Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Naxçıvan Alayında döyüş texnikalarına baxmış, xidmətin təşkili ilə maraqlanmışlar.
Bildirilmişdir ki, peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və ictimai sabitliyin qorunması alayın qarşısında duran əsas vəzifələrdir. Bu gün alayın müasir texnika, silah-sursat və avadanlıqla təchiz olunması istiqamətində mühüm işlər görülür. Ötən dövr ərzində Daxili Qoşunların Naxçıvan Alayına yeni artilleriya qurğuları və xüsusi təyinatlı xidməti avtomobillər verilmiş, hərbi hissənin maddi-texniki bazası xeyli gücləndirilmişdir.
Müasir texnika və avadanlıqlar daxili intizam tədbirlərinin həyata keçirilməsində, ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Bununla yanaşı, alayda digər döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün də hər cür şərait vardır. Müasir artilleriya qurğuları və döyüş texnikaları düşmənin canlı qüvvəsinin, zirehli texnikasının və mühəndis-istehkam qurğularının məhv edilməsinə hesablanmışdır.
Sonra Daxili Qoşunların Naxçıvan Alayında yeni qurulmuş ayrı-ayrı xidməti anbarlara baxış olmuşdur.
Şəxsi heyətin gündəlik təchizatı ilə tanışlıq zamanı bildirilmişdir ki, Daxili Qoşunların Naxçıvan Alayında xidməti vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmış, son illər hərbi hissədə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülmüşdür. Hazırda şəxsi heyətin geyimi, qidalanması, texniki təchizatı yüksək səviyyədədir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti