Avqustun 15-də Qəbələdəki Prezident İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının əhəmiyyətindən danışıldı. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirildi.
Prezident İlham Əliyev və Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Avqustun 15-də Qəbələdəki Prezident İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur.
* * *
Avqustun 15-də Qəbələdəki Mədəniyyət Sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısı çərçivəsində konsert təşkil edilmişdir.
AzərTAc