Naxçıvan Muxtar Respublikasında poçt vasitəsilə kommunal xidmət haqlarının yığılmasını və bank-maliyyə xidmətlərinin göstərilməsini təmin etmək məqsədilə poçt məntəqələrində kompüter avadanlıqları quraşdırılmış, əməliyyatların emalı və idarə edilməsi üçün məlumat hesablama mərkəzi yaradılmış, kommunal xidmət təşkilatlarının abunəçi bazalarının, əməliyyat sisteminin və işçi proqramların yerləşdirilməsi başa çatdırılmışdır.
Poçt xidmətlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsini, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə idarələrinin mövcud ştat vahidləri hesabına həmin Nazirliyin yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini və ştat strukturunu təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 30 iyul 2013-cü il