05 Yanvar 2025, Bazar

Muxtar respublikanın sürətlə inkişaf edən rayonlarından biri də Şərurdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun inkişafını yüksək qiymətləndirərək demişdir: “Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır, sosial infrastrukturun yaradılması sürətlə gedir”.
Bu gün rayonun sosial-iqtisadi mənzərəsi əsaslı şəkildə dəyişilmiş, əhalinin həyat səviyyəsi və rifah halı yaxşılaşmış, kəndlər abadlaşdırılmışdır. Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar, aparılan kompleks quruculuq işləri Şərur rayonunda da prioritet sahəyə çevrilmişdir. Bu işlər cari ildə də uğurla davam etdirilir. Hazırda rayonun 4 kəndində kompleks quruculuq işləri aparılır.
Avqustun 12-də Şərur rayonunun Gümüşlü kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kənd mərkəzində əhaliyə nümunəvi xidmət göstəriləcək

Muxtar respublikanın kənd yaşayış məntəqələrində idarəetmənin səmərəli təşkilinə və sakinlərin problemlərinin vaxtlı-vaxtında həllinə hərtərəfli şərait yaradılır, yeni kənd mərkəzləri tikilir. Son 10 ildə muxtar respublikada 82 kənd mərkəzi istifadəyə verilmişdir.
Avqustun 12-də Gümüşlü Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Məmmədov demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri kənd yaşayış məntəqələrini də əhatə etmişdir. Gümüşlü kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Bu gün kənddə insanların bütün problemləri vaxtlı-vaxtında həll olunur. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu ilə davamlı təmin olunmuşdur. Bütün bunlar kəndin sosial-iqtisadi inkişafına, sakinlərin maddi-rifah halının yaxşılaşmasına mühüm töhfədir. Rafiq Məmmədov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan quruculuq işləri nəticəsində Gümüşlü kəndinin muxtar respublikanın abadlaşan müasir kənd­ləri sırasına daxil olduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik etmiş, idarəetmə strukturlarında çalışanlara işlərində uğurlar arzulayaraq demişdir: “Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, tikinti-quruculuq işləri aparılır, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Aparılan quruculuq işləri kənd yaşayış məntəqələrini də əhatə edir. Kəndlərdə yeni məktəb binaları və sosial obyektlər tikilir, yollar çəkilir, mənzillər telefonlaşdırılır, yaşayış məntəqələri fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunur. Bununla yanaşı, kəndlərdə kiçik layihələrin həyata keçirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlər verilir, torpaqlardan səmərəli istifadə olunması və yeni istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılır. Həyata keçirilən bu tədbirlər kənd yaşayış məntəqələrinin inkişafına, insanların rifah halının yaxşılaşmasına və məskunlaşmaya səbəb olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Şərur rayonunun Gümüşlü kəndi muxtar respublikanın inkişaf edən yaşayış məntəqələrindəndir. 2005-ci ildə kənddə Gümüşlü və Şahbulaq kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə yaradılmış, idarəetmə strukturlarının fəaliyyəti təmin edilmişdir. Son illər kənddə yeni məktəb binası istifadəyə verilmiş, müasir yol çəkilmiş, kəndin ərazisində yerləşən Arpaçay Su Anbarı əsaslı təmir olunmuş, yeni su elektrik stansiyası tikilmişdir. Bu il isə kənddə idarəetmə orqanları üçün müasir iş şəraiti yaradılmış, yeni kənd və xidmət mərkəzləri tikilmiş, Sovetlər Birliyi dövründə inşa olunan yaşayış binaları təmir edilmişdir. Kəndə fiber-optik kabel çəkilmiş, avtomat telefon stansiyası və poçt bölməsi yaradılmış, sakinlər keyfiyyətli internet və rabitə xidməti ilə təmin olunmuşdur. Həmçinin kənd mərkəzində digər dövlət qurumları üçün də iş otaqları və kitabxana istifadəyə verilmişdir”.

Ali Məclisin Sədri demişdir: “Kənddə təsərrüfat sahələrinin inkişafı üçün hərtərəfli şərait vardır. Ona görə də torpaqlardan səmərəli istifadə olunmalı, maldarlıq, heyvandarlıq və arıçılıq inkişaf etdirilməlidir. İdarəetmə strukturları kiçik fermer təsərrüfatlarının yaradılmasına diqqəti artırmalı, kəndin inkişafı üçün səylə çalışmalı, qurulanlar və yaradılanlar qorunmalı, insanların məskunlaşması təmin edilməlidir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi, rabitə evi, Gümüşlü və Şahbulaq kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri, eləcə də kitabxana yerləşir. Kənd kitabxanası yeni yaradılmışdır. Hazırda kitabxananın fondunda 5000 kitab vardır. Onlardan 800-ü latın, 4200-ü isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır.
Rabitə evində 160 nömrəlik elektron ATS quraşdırılmış, poçt bölməsində internet və danışıq kartlarının satışı təşkil edilmişdir. Burada əhaliyə bank xidmətlərinin göstərilməsi də nəzərə alınmış, kompüter qoyulmuşdur.
Feldşer-mama məntəqəsi kənddə səhiyyə işinin nümunəvi təşkilində mühüm rol oynayacaqdır. Məntəqə üçün 3 iş otağı ayrılmış, dərman vasitələri və peyvənd çantaları qoyulmuşdur. Baxış zamanı Ali Məclisin Sədri kənddə peyvənd işinin və hamilə qadınlara patronaj xidmətinin təşkili barədə müvafiq tapşırıqlar vermişdir.
Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və mədəniyyət evi üçün müasir iş otaqları yaradılmış, 50 nəfərlik iclas zalı istifadəyə verilmişdir. Yeni Azərbaycan Partiyası Gümüşlü kənd ərazi ilk təşkilatının 76 nəfər üzvü vardır. Onlardan 54-ü gənclər, 21-i isə qadınlardır.
Binanın həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.

Gümüşlü kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Muxtar respublikanın şəhər və rayon mərkəzlərində olduğu kimi, kəndlərdə də müasir xidmət sahələrinin yaradılmasına xüsusi diqqət yetirilir, yeni xidmət mərkəzləri tikilərək istifadəyə verilir. Funksional imkanlara malik olan bu sosial obyektlər sakinlərin rahatlığına xidmət edir.
Avqustun 12-də Gümüşlü kəndində yeni xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, xidmət mərkəzində ərzaq və təsərrüfat malları mağazaları, bərbərxana, qadın gözəllik salonu və ət satışı yeri fəaliyyət göstərəcəkdir. Mağazalarda yerli məhsulların satışına daha çox üstünlük veriləcək, əhalinin gündəlik istehlak mallarına olan tələbatı ödəniləcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Kənd sakini Valeh Abdullayev ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd etmiş, Gümüşlü kəndində əhalinin rahatlığı üçün yaradılan yüksək şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri kəndlərin inkişafının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, yaradılan müasir infrastruktur, istifadəyə verilən yeni sosial obyektlər və xidmət sahələri kəndlə şəhər arasındakı fərqi aradan qaldırmışdır. Gümüşlü kəndinin sosial-iqtisadi inkişafı da sakinlərin rahat yaşayışı baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də hər bir sakin tikilənləri qorumalı, ondan səmərəli istifadə etməlidir.

Gümüşlü kəndindəki yaşayış binaları yenidən qurulmuşdur

Gümüşlü kəndindəki iki və üçmərtəbəli yaşayış binalarında təmir işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binalarına baxmışdır.
Bildirilmişdir ki, 2 mərtəbəli yaşayış binası 8 mənzilli, 3 mərtəbəli yaşayış binası isə 10 mənzillidir. Təmir işlərindən sonra yaşayış binalarında hər bir mənzil üçün lazımi kommunal-məişət şərait yaradılmışdır.
Gümüşlü kəndində bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 25 ədəd yeni rabitə dirəyi basdırılmış, 1500 metr fiber-optik kabel çəkilmiş, 3000 metrdən artıq elektrik xətti və 26 ədəd elektrik dirəyi yenilənmiş, yeni tikililərə 130 metr uzunluğunda qaz xətti çəkilmiş, 500 metr uzunluğunda müxtəlifdiametrli qaz xətlərinin yeri dəyişdirilmişdir. Həmçinin kənddə 8 kilometr uzunluğunda arx və kanallar təmizlənmiş, yeni salınmış bağların suvarılması üçün 2000 metr uzunluğunda su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR