05 Yanvar 2025, Bazar

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Daxili Qoşunların Naxçıvan Alayını da əhatə etmiş, hərbi hissə nümunəvi bir şəhərciyə çevrilmişdir. Alayda aparılan quruculuq işləri zamanı hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb, yeni yaşayış binaları inşa olunub.
Avqustun 17-də Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün inşa olunan yeni yaşayış binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport vermişdir.

Tədbirdə çıxış edən daxili işlər naziri Əhməd Əhmədov demişdir ki, muxtar respublikamızda daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyət üçün normal iş şəraitinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Daxili Qoşunların Naxçıvan Alayı da yarandığı dövrdən etibarən diqqət və qayğı ilə əhatə olunmuşdur. Alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz olunmuş, döyüş hazırlığı yüksəldilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində alayın şəxsi heyəti 2010 və 2011-ci illərdə xidməti döyüş fəaliyyətində birinci yerə layiq görülmüşdür. Əhməd Əhmədov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından minnətdarlığını bildirmişdir. 
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyənləşdirdiyi tədbirlər uğurla həyata keçirilir. Cəmiyyətin və dövlətin mənafeyinin qorunmasında, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan daxili qoşunların əsgər və zabitləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Qarşıya qoyulan xidməti vəzifələrini şərəflə yerinə yetirən daxili qoşunların şəxsi heyəti Azərbaycanın milli mənafelərinin keşiyində ayıq-sayıq dayanmışdır.
Daxili işlər naziri Ramil Usubov muxtar respublikanın sürətlə inkişaf etdiyini bildirmiş, Daxili Qoşunların Naxçıvan Alayının da hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Nazir demişdir ki, alayda xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir. Hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onların sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Ramil Usubov yeni mənzillərin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Daxili Qoşunların Naxçıvan Alayının zabitləri üçün yeni xidməti mənzillərin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə alayın şəxsi heyətini təbrik edərək demişdir: “Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə yanaşı, daxili intizam qüvvələrinin yaradılmasına da ciddi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, daxili qoşunların fəaliyyəti təmin edilmişdir. Bu qoşunlara həvalə olunmuş vəzifələrin icrası qaydası “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Daxili qoşun­lar onlara həvalə olunmuş vəzi­fələri yerinə yetirməklə şəxsiyyətin, cəmiy­yətin və dövlətin mənafeyini, vətəndaş­ların Kons­titusi­ya hüquqlarını və azadlıqları­nı cinayətkar və digər hüquqazidd qəsdlərdən qoruyur. Ona görə də ölkəmizdə daxili qoşunların fəaliyyəti diqqət mərkəzində saxlanılır, şəxsi heyət üçün nümunəvi xidmət və yaşayış şəraiti yaradılır”.
Ali Məclisin Sədri demişdir: “Bu gün Azərbaycanda sabitlik var. Ölkəmiz sürətlə inkişaf edir, tərəqqiyə qovuşur, insanların rifah halı yaxşılaşır. Bütün bunlar ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur”. Qeyd olunmuşdur ki, bu gün ölkəmizdə daxili qoşunların hərbi hissələrində yüksək xidmət şəraiti yaradılır, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Daxili Qoşunların Naxçıvan Alayında xidmət keçən hərbi qulluqçular da yüksək əməkhaqqı və normal iş şəraiti ilə təmin olunmuşlar. Bu gün isə onlara yeni mənzillər verilir. Bu da Daxili Qoşunların Naxçıvan Alayında xidmət edən zabit-gizirlərin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına imkan verəcəkdir.
“Daxili Qoşunların Naxçıvan Alayında xidmət keçən zabit və gizirlər göstərilən dövlət qayğısına öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə cavab verməlidirlər”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, daxili qoşunlar ölkəmizdə, eləcə də muxtar respublikamızda daxili intizam tədbirlərini yerinə yetirməklə yanaşı, lazım gələrsə, ərazi bütövlüyümüzün qorunmasında da yaxından iştirak etməlidirlər. Bunun üçün hərtərəfli şərait yaradılmış, hərbi hissələr lazımi avadanlıqlar, silah-sursat və döyüş texnikaları ilə təmin edilmişdir. Hər bir əsgər və zabit öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər.
Ali Məclisin Sədri Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyətinə qarşıya qoyulan bu vəzifələrin yerinə yetirilməsində, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və qorunmasında uğurlar arzulamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mənzillərin orderlərini və açarlarını təqdim etmişlər.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 60 mənzilli yaşayış binası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Binada mərkəzi isitmə və havalandırma sistemləri quraşdırılmış, lazımi kommunikasiya xətləri çəkilmişdir. Mənzillərə məişət əşyaları qoyulmuş, hərtərəfli kommunal şərait yaradılmışdır.
Daxili Qoşunların Naxçıvan Alayının zabiti, baş leytenant Abbas Bağırov yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.
Binada zabitlərin və onların ailələrinin gündəlik məişət tələbatının ödənilməsi də nəzərə alınmışdır. Zirzəmidə sənaye və ərzaq malları mağazası, bufet, camaşırxana, qadın gözəllik salonu, bərbərxana, dərzi və əşya anbarı istifadəyə verilmişdir. Həmçinin burada gənc zabitlər üçün də 66 yerlik 13 yataq otağı vardır.
Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə tam təchiz olunmuş, həyətdə abadlaşdırma və yaşıllaşdırma işləri görülmüş, uşaq əyləncə qurğuları qoyulmuş, istirahət köşkü yaradılmışdır. Ərazidə əlavə olaraq 5 mərtəbəli yaşayış binası da inşa olunmuş, 2 mərtəbəli yaşayış binasında isə yenidənqurma işləri aparılmış, binaya bir mərtəbə artırılmışdır. Hazırda binalarda son tamamlama işləri görülür.
Ali Məclisin Sədri binalarda son tamamlama işlərinin keyfiyyətlə aparılması və ərazidəki 4 mərtəbəli yaşayış binasının yenidən qurulması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR