Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür... Neft-qaz tükənən sərvətdir. Ancaq təbiət, ətraf mühit daimi sərvətdir”.
Bu gün Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Keçirilən iməciliklər zamanı yeni yaşıllıq zolaqları salınır, əkilən hər bir ağaca vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilir. Təkcə 2013-cü ilin birinci yarısında muxtar respublikada 230 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.
Avqustun 3-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında salınmış 8 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər zamanı ərazidə 5 mindən artıq meyvə tingləri əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur. İməcilik iştirakçıları ağaclara aqrotexniki quluq göstərmiş, suvarma işləri aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti