Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işləri zamanı milli memarlıq üslubunun qorunub saxlanılması, müasir obyektlərin tikilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhərində yeni Saat Meydanı və park qurulmuşdur.
Avqustun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Saat Meydanına və parka baxmışdır.
Şəhər sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir: “İnsan amilinə göstərilən yüksək qayğı bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətini təşkil edir. Muxtar respublikada müasir binaların, sosial obyektlərin, istehsal sahələrinin yaradılması ilə yanaşı, insanların istirahətinin mənalı təşkili də diqqət mərkəzindədir. Sakinlərin rahatlığı üçün ardıcıl tədbirlər görülür, müasir standartlara uyğun istirahət infrastrukturu yaradılır”.
Ali Məclisin Sədri insanların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, sakinlərə yeni parkda xoş istirahət arzulamışdır.
Muxtar respublikamızın sürətlə inkişaf etdiyini qeyd edən şəhər sakinləri Lətif Əsgərov və Tünzalə Qurbanova aparılan genişmiqyaslı quruculuq işlərinin, ilk növbədə, insanların rifah halının yüksəldilməsinə, əhalinin rahatlığının təmin olunmasına xidmət etdiyini bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Sonra Ali Məclisin Sədri Saat Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ümumi sahəsi 8 min kvadratmetr olan meydanda yeni saat qülləsi inşa edilmiş, istirahət parkı salınmışdır. Saat qülləsinin hündürlüyü 21 metrdir. İki hissədən ibarət olan tikilidə ictimai-iaşə xidmətinin göstərilməsi üçün yer ayrılmışdır. Ətrafda abadlıq işləri görülmüş, müasir park salınmış, dekorativ ağac, kol və müxtəlif gül növləri əkilmiş, avtomatik suvarma sistemi quraşdırılmışdır. İstirahət parkında müasir üslubda hazırlanmış kiçik memarlıq elementlərindən istifadə olunmuş, oturacaqlar qoyulmuş, işıqlandırma sistemi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti