirmişdir ki, muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi şagirdləri yaxşı oxumağa daha da həvəsləndirir. Təhsil quruculuğu sahəsində aparılan islahatlar gənclərin savadlı, dünyagörüşlü və fiziki cəhətdən sağlam şəxsiyyət kimi yetişməsinə imkan verir. Fatma İsmayılova Ali Məclisin Sədri ilə keçirilən görüşün qurucu şəxsiyyətlə, liderlə keçirilən görüş olduğunu qeyd etmiş, tələbə-gənclərin hərtərəfli inkişafına göstərilən qayğıkeş münasibətə görə bütün tələbələr adından minnətdarlığını bildirmiş, bundan sonra da yaxşı oxumaqla göstərilən etimadı doğruldacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev muxtar respublikada təhsilə göstərilən qayğının yüksək səviyyədə olduğunu bildirərək demişdir ki, son 15 ildə 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Naxçıvan şəhərində 11 və 16 nömrəli, Şərur rayonunda Xanlıqlar, Sərxanlı, Şahbulaq, Dəmirçi, Babək rayonunda Cəhri kənd 1 nömrəli, Ordubad rayonunda Sabirkənd, Ələhi, Nəsirvaz, Xurs, Culfa rayonunda Teyvaz, Kırna, Şahbuz rayonunda Kükü, Qızıl Qışlaq, Kəngərli rayonunda Xok, Sədərək rayonunda Sədərək kənd 1 nömrəli tam orta məktəbləri üçün binaların tikintisi və yenidən qurulması, Babək rayonunda Çeşməbasar, Ordubad rayonunda Nürgüt, Bist, Culfa rayonunda Şurud, Ərəfsə, Şahbuz rayonunda Sələsüz kənd tam orta məktəblərində əsaslı təmir işləri davam etdirilir.
Qeyd olunmuşdur ki, son 8 ildə muxtar respublikanın təhsil müəssisələrinə 1 milyon 611 min 750 nüsxə dərslik, 620 min 117 nüsxə bədii ədəbiyyat, 16 min 720 ədəd xəritə, müxtəlif fənlərə dair 86 min 750 ədəd plakat, şahmatın tədrisi üçün 325, ayrı-ayrı fənlərin tədrisi üçün isə 2 min 140 ədəd elektron tədris vəsaiti verilmişdir. Tədrisin keyfiyyətinin yüksəldilməsi muxtar respublikada ali məktəblərə qəbulun səviyyəsini ilbəil artırmışdır. Cari ildə ümumtəhsil məktəblərini 4186 məzun bitirmiş, onların 3238-i ali məktəblərə sənəd vermişdir. Məzunlar arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 129 nəfər olmuşdur. Muxtar respublikamızda hərbi təhsilə maraq xeyli artmış, ümumtəhsil məktəblərindən 995 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd vermişdir. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1676 nəfəri tələbə adını qazanmışdır. Ümumilikdə, son 9 ildə tam orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 11 min 618 nəfəri ali məktəblərə qəbul olmuş, onlardan 1988-i 500-700 intervalında bal toplamışdır.
Nazir demişdir ki, yaradılan şəraitin nəticəsində abituriyentlərimiz ixtisas seçimi zamanı muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük verirlər. 2013-cü ildə 1079 nəfər muxtar respublikamızda yerləşən ali təhsil müəssisələrini seçmiş, abituriyentlərdən 692 nəfəri Naxçıvan Dövlət Universitetinə, 220 nəfəri Naxçıvan Müəllimlər İnstitutuna, 167 nəfəri isə Naxçıvan Özəl Universitetinə daxil olmuşdur.
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həyat yolu” kitabı və pul mükafatı təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti