Avqustun 15-də Naxçıvan şəhərindəki 3 nömrəli Uşaq Musiqi Məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, muxtar respublikada mədəniyyət obyektlərinin inşası, onların maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan şəhərini də əhatə etmişdir. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində son illər Naxçıvan şəhərində 4 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi üçün yeni bina tikilmişdir.
Məktəbin direktoru Günay Əliyeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışaraq istedadlı gənclər yetişdirəcəklərini qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Bu gün ölkəmiz sürətlə inkişaf edir, tərəqqiyə qovuşur. Həyata keçirilən tədbirlər sayəsində bütün sahələrdə uğurlu nəticələr qazanılır. Ölkəmizdə xüsusi diqqət yetirilən sahələrdən biri də məktəb işidir. Ümumtəhsil məktəblərinin, məktəbdənkənar, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması, maddi-texniki bazalarının gücləndirilməsi istedadlı gənclərin yetişdirilməsinə imkan verir”.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladaraq demişdir: “Muxtar respublikamızda da gənclərin inkişafına, onların hərtərəfli təhsil almasına, müxtəlif peşələrə yiyələnməsinə xüsusi diqqət yetirilir. Bu gün muxtar respublikada fəaliyyət göstərən orta və orta ixtisas təhsil müəssisələrində, ali məktəblərdə, məktəbdənkənar müəsisələrdə lazımi tədris şəraiti yaradılmış və gənclərin müxtəlif peşələrə yiyələnməsi diqqət mərkəzində saxlanılır. Çünki gənclərin öz istedad və maraqlarına uyğun peşələri seçməsi, bu sahədə ixtisaslı kadr kimi yetişməsi ölkənin inkişafında vacib şərtdir. Bu mənada ölkəmizdə, eləcə də muxtar respublikamızda musiqi sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Musiqi məktəbləri üçün yeni binalar tikilir, orta ixtisas musiqi məktəblərinin fəaliyyəti gücləndirilir. Musiqi sahəsinə marağı olan gənclər bu məktəblərdə öz təhsillərini uğurla davam etdirirlər”.
Ali Məclisin Sədri demişdir: “3 nömrəli Uşaq Musiqi Məktəbi əvvəllər Naxçıvan Musiqi Kollecinin binasında yerləşirdi. Sosial-iqtisadi inkişaf, quruculuq işləri 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün də yeni binanın tikilməsinə şərait yaratdı. Bu gün kollektivin istifadəsinə 400 yerlik yeni məktəb binası verilir. Məktəbdə şagirdlər 3 şöbədə 10 ixtisas üzrə təhsil alacaqlar. Binada gələcək perspektiv nəzərə alınmış, uşaqların musiqinin sirlərinə yiyələnmələri üçün lazımi şərait yaradılmışdır. Bütün bunlar şagirdlərin rahat təhsil almasına, tədris prosesinin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir”.
“Uşaq musiqi məktəbləri Azərbaycan milli musiqisinin, folklor nümunələrinin və dünya xalqları musiqisinin öyrədilməsində, gələcək nəsillərə ötürülməsində və yaşadılmasında əvəzsiz rola malikdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikanın musiqi məktəblərində təhsil alan gənclər gələcəkdə ölkəmizdə, eləcə də xaricdə müxtəlif musiqi ixtisasları üzrə təhsillərini davam etdirəcəklər. Ona görə də məktəblərdə milli musiqi ilə yanaşı, dünya musiqisi də hərtərəfli tədris olunmalıdır.
Musiqiçi kadrların hazırlanması sahəsində məktəbin nailiyyətlərinin uğurlu olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkür etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada 37 sinif otağı, müəllimlər, direktor və iş otaqları, kitabxana, arxiv və tədbirlər zalı vardır. Sinif otaqlarında şagirdlərin nəzəri biliklərinin və praktik vərdişlərinin artırılması üçün lazımi şərait yaradılmışdır. Məktəbdə Xalq çalğı alətləri, Fortepiano və Nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, qanun, saz və fleyta ixtisasları üzrə musiqiçi kadrlar hazırlanır.
Məktəbin kitabxana fondunda 250 ədəd tədris vəsaiti və musiqi ədəbiyyatı vardır. Gələcəkdə fondun daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Müasir inventar və avadanlıqlarla təchiz edilmiş məktəbdə şagirdlər seçdikləri ixtisas üzrə zəruri musiqi alətləri və tədris vəsaitləri ilə təmin olunmuşlar. Yeni tədris ili üçün məktəbə 2 tar, 2 kamança, 2 qarmon, saz, nağara, qanun, fleyta, klarnet, 3 skripka və 9 fortepiano alınmışdır. Maddi-texniki bazanın gücləndirilməsi tədrisin yüksək səviyyədə təşkilinə, şagirdlərin müxtəlif musiqi ixtisasları üzrə hərtərəfli hazırlanmasına imkan verəcəkdir.
Baxış zamanı qeyd olunmuşdur ki, musiqi məktəblərində şagirdlərə Azərbaycan xalq və klassik, eləcə də dünya musiqisinin ən gözəl nümunələri öyrədilir, onların istedadının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda 3 nömrəli Uşaq Musiqi Məktəbində 239 şagirdin təhsili ilə 55 müəllim məşğul olur. Son iki ildə məktəbin şagirdlərindən 18-i Naxçıvan Musiqi Kollecinə, 1-i Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuşdur. İki şagird isə fortepiano ixtisası üzrə təhsilini Bakı şəhərindəki 11 illik musiqi məktəbində davam etdirir.
Konsert zalında məktəbin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilmişdir.
Məktəbin kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir ki, musiqi məktəbində yaradılan şərait dərslərin yüksək səviyyədə tədrisinə, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Müəllim və şagirdlər yaradılan şəraitdən səmərəli istifadə etməli, ixtisaslı musiqiçi kadrlar hazırlanmalıdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Binanın həyətində də geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti